Azərbaycan mədəniyyəti bu ağır sınaqdan da üzüağ çıxacaq – Sehranə Kasimi yazır

Sehranə KASİMİ
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Dünyada koronavirus adlı bir kabus dolaşmaqdadır. 2020-ci il başlayar-başlamaz, bu bəla qapını kəsdirdi.

Bütün dünya təlatümdə. Şərq və qərb, Avropa, Amerika, bütün ölkələr gözəgörünməz virusun əlində acizdir… Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də bu virusun təsir imkanlarını məhz pandemiya kimi müəyyən etdi və “SOS” siqnalı verdi. Antarktida istisna olmaqla bütün qitələr bu pandemiyanın cəngindədir. Dünya koronovirusla müharibə vəziyyətindədir. Düşmən isə koronavirus adlı virusdur. O, gözə görünmür, o mövcuddur, o hücumdadır. Koronavirus sərhədlər tanımır.

Yanvarın 11-də ilk çinlinin koronavirusdan ölümündən sonra, bu virisa yoluxanların sayı dünyada bir milyon yarımı ötmüş, vəfat edənlərin sayı isə yüz minlərlədir. Rəqəmlər hər an dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı həyəcan siqnalı verir, vurusun yayılma dinamikası isə durmadan artır…

Bəs görəsən müstəqil Azərbaycan Respublikasında bu pandemiya ilə əlaqədar hansı işlər görülür və bizi maraqlandıran sahə – mədəniyyət, incəsənət sahəsində nə kimi yeniliklər var…

Mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı rəsmi ictimaiyyətə müraciətində hazırkı dövrün reallığını və zəruri tələblərini vurğulamaqla yanaşı bildirdi ki, “bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində imzalanan sərəncamlarda, digər sahələrdə olduğu kimi, mədəniyyətin ayrı-ayrı sahələrində – musiqi sənəti, teatr, kino, təsviri sənət, muzey, kitabxana işi, mədəni irs, xalq yaradıcılığı və sairlə də bağlı mühüm layihələr həyata keçirilməkdədir”.

Bildiyimiz kimi, vəziyyətlə bağlı Operativ Qərargah yaradılmışdır. Xüsusi relim-karantin vəziyyətində olan Azərbaycan vətəndaşları “Evdə qal” tələbinə əməl etmək məcburiyyətindədirlər. Bu çətin günlərdə kiçikdən böyüyə hamı evdə oturmalı və həyat fəaliyyətlərini evdə davam etdirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimlə əlaqədar olaraq Mədəniyyət Nazirliyi silsilə layihələrə start verdi!

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimlə əlaqədar olaraq Mədəniyyət Nazirliyinin ilk layihələrindən biri “Yaradıcılığı öyrən – özünü kəşf et və bacarıqlarınla tanın”adlı yeni layihədir. Bu layihə You toobe, İnstaqram, Facebook social səhifələrində həyata keçirilir. Burada aşıq musiqisi, xalq yaradıcılığı, müxtəlif yaradıcı şəxslərin maarifləndirici çağırış çıxışları nümayiş etdirilir. Bu layihə gənclərin xüsusi marağına səbəb olmuşdur. Belə ki, məlum səbəblərə görə dərnək və kurslar dayandırılmış və gənclər, yeniyetmələr evdə vaxtlarını səmərəli keçirmək məqsədi ilə bacarıqlarını təkmilləşdirmək üçün bu layihəyə qoşulmuşlar.

Akademik Milli Dram Teatrı onlayn tamaşalara start vermişdir. Hər gün saat 12.00 və 19.00 da bu tamaşalar fb social şəbəkədə təqdim edilir. “Hamlet”, “Ah, Paris, Paris”, “Ölülər”, “Qarabağnamə” və s. tamaşalar nəinki Azərbaycanda, eləcə də ölkəmizdən kənarda – Türkiyə, Amerika, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə nümayiş etdirilir. Soydaşlarımız evdən çıxmadan bu tamaşaları seyr edə bilərlər. Aprel ayından etibarən Teatr 30 virtual tamaça nümayiş etdirəcəkdir. “Almaz”, “Cəhənnəm sakinləri”, “Müfəttiş”, “Özümüzü kəsən qılınc”, “Mənim ərim dəlidir”, “Generalın son əmri”, “Mesenat” və s. teatr tamaşalrı virtual olaraq yayımlanacaqdır.

Bundan əlavə, “Evdə qal, evdə yarat” təşəbbüsü start verilmişdir. Hər bir vətəndaş öz yaradıcılığını “Kreativ Azərbaycan” Fb səhifələrində yerləşdirə bilər. Virtual ünsiyyət mədəniyyətinin başqa təşəbbüsləri – “Yallı gedək” video-paylaşma, “Ölkəmizi tanıyaq”, “Vətənimizə virtual səyahət” və s. yeni layihələribu siyahıdadır. Soydaşlarımız bu çətin günlərdə evdən çıxmadan bu təşəbbüslərə qoşula bilər.

Digər layihələr – Muzey sahəsində olan layihələri nəzərinizə çatdırım. “Vitrual muzey”, “Muzey kolleksiyasının inciləri”, “Muzey hamı üçün”, “Bir eksponatın tarixi” və s. virtual layihərlə vətəndaşlarımız evdən çıxmadan muzey eksponatları ilə, müxtəlif sərgilər ilə tanış ola bilərlər.

Bütün bunlardan əlavə, Mərkəzi İncəsənət Məktəbi “Koronavirusla mübarizə aparaq” adlı onlayn sərgi keçirmişdir. Bu sərgidə 27 çagirdin 30 dan artıq əsəri nümayiş olunmuşdur.
Başqa bir layihə – “Bizi birləşdirən mədəniyyət” layihəsi isə Beynəlxalq Muğam Mərkəzində aprelin 1-də saat 19.00-da Muğam konserti ilə öz işinə start verdi.

2020-ci il aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirmişdir. Nazir bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirib. Əbülfəs Qarayev belə tədbirlərin daha da inkişaf etdirilərək gələcəkdə də davamlı həyata keçirilməsinin müasir dövrün tələbləri kimi dəyərləndirib. Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı göz önündədir. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb. Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi barədə müraciətlər səsləndirilib.

Azərbaycanda belə tədbirlərin keçirilməsi son dərəcə təqdirəlayiqdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellasının iştirakı və Xalq Artisti Gülbacı İmanovanın dirijorluğu ilə maraqlı video-fləşmob hazırlanıb. Fləşmob “Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin birgə “Bizi Birləşdirən Mədəniyyət” layihəsi çərçivəsində ərsəyə gəlib.

“Azərbaycan Respublikasının Dövlət Himni” “Mədəniyyət” kanalının efirində hər gün səhər (4 apreldən etibarən) nümayiş olunmağa başlamışdır.

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasına 9 apreldən etibarən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunmuşdur.Vətənpərvərlik ruhunda mahnı – seçim turundan ibarət müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək.

Müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə rəhbərlik edəcəkdir. Müsabiqədə “Qran-Pri”yə layiq görüləcək bəstənin müəllifinə 2 min manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1500, 1250 və 1000 manat məbləğində pul mükafatı verilməsi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Mədəniyyət” Kanalının birgə layihəsi əsasında “Bizi birləşdirən mədəniyyət” telelayihəsinin və həmin layihə əsasında musiqi dərslərinin keçirilməsinə start verildi. Musiqi dərsləri həftə içi beş gün saat 18.30-da yayımlanır. Muğam və milli musiqi, xalq musiqisi telelayihəsi isə hər gün axşam saat 19.00-da yayımlanır, belə ki, hər bir kəs evində oturaraq bu gözəl mugam layihələrini seyr edə bilər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu da ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi üçün 6 aprel 2020-ci il tarixindən etibarən maraqlı layihələrə start verdi.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihələr ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradır. Bu barədə yuxarıda məlumat verilmişdir. Belə ki, layihə çərçivəsində ilk virtual səyahət Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilmişdir. Bu səyahətlər respublikamızın ən nüfuzlu və incəsənət sahəsində aparıcı muzey olan Azərbaycan Milli İncəsənət Muzeyinə olmuşdur. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir eksponatlar nümayiş etdirilərək, onlar haqqında ətraflı məlumat verilir.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək bu layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət göstərir.
Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan “Bizi birləşdirən mədəniyyət” verilişi 8 aprel saat 17:45-də Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim etmişdir.

Qeyd edək ki, bu layihələr təkcə Azərbaycanda deyil, onun hüdudalrından kənarda da aparılır. Belə ki, Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınmışdır və bu layihədə Beynəlxalq Muğam Mərkəzi  yaxından iştirak edərək dəstək olmuşdur.

Digər təşəbbüslərdən biri də, Milli kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edildi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı oxucuları virtual səyahətə dəvət etdi. Bu virtual səyahət Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə idi. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında əhalinin sayına görə yarımadada Maştağadan sonra 2-ci böyük yaşayış məntəqəsi də məhz Buzovna olmuşdur.  Buzovna özünün qədim tarixi-memarlıq abidələri ilə də zəngindir. Bunlardan qədim qəbiristanlıq “Hun qəbiristanlığı”nı (e.ə.III əsrə), “Qara paltarlı piri”ni (1306-cı il), “Xəlifə Əli və Məhəmməd Mömin türbə”sini (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirlərini, Sahibəz-Zaman məscidini (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən məscidini (XIX əsr), məşhur Həzrət Əli qədəmgahını (Əli Ayağı), Mehdiqulubəyin evini (XIX əsr) qeyd etmək yerinə düşər.

“Kreativ Azərbaycan” portalının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə 21 martdan etibarən başlatdığı “Evdə qal – evdə yarat” təşəbbüsü uğurla davam edir. Bu günə qədər, portalın Facebook səhifəsində ölkəmizin regionları da daxil olmaqla 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulmuşlar. Sevindirici haldır ki, bir çox məşhurlar, sənət adamları, millət vəkilləri, həmçinin “Söz” ədəbi layihəsi də bu layihədə iştirak etmişdir. Əlavə olaraq, portalın İnstagram səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olmuşdur.

Koronavirusun (COVID-19) dünyada yayılması bütün sahələrə öz təsirini göstərir.Bir sıra biznes nümayəndələri, fərdi sahibkarlar öz gəlirlərini itirməkdədir. Bu itkilər həmçinin yaradıcı sənayelər sahəsində fəaliyyət göstərən rəssamlar, sənətkarlar, yazıçılara təsir göstərmiş, onların bir çoxu üçün çətin maddi vəziyyət yaratmışdır.

Ölkəmizdə virusla bağlı çətinliklərin qarşısının alınması, insanların rifahının yaxşılaşdırılması üçün Hökumət və ayrı-ayrı təşkilatlar tərəfindən bir sıra addımlar atılır. Həmçinin fərdi şəkildə də xeyriyyə təşəbbüsləri mütəmadi olaraq baş tutur.

“Kreativ Azərbaycan” portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə “Sənətə dəstək ol” adlı daha digər xeyriyyə aksiyasına da start verdi..
Biz bu aksiya və layihələrin müəyyən bir hissəsini nəzərinizə çatdırdıq. Beləliklə, əminliklə vurğulaya bilərik ki, Azərbaycan dövləti öz xalqının keşiyindədir. Gördüyümüz kimi, Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bu gün də inkişafdadır. Hər bir azərbaycanlı “Evdə qal” şüarına riayət edir və birlik göstərərək cəsarətlə, əzmlə gözəgörünməz kabusu dəf etməyə və qələbə çalmağa hazırdır.

“Euronews” televiziya kanalı Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirib. Mərkəzin müxtəlif ölkələrin dövlət bayraqlarını əks etdirdiyi videoproyeksiyalar kanalın “Şərhsiz” bölümündə yayımlanıb. Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi “COVID-19″un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir…

Beləliklə, cəsarətlə deyə bilərik ki, Azərbaycan xalqının milli mədəni-mənəvi dəyərləri əmin əllərdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında görülən yüksək səviyyəli tədbirlər sayəsində xalqın sağlamlığı, onun rifahı qorunur, mədəniyyətimiz inkişaf edir. Yuxarıda xronologiyasını verdiyimiz layihələrdən başqa, daha onlarla layihə vətəndaşlarıa xidmət edir. “Evdə qal, musiqi dinlə”, “Evdə qal, idman et”, “Evdə qal, kitab oxu”, “Canlı kitab” kimi layihələr xalqın ixtiyarındadır. Bunu da xatırlatmaq yerinə düşərdi ki, bir neçə ölkə istisna olmaqla, başqa ölkələrin mədəniyyət, incəsənət sahələrində belə virtual layihələr təşkil edilməmişdir. Vətənimizlə, dövlətimizin rəhbəri ilə,onun ziyalı təbəqəsi ilə, xalqımız ilə fəxr edirik! İnanırıq ki, bu qara buludlar ölkəmizin, bütün dünyanın üzərindən tez bir zamanda yox olacaqdır və yenidən hər şey öz ahənginə qovuşacaqdır.

Alət çubuğuna keç