Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” adlı konfrans keçirilib – FOTO 29.03.2021

Azərbaycan aşıq ədəbiyyatının klassiki Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” adlı virtual konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,  Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, eləcə də, ortaq türk qurumları – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə “Dədə Ələsgər Ocağı” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Türk Ədəbiyyatı Vəqfi,  Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU Quba filialı da qatılıb.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Millət vəkili sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı məruzə ilə çıxış edib: “Konfransımız “Göyçədən türk dünyasına” adlanır. Bu da təsadüfi deyil, aşıq azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında doğulub. Doğma kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin büst soydaşlarımız dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılıb. Aşıq Ələsgər irsini təbliğ etmək bu mənada rəmzi xarakter daşıyır”.
Sonra tədbirin moderatoru Əkbər Qoşalı ilk olaraq sözü Mədəniyyət naziri Anar Kərimova verib. Nazir Anar Kərimov xatırladıb ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılıb. Anar Kərimov tədbirin əlaqədar qurumların, o cümlədən ortaq türk qurumlarının təşkilatçılığı ilə keçirilməsini alqışlayıb.
Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxış edib. Bildirib ki, “aşıq yaradıcılığı mənimçün çox doğma mövzudur. Birinci vitse-prezidentimiz Mehriban xanımın təşəbbüsü ilə aşıq yaradıcılığının UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür”. Günay Əfəndiyeva yaxın günlərdə türk dünyasının böyük sənətkarlarına həsr olunan “Üç ozan bir arada” konfransının keçiriləcəyini də əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında deyib ki, “Aşıq Ələsgər bizim aşıq sənətimizin ən yüksək zirvəsidir. Onun tək aşıq sənətinə yox, bütün ədəbiyyatımıza təsiri var. Bu, onun poeziyasının əyaniliyindən irəli gəlir. Dövrünün çox konkret detallarına onun şeirlərində rast gəlinir. O, sadəcə bir söz ustası deyil, həm də bir səs ustasıdır”.
TÜRKSOY-un Baş katibi Prof.dr. Düsen Kaseinov və Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darhan Kıdırali çıxışlarında bildiriblər ki, Dədə Qorqud elə bir əsas qoyub ki, onun Aşıq Ələsgər kimi ardıcılları yetişib. Aşıq Ələsgərin doğulub boya-başa çatdığı yer etibarı ilə də doğma olmasını, türk-sufi ədəbiyyatını daha da zənginləşdirməsini xüsusilə vurğulayıblar.
Millət vəkili, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, “aşıq sənətinin XVI əsrdə Qurbanidən başlayıb XX əsrdə Aşıq Şəmşirə qədər davam edən zaman bölümündə Aşıq Ələsgər zirvə təşkil edir. O, türk dünyasında aşıq sənətini ən yüksək səviyyəyə qaldıran sənətkardır. Cənab Prezidentin bu Sərəncamı belə bir sənətkara dövlətin diqqət və qayğısını ifadə edir. O, ustad aşıq baxımından da digər ustad aşıqlardan fərqlənir, aşıq ədəbiyyatının nizamnaməsini yaradıb. Onun ustadnamələri həm də bir ustad dərsləridir. Bizim aşıqlar Aşıq Ələsgərin cızdığı sənət dairəsindən hələ də kənara çıxa bilməmişlər. Ən uzun ömürlü aşıq ədəbiyyatı məktəbinin yaradıcısıdır. Onun timsalında heca vəzni öz qanuni yerini tapmışdır. O, şair-aşıq-rəssamdır, şeirlərində adını çəkdiyi, gözəlləmələrində vəsf etdiyi, obrazını yaratdığı hər bir gözəlin şəklini çəkmək olar. Onun “Dağlar” qoşmasının hər misrası mükəmməl bir tablodur. “Düşdü” rədifli şeiri isə həm də bir novelladır”. Akademik həmçinin Ədəbiyyat İnstitutunda Prezidentin müvafiq Sərəncamına uyğun həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ədəbiyyat İnstitutunun Aşıqlar Birliyi ilə birlikdə elmi konfranslar, seminarlar keçirməyi, kitablar hazırlamağı planlaşdırdığını deyib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği istiqamətində həyata keçirilən işlərdən bəhs edərək aşığın sənət meyarlarından bəhs edib: “Onun bir çox şeirlərində ensiklopedik ənənə ifadə olunur, Qurbanidən başlayan fəlsəfi sistemi vardır. Azərbaycan aşıq sənətinin “sənət pasportu” olan Aşıq Ələsgərin yubiley Sərəncamı çox yerinə düşdü. Aşıqlar Birliyi onun “Lirika” kitabını nəşr edib. Aşıq Ələsgərlə bağlı Azərbaycanda kifayət qədər işlər görülüb, indi onun beynəlxalq miqyasda təbliği əsasdır. Onun ana yurdu erməni tapdağındadır, buna görə də türk dünyası miqyasında təbliğinə xüsusi önəm vermək lazımdır. Ələsgər böyük savad sahibi olub. Dədə Ələsgər deyəndə həmişə Göyçə obrazı göz önünə gəlir”.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili, dosent Əziz Ələkbərli Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Prezident tərəfindən imzalanan bu Sərəncamı gözlənilən hadisə adlandırıb. Sənətkarın yubileylərinin əvvəllər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edildiyini xatırladıb. “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin məntiqi davamı kimi Aşıq Ələsgərin yubileyinin keçirilməsi düşmənə bir mesajdır. Xalq ədəbiyyatını ehtiva edən bu Sərəncam mədəniyyətimiz sahəsində dairəni tamamladı. Bu gün Dədə Ələsgərə qayıdırıq, yaxın gələcəkdə onun yurduna qayıdacağıq. Bundan sonrakı tariximizin yazılmasına Göyçədən başlayarıq” – deyə millət vəkili fikirlərini bölüşüb.
Konfransda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova və ADUP-unun Quba filialının direktoru dosent Yusif Afşar çıxış ediblər. Arzu xanım aşığın seçmə şeirlərinin çapa hazırlandığını bildirib.
Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı yazıçı, tərcüməçi İmdat Avşar çıxışında deyib ki, sözə möhür vurulmaz, amma Aşıq Ələsgər sözə möhür vuran sənətkardır. Aşığın vətənin timsalında ermənilərin törətdiyi vəhşiliklərdən söz açıb: “Ermənilər yalnız insanların deyil, həm də mədəniyyətin soyqırımını edirlər. Ələsgərin yurdunda da bunu ediblər”.
Konfransda Aşıq Ələsgərin yaradıcı fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim “Aşıq Ələsgər irfan şairi kimi, yaradıcılığında Azərbaycan sufizminin ifadəsi” və ADPU-nun baş müəllimi, ələsgərşünas Fərzalı Rüstəmli “Aşıq Ələsgər yaradıcılığında gözəlliklər tərənnümü” – mövzusunda məruzələrlə çıxış ediblər.
Aşıqlardan Bəhmən Göyçəli və Aşıq Samirə Aşıq Ələsgərin şeirlərini sazda ifa ediblər.
Sonda millət vəkili Qənirə Paşayeva və “Dədə Ələsgər Ocağı” İB Təşkilat Komitəsinin sədri Xətai Ələsgər bağlanış sözü söyləyib, iştirakçılara və dəstək olan hər kəsə təşəkkürlərini bildiriblər.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

turkustan.info