“Adına bir parça pay torpağı olan xeyli insan dövlətin bu yardımından kənarda qalıb…”

Əli Məsimli: “Prezidentin pandemiyadan sonrakı  mərhələsində görülməsi vacib olan işlərdə yerli və xarici sərmayədarları fəal iştiraka çağırması mühüm əhəmiyyət kəsb edir”
“Koronavirus pandemiyası və onun ətrafında gedən hadisə və proseslərin gedişi göstərir ki, bir sıra ölkələrdə başlanıldığı kimi, biz də karantin rejimini tədricən yumşaldılmasına getməli, həmin şəraitdə də həm özümüzü qorumağı davam etdirməli, həm sosial müdafiəyə ehtiyacı olan təbəqəyə yardımı genişləndirməli və bu yeni şəraitdə bu virusla mübarizəni davam etdirməklə yanaşı, həm də onunla yanaşı yaşamağı, işləməyi, qurub-yaratmağı da öyrənməliyik”.
Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu fikirləri Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində atdığı addımlar, imzaladığı sərəncamlar, hökumət üzvləri və yeni obyektlərin açılışı mərasimlərində səsləndirdiyi mesajlarla bağlı Musavat.com-a açıqlamasında söylədi. Millət vəkilinin sözlərinə görə, Prezident son çıxışlarında mövcud vəziyyətlə əlaqədar olaraq karantin rejiminin yumşaldılacağı hazırkı və postpandemiya dövrü üçün çox aktual olan bir sıra məqamlara toxunub, mesajlar və tapşırıqlar verib. Ə.Məsimli qeyd etdi ki, onların arasında bir-birini şərtləndirən və tamamlayan bir sıra məsələlərin qarşılıqlı məntiqi əlaqəsini tapıb, optimal həllinə nail olmaq istiqamətində verilən mesajlar xüsusi əhəmiyyət kəsb edir:
“Əvvəla, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin milli təhlükəsizlik səviyyəsinə qalxdığı bir zamanda onun mühüm tərkib hissəsi olaraq, Prezident tərəfindən də dəfələrlə bildirildiyi kimi, seçim insanların həyatının və sağlamlığının hər şeydən önəmli olmasıdır. Ona görə də təbii ki, dövlət bu sahədə öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsi işlərini davam etdirəcək. Eyni zamanda karantin rejiminin tədricən yumşaldılması şəraitində də dövlətin gördüyü antivirus tədbirləri ilə yanaşı, insanlar özləri də özlərinin, əzizlərinin, yaxınlarını qorumağa maksimim səy göstərməklə bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına görə məsuliyyətini də dərk etməli və öz töhfəsini verilməlidir”.
Ə.Məsimli bildirdi ki, Prezident öz mesajlarında dəfələrlə bildirdiyi kimi, bir daha nəzərə çatdırdı ki, insanların sağlamlığı ilə yanaşı, rifahı da hər şeydən önəmlidir: “Prezidentin yardım alanlarının sayının 200 min nəfərdən 600 min nəfərə çatdırılması barədə tapşırıq verməsi aztəminatlı təbəqənin nümayəndələrinin, həssas təbəqə kateqoriyasına aid olan insanların, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanların sosial müdafiəsini təminat dairəsinin genişlndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı eyni zamanda həm də sosial müdafiəyə ehtiyacı olan insanların, həm dövlət, həm də digər xətlərə yardımının gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə araşdırmaların davam etdirilməsi tapşırığını verib”. Deputat qeyd etdi ki, birinci variantda bu məqsədlə 200 min nəfərə iki ay üçün 76 milyon manat nəzərdə tutulmuşdu: “Yardım alanların sayının 600 min nəfərə çatdırılması ilə əlaqədar olaraq 228 milyon manat vəsait xərclənəcək. Fikrimizcə, 600 min nəfər son rəqəm deyil. Belə ki, adına bir parça pay torpağı olan xeyli insan bu yardımdan kənarda qalıb. Əgər söhbət aqrar sahədə olan iri və orta təsərrüfatlardan gedirsə, bəli, onlar fəaliyyətini davam etdirdiklərindən özlərini dolandırmalıdırlar. Yox, əgər söhbət adına 15-20 sot torpaq sahəsi olan insanlardan gedirsə, onların arasında həmin torpaq sahəsindən istifadə edə bilməyən xeyli insan var ki, adlarına torpaq sahəsi olduğundan, indiyə qədər ünvanlı sosial yardım ala bilmirlər. İndi də onlar həmin prinsiplə 190 manatlıq dövlət yardımını ala bilmirlər”. Ə.Məsimli bu məsələ ilə bağlı düşüncələrini bölüşdü: “Fikrimizcə, bu məsələni kiminsə adına kiçik torpaq sahəsi olması prinsipindən yox, həmin torpaqdan ayda yaşayış minimumundan aşağı və yuxarı gəlir götürməsi prinsipindən çıxış etməklə həll etmək lazımdır. Əgər bu istiqamətdə araşdırmalar davam etdirilsə, dövlət əlavə insanların da bu sahədəki problemlərini öz üzərinə götürsə, yardım alanların sayı 700 minə çatdırılsa, 266 milyon manat, 800 minə çatdırılsa, 304 milyon manat, 900 min nəfərə çatdırılırsa, 342 milyon manat, 1 milyon nəfərə çatdırılsa, 380 milyon manat pul tələb olunacaq. Azərbaycanın maliyyə imkanları fonunda bu, çox kiçik bir rəqəmdir və pandemiyaya qarşı mübarizə istiqamətində hazırlanan proqramların da maliyyə tutumunun cəmi 10 faizinin ətrafında olan bir məbləğdir. Deməli, bu məsələdə əsas problem maliyyə yox, yardıma ehtiyacı olanların şəffaflıqla düzgün uçotunun aparılmasıdır”.
Ə.Məsimli qeyd etdi ki, koronavirusun yaratdığı situasiya fors-major vəziyyətdir: “Əgər vətəndaş koronavirusdan qorunmaq üçün “Evdə qal” prinsipi ilə təcrid vəziyyətindədirsə, fizioloji cəhətdən mövcud olması üçün pul və ərzaq ehtiyatı olmayan insanlara yardım edilməlidir: “Azərbaycan xalqı hər zaman dövlətə dəstək olub, hazırkı çətin anlarda da dövlət xalqa, onun imkansız hissəsinə dəstək olmalı, aztəminatlı təbəqənin bu virus balasından sağlam çıxmasını təmin etməlidir”.
Milli Məclis üzvü Prezidentin karantin rejimi ilə bağlı səsləndirdiyi fikirləri təsdiqləyərək qeyd etdi ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir: “İqtisadi məsələlər getdikcə mürəkkəbləşib kəskin problemlərə çevrilməsin deyə, karantin rejimi tədricən yumşaldılmalıdır. Bir sıra iqtisadi fəaliyyət sahələrinin fəaliyyəti bərpa edilməlidir. Bununla bağlı Prezidentin aprelin 20-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində postpandemiya mərhələsində görülməsi vacib olan işlərdə yerli və xarici sərmayədarları fəal iştiraka çağırması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bir tərəfdən koronavirus pandemiyasının, digər tərəfdən isə neftin qiymətinin kəskin surətdə aşağı düşməsinin törətdiyi fəsadlarla üz-üzə qalıb. Həm də neft amilinin törətdiyi mənfi meyl və problemlər koronavirusdan heç də az təsir etmir. Neft erası sona yetir. Yeni era cəmiyyət həyatının bütün sahələrində atılan islahat xarakterli addımların genişləndirilməsini, sistemli demokratik islahatların aparılmasını zəruri edir. Bir tərəfdən xam neftin sudan da ucuz qiymətə satmaqdansa, onun son məhsula çatdırılması, neft-kimya sənayesinin inkişafının genişləndirilməsi və sair bu kimi istiqamətində zəruri tədbirlər görülməli, digər tərəfdən isə qeyri-neft sektorunun geniş planda və sürətli inkişafına nail olmaqdan ötrü atılan addımların dairəsi genişləndirilərək sistemli islahatlar səviyyəsinə qaldırılmalıdır”.
Deputat hesab edir ki, dünyada başlanacaq amansız rəqabətə tab gətirməkdən ötrü, iqtisadiyyatın liberallaşdırılması, kapitala amnistiya verilməsi, korrupsiya, monopoliyaya qarşı mübarizənin gücləndirilməsi, iqtisadiyyatın rəqəmsallaşdırılmasının və həmin şəraitdə işləməyi bacaran kadr hazırlıqlarının dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir: “Həmçinin xarici kapitalın cəlb edilməsinin stimullaşdırılması, perspektivli innovativ layihələrin reallaşdırılmasına üstünlük verilməsi, iqtisadiyyatın modernləşdirilməsi, səmərəliliyinin və əmək məhsuldarlığının artırılması hesabına qeyri-neft sektorunun müqayisəli üstün sahələrinin inkişafına geniş meydan verilməsi, bu əsasda əhalinin tələbatının əhəmiyyətli hissəsinin yerli mallar hesabına təmin edilməsi, eləcə də qeyri-neft sahələrinin ixracının manatın neftdən asılılığına son qoyması səviyyəsinə çatdırılması istiqamətində görülən, həmçinin başlanan işlər əsaslı surətdə genişləndirilməli və sürətləndirilməlidir”.
Alət çubuğuna keç