Həyat elə bir oyun oynayır ki…

 Yaxşı ilə pis, soyuq ilə isti, mənfi ilə müsbət bir-birinin əksi olduğu kimi keçmiş və gələcək də bir birinin əksi olan anlayışlardır.Yəni bu iki anlayış əks qütblərdə durur. İnsan keçmişiylə barışmayan, bu günü ilə yaşayan və gələcəyinə ümid bağlayan bir canlıdır. Hər insanın həm keçmişi, həm də gələcəyi ilə bağlı qayğıları vardır. Keçmiş hər insanın həyatı boyu yaşadığı xatirələrlə doludur. O xatirələr ki, insan onları xatırladığı zaman bəzən ağlayır, bəzən gülür və özü də tam şəkildə anlaya bilmədiyi hisslər keçirir. Keçmiş insana əvvəllər keçirdiyi xoş, sevincli və kədərli günləri xatırladır. Bəzən də olur ki, keçmişdə yaşanmasına sevindiyin hər hansı bir hadisə gələcək üçün tamamilə yad və gülünc görünür. Və sənin üçün hər şeydən öncə təcrübə rolunu oynayır. Doğrudur, həyatın hər üzü ilə barışmaq lazımdır. Hər zaman yaxşı şeylər olacaq deyə bir şey yoxdur. Bir müddət əvvəl sənə yaxın olan dostun, sevdiyin insan zaman keçdikcə sənin ən nifrət etdiyin birinə çevrilə bilər. Ona görə də hər şeyə qarşı öncədən hazır olmaq gərəkdir. Lap əvvəllər insana hər şey çox rahat gəlir və bəzi hadisələri, bəzi dəyişiklikləri anlamaqda çətinlik çəkirsən. Ancaq zamanla bu dəyişikliklərin əslində belə olmasını, başqa sözlə desək daha doğrusu belə olacağını anlayırsan. Bəzən elə vaxtlar olur ki, ətrafındakı insanların gülüş və sevinci bəzən də kədəri səni tamamilə bu dünyadan ayırır. Sanki bütün həyatın boyu o insanlarla yaşamısan. Elə hiss edirsən ki, həmin insanla eyni anda doğulmusan və eyni anda öləcəksən. Daha doğrusu özünü bu iki hissə inandırmağa məcbur edirsən. Çünki çox bağlanırsan, onlar olmazsa olmaz deyirsən. Gələcəyini tamamilə bir neçə insanın üzərində qurursan. O insanlar ki səni heç zaman tərk etməyəcəyinə, ən çətin anlarda yanında olacağına inandırırlar. Amma sonda həyat səninlə elə bir oyun oynayır ki, sən bu oyunun qarşısında çox aciz qalırsan. Sonda yenə də keçmişdə – yəni ilk doğulduğun gündəki kimi tək olduğunu və tək öləcəyini anlayırsan. Geriyə sadəcə boş vədlər və sözlər qalır. Hə, birdə geridə qalan xatirələr var. Necə deyərlər əvvəllər söz vardı, indi isə xatirələr…