Avropa İttifaqı qaz alıb, əvəzində “demokratiya vermək” istəyir – TƏHLİL

Avropa İttifaqı Azərbaycanla tərəfdaşlıq haqqında, o cümlədən qaz alınması haqqında yeni saziş bağlamaq, habelə Dağlıq Qarabağ nizamlanmasında iştirak etmək istəyir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirak etdiyi Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Şurasının iclasında belə deyib. Borrel deyib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara riayət olunmasına əsaslanan yeni ambisiyalı və hərtərəfli saziş bağlamaq istəyir. Borrel bildirib ki, Aİ ATƏT-in Minsk Qrupu ilə sıx əməkdaşlıq şəraitində Dağlıq Qarabağda uzunmüddətli nizamlanmanı dəstəkləməyə və formalaşdırmağa hazırdır.

Məlumdur ki, TAP artıq açılış ərəfəsindədir. Bəs Avropa İttifaqı Qarabağ məsələsi ilə bağlı hansı töhfələri verə bilər? Avropa İttifaqı üzvü olan Fransa, Niderland və Belçika Qarabağla bağlı qərəzli qətnamələr çıxarırsa, hansı töhfədən söhbət gedir? Nəhayət, “Azərbaycanla demokratiya, insan hüquqları və fundamental azadlıqlara riayət olunmasına əsaslanan yeni ambisiyalı və hərtərəfli saziş” nə deməkdir, bu tezis necə oxunmalıdır? Yenə ixrac olunan demokratiyamı?

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər strateji xarakter kəsb edir: “Azərbaycan Avropa İttifaqının 9 dövləti ilə məhz bu istiqamətdə tərəfdaşlıq sənədləri imzalayıb. Avropa özü də yekcins deyil. Avropa İttifaqının Avropa Komissiyası və Avropa Parlamenti var. Bu iki tərəfin Azərbaycana münasibətdə fərqli davranışının biz dəfələrlə şahidi olmuşuq. Avropa Parlamenti tərəfindən bir çox hallarda Azərbaycana münasibətdə qərəzli davranış ortaya qoyulub. Azərbaycanın haqq işinin əleyhinə olan yanaşmalar diqqətdən yayınmayıb. Amma Avropa Komissiyası ilə bizim münasibətlərimiz yüksək səviyyədə olub. Avropa İttifaqının ali icra orqanı ilə Azərbaycanın münasibətləri dinamik inkişaf tempinə malikdir. Xüsusilə də enerji təhlükəsizliyi sahəsində Avropa Komissiyası ilə işlərimiz ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Avropa üçün enerji təhlükəsizliyi ilk növbədə enerji mənbələrinin şaxələndirilməsində öz əksini tapır. Azərbaycan üçün isə enerji təhlükəsizliyi ilk növbədə enerji xətlərinin, enerji marşrutlarının şaxələndirilməsində ifadə olunur. Yəni hər iki tərəf şaxələndirmə siyasətinə üstünlük verir. Bu baxımdan Avropa İttifaqı bizim ən yaxın iqtisadi, ticarət tərəfdaşlarımızdan biridir. Məsələyə bu kontekstdən yanaşdıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqı tərəfdaşlıq şurasının iclasında iştirakı və orada səslənən fikirlər də bir daha buna dəlalət edir. Eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin çıxışında da ikitərəfli münasibətlərin səviyyəsinə yüksək qiymət verildi. Ancaq burada onun bir neçə tezisi diqqətdən yayınmadı. Birincisi, məlum oldu ki, Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli saziş imzalamaq istəyir və bu sazişdə ilk növbədə demokratiya, insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələləri qabardır”.

Deputat hesab edir ki, bu yanaşma düzgün deyil. Onsuz da Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Azərbaycana kənardan demokratiya ixrac edilməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda demokratiya mövcuddur: “Azərbaycanın azad mətbuatı var, azad interneti mövcuddur, əhalinin 80 faizindən çoxu sosial şəbəkələrin istifadəçisidir, sərbəst toplaşma azadlığı var. Ona görə də fundamental azadlıqlar, insan haqları və demokratiyanı Azərbaycanın qarşısında prioritet məsələ kimi qoymaq, guya o sahədə bizim ciddi qüsurlarımızın olduğunu açıq və ya dolayı yolla ifadə etmək əsassızdır. Bunlar demokratiya pərdəsi altında təzyiq elementlərini özündə ifadə edir. Azərbaycana nəyisə öyrətmək, dərs keçmək lazım deyil. Azərbaycan onsuz da demokratik inkişaf yolunu seçib. O ki, qaldı bizim enerji sahəsində əməkdaşlıq məsələlərinə, qeyd etdiyim kimi, bu sahədə hər şey yüksək səviyyədədir. Yaxın zamanlarda artıq yəqin ki, TAP layihəsi tam işə düşəcək və qısa zaman ərzində Azərbaycan Avropa ölkələrinə 16 milyard kubmetr qaz satışını həyata keçirəcək ki, onun da 10 milyard kubmetri yalnız və yalnız Avropa İttifaqı dövlətləri üçün nəzərdə tutulub”.

A.Mirzəzadə qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də Avropa İttifaqı maraqlı olduğunu və bu sahədə ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə eləyib. Niyyətin özü nə qədər cəlbedici olsa da onu da qeyd edək ki, Avropa İttifaqı 30 il ərzində münaqişənin həlli ilə bağlı heç bir real ciddi mövqe ortaya qoymadı: “Ermənistanın işğalçılıq siyasətinə qarşı bir mexanizmlər işə salmadı, eyni zamanda hətta Avropa İttifaqının lokomotiv dövləti olan Fransa birmənalı şəkildə ATƏT-in Minsk Qrupunun həmsədri olsa da birmənalı olaraq işğalçı Ermənistanın yanında yer aldı, tərəfsiz olmaq əvəzinə işğalçını müdafiə etdi. Bütün bunlar təbii ki, hər kəsin bildiyi həqiqətdir. Eyni zamanda son günlərdə Niderland parlamentinin, Belçika parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr də bir daha onu göstərir ki, Avropa İttifaqı daxilində bu münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə münasibətdə tərəfkeş mövqeyi var. Təəssüf ki, sadaladığım ölkələrin parlamentariləri də bir çox hallarda ermənipərəst mövqedən çıxış edir və ölkələrinin deyil, daha çox erməni maraqlarına xidmət edirlər. Bütün bunlar hamısı bir həqiqətdir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və inkişafına sadiqdir, üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir. Biz Avropa İttifaqına bir yekcins model kimi baxmamalıyıq. Bu reallığı da diqqətdən qaçırmaq olmaz”.
“Yeni Müsavat”

Alət çubuğuna keç