ABŞ “nəfəsliyi” qapadır: Kremlin cavabı nə olacaq? – GƏLİŞMƏ

ABŞ-la Rusiya arasında münasibətlər getdikcə daha da gərginləşir.

Demokratların namizədi olan Cozef Baydenin hakimiyyətə gələndən sonra ABŞ-ın Rusiyaya qarşı daha sərt mövqe tutacağı, mövcud sanksiyaların sayının artacağı və daha da sərtləşdiriləcəyi gözlənilirdi. Üstəlik Mayk Pompeonun “Rusiya bizim düşmənimizdir” deməsi bu iddiaları daha da qüvvətləndirdi. Budur, artıq Rusiyaya qarşı Ağ Evin atdığı ilkin addımlar görünməkdədir.

Belə ki, ABŞ Ticarət Nazirliyinin Rusiyanın ordu ilə əlaqəli 45 şirkətinin ixracatına məhdudiyyətlər tətbiq etdiyi bildirilib. İqtisadiyyatı onsuz da ürəkaçan olmayan Rusiyaya qarşı bu cür məhdudiyyətlərin və gözlənilən sanksiyaların tətbiq edilməsi təbii ki, onu daha da ağır duruma salacaq.

Əgər bunlar baş verərsə, ABŞ uzun illərdən bəri Avropanın enerji bazarından Rusiyanı çıxarmaq planını sürətləndirəcək.

Maraqlıdır, Rusiyanın 45 şirkətinə ABŞ-ın tətbiq etdiyi məlum məhdudiyyətlər həmin müəssisələrin iş əmsalına necə təsir edəcək?

İqtisadçı- ekspert Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu məhdudiyyətlər həmin şirkətlərə sarsıdıcı zərbə vurur və onların fəaliyyəti sual altına düşür:

“Birləşmiş Ştatlar tərəfindən Rusiyanın bəzi şirkətlərinə məhdudiyyətlərin tətbiq edilməsi onların iş əmsalına mənfi təsir göstərəcək. Təbii ki, bu məhdudiyyətlər həmin şirkətlərin digər ölkələrlə də əlaqələrinə mənfi təsir göstərir. Çünki Avropa ölkələri həmin şirkətlərlə əməkdaşlıq etdiyi halda Amerikanın sanksiyaları ilə qarşılaşma ehtimalı yaranır. Ona görə də bu məhdudiyyətlər həmin şirkətlərə çox ciddi təsir edir və digər şirkətlərin də onlarla müqavilə bağlamasını məhdudlaşdırır. Eyni zamanda məhdudiyyət tətbiq edilmiş şirkətlərin texnologiyalara və maliyyə bazarlarına çıxış imkanları azalır. Çünki heç bir beynəlxalq statuslu banklar və maliyyə qurumları bu tipli şirkətlərə kredit vermək istəmirlər və yaxud hesablarını dondururlar. Ona görə də həmin şirkətlərin gələcək fəaliyyəti böyük sual altına düşür”.

Məsələyə münasibət bildirən Politoloq Fikrət Sadıqov “Cümhuriyət”ə açıqlamasında deyib ki, Rusiya artıq Amerikanın bu addımlarına qarşılıq verməkdədir:

“Amerikanın Rusiya şirkətlərinə məhdudiyyətlər tətbiq etməsi xəbəri artıq rəsmiləşib. Onu da demək lazımdır ki, artıq Rusiya tərəfindən cavab addımları da atılıb. Rusiya bir sıra ABŞ rəsmilərinin ölkəyə gəlişini yasaqlayıb. Eyni zamanda bir sıra ABŞ şirkətləri ilə əlaqələrini də kəsib. Amma reallıq odur ki, uduzan tərəf Rusiya olacaq. Çünki ABŞ kifayət qədər güclü dövlətdir. Rusiyanın müasir silahı olsa da bu, onun heç də yetərincə inkişaf etmiş dövlət olmasından xəbər vermir. Çünki Rusiyanın kifayət qədər sosial problemləri var. Eyni zamanda bir çox iqtisadi, demoqrafik, etnik problemləri mövcuddur. Hazırda Rusiya müasir silahların və raketlərin istehsalına daha çox diqqət ayırır. Çünki anlayır ki, əks halda tam zəifləyə bilər. Onların fikrincə NATO Rusiyanın qapılarına dirənib və hər an hazır olmalıdırlar. Bu bəhanə də ola bilər. Çünki Rusiyaya qarşı heç kəs işğalçılıq fikrində deyil. Sadəcə olaraq, ona dərs verməyə çalışırlar. Hazırda dərsvermə prosesi gedir. Hazırda Navalnı ilə bağlı məsələ yenidən gündəmə gəlib və Qərb bununla bağlı Rusiyaya sanksiya tətbiq edir. İki gün öncəki məlumata görə, Aleksandr Navalnı Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşına zəng vurub və özünü rəsmi bir şəxs kimi təqdim edərək ondan özü ilə bağlı baş verən bütün hadisələri təfsilatlı şəkildə öyrənib. Hazırda faktiki olaraq həmin şəxsi ifşa edib. Navalnı onun adını da öyrənib. Qərb də buna görə yenidən Rusiyanın üzərinə düşüb. Ona görə də bəlkə bundan sonra Rusiyaya yenidən sanksiya tətbiq oluna bilər. Hər şey bir az da Rusiyadan asılı olacaq. Məsələ dərinləşə də bilər. Bu Rusiya ilə ABŞ arasında uzun müddətdir ki, gedən “soyuq müharibədir” və davam edir”.

Alət çubuğuna keç