ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər

ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha
öz simalarını göstərdilər
2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana
təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına
uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və
razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır.
Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının
Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884
saylı qətnamələrə istinad yer almamışdır.
TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə – İndoneziya, Niger,
Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin –
layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Lakin həm-sədr
ölkələr bunun qəbul edilməz olduğunu bildirmişlər.
Həm-sədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna
cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ
qətnamələrinə istinadın yer almasında təkid etmişlər.
Bundan sonra həm-sədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər.
Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həm-sədrlər
tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması,
danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız,
işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn.
Həm-sədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə
bilmirlər. TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.
TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmişdir. Hər üç həm-sədr ölkə
qətnamələrin lehinə səs vermişdir.
Bəs nəyə görə həm-sədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar? TŞ
qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Belə münasibət əslində özünün
səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir.
TŞ qətnamələrində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə
bağlı tələblər yer almışdı. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı
qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun
olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması
tələb edilirdi. TŞ qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır? Nəyə görə
işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur?
Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını
Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan
torpaqlarını ilhaq etmək xətti tutdu.
27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq
başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə
Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi.
Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk
Qrupunun həm-sədr ölkələridir. Baş verənlər Minsk Qrupunun həm-sədrlərinin
Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın surətdə izah edir.
Azərbaycan cəmiyyəti həm-sədrlərdən yorulub və bezib.
TŞ tamamilə mənasız bir quruma çevrilib. Dünyada TŞ qədər anti-demokratik bir qurum
yoxdur. TŞ daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri ancaq çirkin siyasi
konyuktura ilə məşğul olurlar.
Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin
daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi
Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə
keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?
QH ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə,
dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha
beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.
Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə
lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış
mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin
xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış
bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə
QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı
BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki,
dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə
bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.
Ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi Prezident İlham
Əliyevin növbəti diplomatik qələbəsidir.

Alət çubuğuna keç