ABŞ-da yaşayan məşhur politoloq: “Meydanda nə qədər çox irəli getsək…”

“Ermənistanın Gəncəni seçməsi təsadüf deyil, hələ 1990-cı illərdə Gəncəni işğal etməklə hədələyirdi. İndi Gəncəni raket atəşinə tutmalarının başqa səbəbləri də var. Əvvəla Gəncə sərhəd bölgəsinə nisbətən yaxındır, Gəncəni vurması daha rahatdır. İkincisi, Bakıya raket atmaq istəsələr, bu, daha böyük rezonans doğura bilər ki, bu da daha çox onların əleyhinə işləyər”.

Bu fikirləri Şimali Karolina Universitetinin Konfliktologiya Fakültəsinin direktoru, Amerika-Azərbaycan Alimlər Birliyinin prezidenti Əli Əsgərov  müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik:

– Əli bəy, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətləri Amerika mətbuatında yetəri qədər işiqlandırılırmı?

– Amerika mətbuatında Ermənistan tezisinə daha çox yer verilir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Erməni lobbiləri uzun müddət ərzində burada öz yerini möhkəmlədib. Bu gün onların ən böyük dəstəkçilərindən biri yunanlardır. Yunanlar da onların lehinə yazıb-pozur. Yalnız bu, onu ifadə etmir ki, Azərbaycanda baş verənlər barədə Amerika Kütləvi İnformasiya Vasitələrində yazılar getmir. Xəbər və məlumatlar yayımlanır, lakin qeyri-tarazlıq olduğu da bir həqiqətdir.

Amerikanın başı seçkilərə qarışıb, Donald Tramp (ABŞ prezidenti – red.) xarici ölkələrin konfliktlərinə qarışmaq istəmir. Avropa pandemiya olduğundan digər məsələlərə çox ciddi şəkildə qarışa bilmir, sadəcə dildə müəyyən mövqe verməklə kifayətlənir. Pandemiya ilə əlaqədar iqtisadi geriləmə olması Avropanın müdaxiləsini müəyyən qədər əngəlləyir. Rusiyanın da daxili problemləri az deyil. Əsas məsələ odur ki, Rusiya ilə Ermənistan arasında anlaşmazlıq hökm sürür.

– Hadisələrin gedişatını izləyirsinizmi? Ordumuzun mövqeyini necə qiymətləndirirsiniz?

– Ordumuz müəyyən yaşayış məntəqələri və kəndləri işğaldan azad edib. Onun qazandığı qələbələr münasibətilə hər kəsi təbrik edirəm. Azərbaycan üçün bir daha belə bir münbit şərait yaranmaya bilərdi. Ordumuzun mövqeyi yaxşıdır, bir çox strateji yüksəkliyi geri qaytarıb. Bu, Ordumuzun özündə ruh yüksəkliyi yaradır, eyni zamanda Ermənistanda pərakəndəliyin sürətlənməsinə yol açır. Silahlı Qüvvələrimizin gücünə inanıram. Ermənilər itirdikləri mövqeləri geri almağa çalışsa da, geri çəkilməyə məcbur olub. Əminəm ki, ermənilər yenidən silahlanmağa imkan tapmasa və müharibə daha da alovlansa, ordumuz onları pərişan edəcək.

Bununla yanaşı, Ermənistanın zəiflədiyi, Azərbaycanda isə böyük ruh yüksəkliyi olduğu və onları əzməyə başladığı halda atəşkəsin elan olunması məndə təəssüf hissi oyatdı. Hər halda, dövlətin bir bildiyi var, yəqin ki, ictimaiyyətə məlum olmayan nələrisə ölçüb-biçiblər.

– Cəbhədə uduzan Ermənistan uğursuzluğunun heyfini dinc əhalidən çıxmağa davam edir. Atəşkəs elan olunsa da, Gəncəni bombalamağa, terror aktlarını həyata keçirməyə davam edir. Sizcə, Ermənistanın hədəf olaraq Gəncəni seçməsinin səbəbi nədir?

– Ermənistanın Gəncəni seçməsi təsadüf deyil, hələ 1990-cı illərdə Gəncəni işğal etməklə hədələyirdi. İndi Gəncəni raket atəşinə tutmalarının başqa səbəbləri də var. Əvvəla Gəncə sərhəd bölgəsinə nisbətən yaxındır, Gəncəni vurması daha rahatdır. İkincisi, Bakıya raket atmaq istəsələr, bu, daha böyük rezonans doğura bilər ki, bu da daha çox onların əleyhinə işləyər. Üçüncüsü, bununla onlar elə bir fikir formalaşdırmağa çalışırlar ki, Gəncə həmişə təhlükədədir, istənilən vaxt hücum edə bilərlər. Başqa bir səbəb ondan ibarətdir ki, ermənilər dinc xalq arasında çaxnaşma salmaq, qorxu və psixoloji təsir yaratmağa çalışırlar. Bu isə Azərbaycan hökuməti üçün əlavə sosial qayğıların və problemlərin olması deməkdir. Onların həlli böyük vəsait və enerji tələb edir. Gəncənin bombalamasının sonuncu səbəbi Ermənistanın Azərbaycan daxilində siyasi qarşıdurma yaratmağa cəhd göstərməsidir. Mülki insanları vurmaqla onlar əhalini elə bir həddə gətirmək istəyir ki, ölkədə iğtişaşlar yaransın.

Ermənistan terror dövlətidir. Gəncədə törədilən terror aktını diplomatik yolla dünyaya çatdırmaq lazım idi. Azərbaycanın bütün səfirlikləri öz ölkələrinin Xarici İşlər Nazirliyinə dərhal, dönə-dönə mesaj verməli idi. Bildiyim qədərilə, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Onlar Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olublar. BBC, “Əl-Cəzirə”, “Euronews” və bir neçə nüfuzlu telekanallar Gəncə terrorunu işıqlandırıb. Bu, az iş deyil.

Ümumiyyətlə, Ermənistanın terror dövləti kimi tanıdılması vacib məsələdir. 1992-ci ildən bəri Ermənistanda heç nə dəyişməyib, onda da dinc əhalini qırmışdı. Amma Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının hadisələrlə bağlı qəbul etdiyi 4 qətnaməsi həyata keçirilmədi. Dünya olanlara biganə qaldı. Tarix təkrarlanır, sadəcə formalar dəyişib. Həm də Azərbaycan indi daha qüdrətlidir. Odur ki, erməni vəhşiliyini dünya ictimaiyyətinə mümkün qədər daha çox çatdırmalı və bunu güclü bir silah kimi istifadə etməliyik.

– Necə düşünürsünüz, Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru diplomatik müstəviyə keçirmək gücünə malikdir?

– Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışırdı. Şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Ermənistan Dağlıq Qarabağı işğal altında saxlayırdı, hətta oralara yol çəkməyə başlamışdı. Livandan, Suriyadan gətirdiyi erməniləri Kəlbəcərə, Ağdama yerləşdirmişdi. Ermənistanın üstün mövqeyə malik olmasının digər bir səbəbi beynəlxalq dəstəyə sahib olması idi. Xüsusilə, Fransanın dəstəyini həmişə arxasında hiss edirdi. Fransa Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı nəzdində Minsk Qrupunun üzvü olduğu halda, neytral mövqe nümayiş etdirmirdi. Bu, son dərəcə qeyri-etik davranış idi və bu formatı çoxdan dəyişmək lazım idi. İndi dünya bizi daha yaxşı tanıyır, Azərbaycan öz çəkisi və söz sahibi olan dövlətdir. Ermənistanın Gəncədə terror aktı törətməsindən istifadə edib dünya ictimaiyyətinin diqqətinə çatdıra bilsək, onların mövqeyini zəiflədə bilərik. Bu, ermənilər üçün böyük zərbə ola bilər.

Diplomatik masa arxasında ədalət və haqq prinsipi hər zaman keçərli deyil, beynəlxalq hüquq normaları yaxşı işləmir. Erməni lobbisi bu işə 100 il əvvəl başlayıb, hətta 1980-ci illərdən saxta təbliğat işlərini aparmağa çalışıblar. Türkiyə və Azərbaycandan torpaq qopartmaq üçün sistemli şəkildə işləyiblər. Özləri haqqında aciz təəssürat formalaşdırıblar. Dünya onları əzilmiş və tapdanmış bir xalq kimi tanıyır, ölkələri buna inandıra biliblər. Halbuki, əllərinə fürsət düşsə, cəllad olarlar və olurlar da.

Beynəlxalq müstəvidə haqlı və haqsız tərəfin kim olduğuna baxmırlar. Müharibə varsa, dayandırmağa səsləyirlər. Odur ki, münaqişələrin sülh yolu ilə həll olunması çağırışları bütün hallarda olacaq. Biz mövqeyimiz ədalətli olduğu üçün onlara qulaqlarınmızı bağlamalıyıq. Nə qədər çox irəli getsək, danışıqlar masasında bir o qədər qüvvətli ola bilərik. Ermənistanın bu günə qədər üstün mövqeyi işğal etdiyi torpaqlardan qaynaqlanırdı.

Azərbaycan əldə etdiyi qələbələrdən sonra əvvəlkilərlə müqayisədə daha uğurlu diplomatik səylər göstərəcək. Status-kvonun dəyişdirilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Bu dəyişiklik münaqişədə yeni reallıq yaradır. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan bizi heç kəs döndərə bilməz. Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktiki üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.

Aytən Məftun

Alət çubuğuna keç