Azərbaycan millisi: Üç günə nə dəyişdi? – TƏHLİL

Futbol üzrə Azərbaycan millisi ötən həftə UEFA Millətlər Liqasında mübarizəyə başladı. İlk oyunda evdə Lüksemburq seçməsini qəbul edən yığma rəqibinə 1:2 hesabı ilə uduzdu. Düzdür, start uğursuz alınsa da, C Liqasının I qrupunda mübarizə aparan komanda ikinci sınağında Kipr səfərindən 3 xalla qayıtmağı bacardı.

Bakıdakı qarşılaşma millinin koronavirus pandemiyası dövründə təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyunu idi. Sonuncu dəfə 2019-cu il noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzan ölkənin 1 nömrəli seçməsi mövcud şəraitlə əlaqədar oyun keçirməmişdi. Üstəlik, yeni baş məşqçi amili və Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün yarımçıq dayandırılması, yeni çempionatın təzəcə start götürməsi, futbolçuların tam hazır olmamaları Lüksemburqla matçın asan keçməyəcəyindən xəbər verirdi.

Bu, eyni zamanda Canni De Byazinin millinin sükanı arxasında debüt oyunu idi. İtaliyalı mütəxəssisin özünün də dediyi kimi, yığma onun rəhbərliyi altında yoldaşlıq matçı belə, keçirməmişdi. Bütün bu hadisələrin fonunda Azərbaycan millisi sentyabrın 5-də Bakı Olimpiya Stadionunda lüksemburqluların qarşısına çıxdı. Lüksemburqun adı, “cırtdan” ölkə olması ilk baxışdan bizim üçün üstünlük kimi görünsə də, rəqibin son illər istər milli, istərsə də klub səviyyəsində inkişafı aşkar nəzərə çarpır.

İstəksiz futbolçular, De Byazinin yanlış seçimləri

Oyuna gəlincə, C.De Byazi millini Lüksemburq qarşısına 4-4-2 sxemi ilə çıxarmışdı. Qapıda Emil Balayevə şans verən baş məşqçi müdafiənin mərkəzini Bəhlul Mustafazadə ilə Bədavi Hüseynova, cinahlarını isə kapitan Maksim Medvedevlə Anton Krivotsyuka həvalə etmişdi. Yarımmüdafiə xəttində Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə və Namiq Ələsgərov yer almışdı. Sözügedən qarşılaşmada əsas qol ümidimiz isə Ramil Şeydayevlə Mahir Emreli idi.

Matça inamsız başlayan yığma 26-cı dəqiqədə meydanda azlıqda qaldı. Emreli lazımsız yerdə rəqibə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Bu, onsuz da zəif təsir bağışlayan millinin işini bir az da ağırlaşdırdı. Çətinliklə müdafiə olunan komanda 10 nəfərlə oynamasına baxmayaraq, 43-cü dəqiqədə Ramil Şeydayevin dəqiq baş zərbəsi ilə hesabı açmağı bacardı.

Fasiləyə üstün yollanan yığma üçün sərgilənən zəif oyunun qarşılığında bu, ideal hesab idi. Lakin ikinci yarı heç də arzuolunan kimi başlamadı. Əvvəlcə Anton Krivotsyuk topu öz qapısına göndərməklə hesabın bərabərləşməsinə səbəb oldu. Bundan sonra De Byazi oyunda ilk əvəzetməyə əl atdı. 64 yaşlı mütəxəssis meydanda elə də pis təsir bağışlamayan və yeganə qolun müəllifi olan Şeydayevin əvəzinə digər hücumçu Renat Dadaşovu oyuna buraxdı. Baş məşqçi ardınca qolda əsas pay sahibi olan Namiq Ələsgərovu Adil Nağıyevlə əvəzlədi. Müdafiə xəttini gücləndirməyə və nəticəni qorumağa hesablanmış dəyişiklik 72-ci dəqiqədə əks-nəticə verdi.

Bu, De Byazinin oyun ərzində taktiki baxımdan bəlkə də etdiyi ən kobud səhv idi. Beynəlxalq təcrübəsi elə də çox olmayan Nağıyevin adi epizodda cərimə meydançasında topa əllə toxunması penalti ilə nəticələndi ki, bu da sonda millini 1 xaldan etdi. İtaliyalı mütəxəssisin oyundakı son əvəzetməsi də birmənalı qarşılanmadı. Təmkin Xəlilzadəni klubsuz Araz Abdullayevlə əvəzləyən De Byazi 1 xala olan azacıq ümidi də bu yolla öldürdü. Digər tərəfdən, “Neftçi”nin kapitanı Emin Mahmudovun meydana çıxmaması da müəyyən suallar doğurur. Beləliklə, futbolçuların istəksizliyi və baş məşqçinin taktiki səhvləri sonda məğlubiyyətlə nəticələndi.

3 günə 180 dərəcə dəyişən milli

Turnirə uğursuz başlayan Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprlə qarşılaşacaqdı. Evdə “cırtdan” ölkəyə uduzan komandada əhval-ruhiyyə heç də yaxşı deyildi. Açığı, yığmanın çətin səfərdən xal və ya xallarla dönəcəyinə ümid çox az idi. De Byazinin start “11-liy”i də bunu deməyə əsas verirdi.

Meydana 5 müdafiəçi (Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk) və 2 müdafiəyəmeylli oyunçu (Qara Qarayev, Elvin Camalov) ilə çıxan yığmanın ilk baxışdan Nikosiyaya ən yaxşı halda 1 xal üçün getdiyi görünürdü. Amma oyunun start fiti bütün proqnozları alt-üst etdi.

Matça əla başlayan komanda özünü qonaq kimi aparmırdı. Bunun məntiqi nəticəsi kimi 29-cu dəqiqədə yaxşı təşkil olunmuş hücumu Maksim Medvedev baxımlı qolla tamamladı. Lüksemburqla matçdan fərqli, komanda bu dəfə daha istəkli və aqressiv təsir bağışlayırdı. Deyəsən, evdəki məğlubiyyətə görə tənqidlərdən ciddi nəticə çıxarmışdılar. Qoldan sonra da sürəti azaltmayan yığma bir neçə dəfə hesabı artırmağa yaxın olsa da, qeyri-dəqiqlik buna mane oldu.

Qarşılaşmada diqqət çəkən əsas məqamlardan biri də o idi ki, Kipr komandası ilk hissədə Azərbaycan millisinin qapısı qarşısında cəmi 1 dəfə təhlükəli epizod yarada bildi. Görünür, De Byazi budəfəki rəqibi daha yaxşı analiz etmişdi. Həm heyət seçimi, həm də oyun taktikası sonda özünü doğrultdu.

Yeri gəlmişkən, Kiprlə matç yığmaya Rəhim Sadıxov kimi oyunçu qazandırdı. Azərbaycan millisində debüt edən “Sumqayıt”ın pleymeykeri özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. Meydanda rahat hərəkətləri, dəqiq ötürmələri və özünəinamı ilə seçilən 24 yaşlı oyunçu böyük ehtimalla, millinin əvəzolunmazlarından olacaq.

Baş məşqçiyə vaxt vermək lazımdır

Hələlik sonuncu oyunun nəticəsi millinin getdikcə daha yaxşı çıxış edə biləcəyinə ümid verir. Amma bunun üçün ilk növbədə, heyət seçimi düzgün olmalı, De Byazi futbolçularla daha çox fərdi söhbətlər aparmalı, öz dili ilə desək, azərbaycanlı oyunçuların mentalitetini, yanaşma tərzini dəyişməlidir. Kipr zəfəri göstərdi ki, komanda istəyəndə yaxşı oyun göstərə bilir.

Düzdür, qələbədə rəqibin yeni kollektiv olması, oyunçularının bir-birinə tam uyğunlaşmamaları da rol oynadı. Amma istənilən halda, Azərbaycan yığmasının FIFA reytinqində özündən öndə olan komanda qarşısında səfərdə bu cür baxımlı və inamlı oyun göstərməsi alqışalayiqdir. Yuxarıda da qeyd etdiyimiz kimi, De Byazi yeni baş məşqçidir və ona vaxt vermək lazımdır.

Millətlər Liqasının oktyabrda Monteneqro ilə səfər və Kiprlə ev oyunları millinin real gücünü ortaya çıxaracaq. Çünki həmin vaxt həm futbolçular formada olacaqlar, həm də De Byazi oyunçuları daha yaxşı tanıyacaq və milliyə kimlərin layiq olduqlarını dəqiqləşdirə biləcək. Bir sözlə, heç bir bəhanəyə yer qalmayacaq.

Alət çubuğuna keç