“ABŞ və Fransa Rusiyaya dərs meydanı kimi Hadrutu seçdi” – TƏHLİL

Bakıda keçiriən Zəfər Paradı, regionda yaşanan gərginliklər, həmçinin son günlər Qarabağda yaşananlar, xüsusilə Rusiya sülhməramlılarının davranışları cəmiyyətimizdə ciddi müzakirələrə yol açıb. AYNA-nın baş verənlərə dair suallarını politoloq, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə ekspert Nəzakət Məmmədova cavablandırıb.

– Nəzakət xanım, əvvəlcə başlayaq Azərbaycanın Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeirdən sonra Türkiyə ilə İran arasında yaşanan qalmaqaldan. Sizcə, İranın qıcıqlanmasına nə səbəb oldu?

– Qarabağda müharibə gedən zaman rəsmi Tehran neytrallığını qoruyub-saxlamağa çalışsa da, İranın dövlət içində dövlət sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında Azərbaycan və Türkiyəni təhdid edən belə bir post paylaşılmışdı: “Biz bilirik, sizin pantürkçülüyün öhdəsindən necə gəlirik!” Bu, 30 ildə İranla dövlət sərhədinin 132 kilometr hissəsi Ermənistanın işğalı altında olan və 27 sentyabrdan etibarən onu azad edən Azərbaycana, eləcə də qardaş, müttəfiq Türkiyəyə İranın açıq təhdidi idi. İran dərhal plandankənar genişmiqyaslı hərbi təlimlərə başladı, erməni işğalından azad olunmuş hüdud xətlərinin perimetri boyunca ağır texnika cəmləşdirməyə başladı. Prezident Ərdoğanın Bakıdakı Zəfər Paradında səsləndirdiyi şeirdən sonra isə İran Türkiyənin bölgədə möhkəmlənməsinə etirazını şeirlə yox, diplomatik nota şəklində ifadə etdi.

Hərçənd, Ərdoğanın pantürkizmdə ittiham olunması ədalətli deyil, o, Türkiyənin panislamçı lideri kimi tarixdə qalacaq. Türkiyədə pantürkizmin son əzəmətli lideri Alaparsan Türkeşi saysaq, daha doğru olar. Ərdoğan-Baxçalı ittifaqını pantürkçülüklə panislamçılığın ittifaqı saymaq daha doğru olar. Lakin pantürkçülüyü ABŞ-ın layihəsi hesab edən nəzəriyyələrə inansaq, İranın məhz şimal hüdudlarında ABŞ və Qərbə yaxın bir Türkiyə olacağından təşviş keçirdiyi hiss olunur. ABŞ-ın terror təşkilatı elan etdiyi SEPAH-ın pantürkçürlüyə nifrət yağdırması da bunun təzahürüdür.

Şəkildə bunlar ola bilər: 1 nəfər, gözlük

– ABŞ-ın bu proseslərdə nə kimi rolu var?

– Suriyada Rusiya təyyarəsi vurulduqdan sonra məsuliyyəti öz üzərinə “Bozqurd” təşkilatı götürmüşdü. Rusiya hesab edir ki, “Bozqurd”un yaranması Üçüncü Reyxin SS təşkilatı ilə bağlıdır, sonradan isə ABŞ kəşfiyyat orqanları ilə əlaqədə çalışmağa davam edib. Rusiya tərəfi hesab edir ki, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə “soyuq müharibə” dövründə çox yaxın əlaqədə fəaliyyət göstərib, “Bozqurd” təşkilatı isə “Qladio”nun gizli bir qolu olub. Heç təsadüfi deyil ki, Ərdoğan təyyarənin vurulması ilə bağlı bəyan etmişdi ki, Türkiyə Ordusunda ona tabe olmayan güclər var. O, FETÖ-nü bu məsələdə ittiham etmişdi. İstər FETÖ, istərsə də Rusiyanın iddia etdiyi kimi “Bozqurd” olsun, Moskva bunu ABŞ və NATO kəşfiyyatının iki ölkənin arasını vurmaq üçün xüsusi əməliyyatı hesab edir. Hesab edilir ki, “Bozqurd”lar “Qladio”nun Türkiyə uzantısıdır.

Rusiya mənbələri Alparslan Türkeşin ABŞ-ın təlimatı əsasında “Bozqurdlar” təşkilatı yaratdığını iddia edirlər. 1960-cı ilin may ayındakı dövlət çevrilişinin “Bozqurdlar” tərəfindən həyata keçirildiyi də iddialar arasındadır. “Qladio”nun Türkiyədə 1960-cı il 27 martdan başlayaraq sonradan həyata keçirdiyi üç dövlət çevrilişi onların uğurlu əməliyyatları hesab olunur. Menderesin həbsinin və edam olunması əmrinin “Qladio” tərəfindən verildiyi də iddia olunur. Ərdoğanın bu təşkilatı sevmədiyi isə məlumdur. Türkiyə dövlət başçısının öz çıxışlarında tez-tez Menderesi sayğı ilə xatırlaması onun millətçi təşkilatlara, ABŞ-a, NATO-ya olan qəzəbi ilə vəhdət təşkil edir. Ağ Evin Menderesin asılmasına sakit yanaşması şübhə doğurur və güman edilir ki, Vaşinqton çevrilişin Türkiyənin NATO üzvlüyünə xələl gətirməyəcəyini əvvəldən razılaşdırmışdı. ABŞ Türkiyədə 1960-cı il çevrilişini əvvəlcədən bilirdi, Vaşinqtonun Ankaradakı səfirliyinə hələ 1957-ci ildə bu barədə məlumatların ötürüldüyü qeyd edilir.

– Belə olan halda, millətçiliyə isti yanaşmayan Ərdoğana hansısa millətçi hərəkat adı altında siyasi təzyiq göstərilməsini necə dəyələrləndirirsiz?

– Doğrudur, Ərdoğan bu gün də millətçiliyə isti yanaşmır, ümmətçilik tərəfdarıdır. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin adamı Gülənlə hakimiyyəti bölmək istəmədi, nəticədə 2016-cı ilin iyulunda devrilmə təhlükəsi ilə üzləşdi. Lakin Baydenin hakimiyyətə gəlişi Türkiyədə millətçiliyi körükləyəcək və bu hal Ərdoğanın özü üçün də təhlükədir. Doğrudur, Ərdoğan-Baxçalı ittifaqı ümmətçilərlə millətçiləri bir dam altında toplamağa imkan verib, lakin onların hamısının nəzarət altında olduğunu söyləmək mümkün deyil. Bununla belə, nə ümmətçi, nə də türkçü Türkiyənin Azərbaycanda varlığı İran üçün qəbulediləndir.

– İranı qorxudan nədir?

– İran, ümumiyyətlə Türkiyənin onun şimal hüdudlarında kök salmasını qəbul etmək istəmir. Millətçilər vasitəsilə ABŞ-ın şimaldan ona təhdid yaratmasından narahatdır. Əks halda, bir bəndlik şeirdən bu qədər təşviş keçirməzdi. İran ABŞ və İsrailin Böyük Orta Şərq planına qarşı “Səadabad paktı”nı yeniləmək istəyərdi, lakin Türkiyənin Azərbaycanda möhkəmlənməsi və onun Rusiya ilə birlikdə bölgədə İranı oyundankənar vəziyyətə salaraq öz gücünü artırması Tehranı qane etmir. Bu, həm də NATO-nun İranın şimal hüdudlarında mövcudluğu deməkdir ki, İran üçün kommunizm kabusundan daha dəhşətli görünür. Halbuki, Rusiyanın Türkiyənin Qafqazlara girməsinə şərait yaratmasının səbəblərindən biri daha böyük məqsəd ola bilər – NATO daxilində fikir ayrılığını gücləndirmək. Minsk Qrupunun həmsədrləri, həm də NATO-nun aparıcı üzvləri ABŞ və Fransa oyundankənar vəziyyətə salındığı bir zamanda Alyansın başqa bir üzvü – Türkiyə regiona gəlir. Həm də Türkiyənin Qarabağla bağlı mövqeyi digər ermənipərərəst həmsədrlərdən kəskin şəkildə fərqlənir. Türkiyənin Qafqaza gəlişi Türkiyənin xarici siyasətinə yön vermiş kimi qələmə verilməyə çalışılan pantürkçü və yeni osmançılıq çalarlarından tam xalidir. Türkiyə Yaxın Şərqə və Şimali Afrikaya – ənənəvi olaraq Osmanlı imperiyasına daxil olmuş torpaqlara bəlkə bu çalarla nüfuz edə bilər, Azərbaycana gəliş isə unikal çalara söykənir – qardaşlıq.

– Keçək Rusiyanın Qarabağda sülhməramlı kimi fəaliyyətə başlamasına. Moskvanın başqa hansı məqsədləri var?

– 1992-ci ildə millətçilər Türkiyədə hökumətdən Qarabağda müharibə aparan Azərbaycana kömək tələb edəndə, Rusiya müdafiə naziri Türkiyəni xəbərdar etmiş, Dəmirəl kömək məsələsini birdəfəlik gündəlikdən çıxarmışdı. Bu gün isə reallıqlar fərqlidir. Rusiya Türkiyə ilə regionda kondominium prinsipi (beynəxalq hüquqa əsasən, eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi – red.) üzrə hərəkət etməyə məcburdur. Rusiyanın gözləntləri bununla bitmir, Kreml Türkiyədən Krımı onun qanuni ərazisi kimi tanımağı gözləyir. Ruslar Krımı Osmanlıdan savaş nəticəsində qazanıb, indi də orada krım tatarları yaşayır və bu, Türkiyənin mübahisəli yarımada üzərində təsirinin gücünü göstərir. Qarabağ Türkiyədən Krım və digər məsələlərdə güzəşt qoparmaq məqsədi daşıyır. Türkiyənin Krımı tanıması inandırıcı deyil.

Lakin Rusiya-Türkiyə münasibətləri Qarabağda ziddiyyətlər və əməkdaşlıq fonunda davam edəcək. Rusiya münaqişənin başa çatdığını bildirir, Türkiyə Prezidenti Ərdoğan isə Zəfər Paradındakı çıxışında onun yalnız hərbi mərhələsinin arxada qaldığını qeyd etdi. Bu, o deməkdir ki, Türkiyə hazırkı status-kvonu tam qənaətbəxş hesab etmir. Son günlər Hadrutda baş verənlər onu göstərir ki, Türkiyə haqlıdır. Münaqişə başa çatmayıb və Azərbaycanın hərbi qələbəsini Rusiya və Ermənistan belə təxribatlarla yenidən istədikləri kimi şəkilləndirməyə çalışır.

– Belə çıxır ki, rus sülhməramlıları öz arealını mümkün qədər genişləndirməyə çalışır…

– Elədir. Lakin Minsk Qrupunun həmsədri rolunda regionda öz iştirakını tələb edib, öz maraqlarının təmin olunmasını istəyən ABŞ və Fransa Azərbaycan, Rusiya və Türkiyənin səyləri nəticəsində oyundankənar vəziyyətə düşüb. Minsk Qrupu hazırda məğlub Ermənistana lazımdır, çünki ermənilər status iddialarından əl çəkmək istəmirlər. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 10 noyabr sazişində heç bir statusdan söhbət getmir. Belə olan halda status məsələsini gündəliyində daşıyan Minsk Qrupu Ermənistan üçün son şansdır. Həmsədrlərin Prezident İlham Əliyevlə görüşündə Rusiyadan olan həmsədrin olmaması, yalnız Rusiyanın Azərbaycandakı səfirinin iştirakı onu göstərir ki, artıq Minsk Qrupu parçalanıb, Rusiya oradan çıxıb və ABŞ ilə Fransa məğlub Ermənistanla meydanda tək qalıb. Azərbaycan Minsk Qrupunu faktiki olaraq qanundankənar, qeyri-legitim elan edib və ona verdiyi mandatı əlindən alıb.

– Son günlər Hadrutda baş verən erməni təxribatlarına toxundunuz. Bu təxribatlarda Rusiya sülhməramlıları da ittiham edilir. Bununla bağlı nə düşünürsüz?

– Bu təxribatları Rusiyanın təşkil etdiyini söyləmək çətindir, hadisələrin Minsk Qrupunun bölgəyə səfəri zamanı baş verməsi onun arxasında digər iki həmsədrin dayanmasından şübhələnməyə əsas verir. Bununla həm münaqişənin başa çatmadığı barədə Azərbaycana mesaj verilir, eyni zamanda Rusiyanın sülhməramlı dövlət kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi təsəvvürü yaradılmağa çalışılır. Artıq münaqişənin Azərbaycanın qələbəsi ilə yekunlaşması Minsk Qrupu formatını darmadağın edib və həmsədrlər arasında regionda çox böyük qarşıdurma yaranıb. Suriya çöllərində, Liviya səhrasında Rusiya ilə baş-başa gələn ABŞ və Fransa ona həddini bildirmək üçün bəlkə də növbəti dəfə ən münasib yer olaraq Hadrut meşələrini seçib.

– Rusiya sülhməramlılarının Qarabağda yenilənmiş xəritə tərtib etməsini necə şərh etmək olar?

– Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı əməliyyatların yenilənmiş xəritəsi yerləşdirilib. Əməliyyat xəritələrində sülhməramlılar Şimal və Cənub məsuliyyət zonalarına bölünsələr də, lakin onların öz əvvəlki mandatından kənara çıxdığını görmək olar. Dekabrın 12-də Azərbaycan xüsusi təyinatlıları ilə meşələrdə gizlənmiş təxribatçı erməni dəstələri arasında toqquşmalaradək silahlı qarşıdurmanın baş verdiyi iki kənd Azərbaycanın işğaldan azad etdiyi Hadruta daxil idi və 11 noyabr xəritələrində sülhməramlıların məsuliyyət zonasına daxil deyildi. 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlıları Azərbaycanın nəzarətində olan ərazilərə, ümumiyyətlə ayaq basmamalıdır, onlar ermənilərin nəzarətində olan ərazilərlə Azərbaycanın işğaldan azad etdiyi ərazilər arasında dayranaraq toqquşmaların baş verməsinə mane olmalıdırlar.

Lakin son hadisələr bunu istisna etmir ki, Rusiya əsgərləri Azərbaycanın işğaldan azad etdiyi əraziləri də öz məsuliyyət zonalarına daxil etməyə çalışırlar. Erməni terrorçularının ərazidə qalıb təxribat törətməsinə şərait yaratmaq, sonra isə həmin əraziləri öz tərtib etdikləri sülhməramlı əməliyyatların xəritəsinə daxil edərək, olduqları arealı geniləndimək planlarının olması açıq-aşkar görünür. Təbii ki, bu, tamamilə qanunsuzdur.

Alət çubuğuna keç