Məşhurlar ağır vəziyyətdə niyə Türkiyəyə göndərilir?

Bu gün Azərbaycanda hər gün yeni tibb mərkəzi, klinika, xəstəxana fəaliyyətə başlayır, yeni diaqnostika mərkəzləri açılır. Azərbaycanda tikilən, təmir edilən tibb ocaqları şəraitinə və müasir avadanlıqlarla təchizatına görə Avropaklinikaları ilə müqayisə edilə biləcək səviyyədədir. Buna baxmayaraq, ağır durumda olan tanınmış şəxslərin elə ağır vəziyyətdə əsasən Türkiyəyə aparıldığını müşahidə edirik.

Maraqlıdır, bizim ölkədə bu kimi ağır halların qarşısına almaq üçün çatışmayan nədir: tibbi avadanlıq, yoxsa mütəxəssis?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, ağır durumda olan xəstələrin xarici ölkəyə müalicəyə göndərilməsi olduqca normal prosesdir:

“Bizim ölkədə ağır durumda olan xəstələr Türkiyəyə aparıldığı kimi, Türkiyədən də Almaniyaya xəstə aparılır. Türkiyənin keçmiş baş nazirlərindən olan Adnan Menderesin oğlu Aydın Menderes qəza keçirmişdi və boyun fəqərələri sınmışdı. Onu Almaniyaya apardılar, daha sonra Amerikada reabilitasiya keçdi. Bu hallar dünyanın əksər yerlərində olur.

Xüsusilə nəzərə alsaq ki, burada söhbət Oqtay Gülalıyevdən və onun kimi digər diqqət mərkəzində olan ictimai fiqur və tanınmış şəxslərdən gedir, belə hallarda şəxsin xaricə göndərilməsi istənilən halda yaxşıdır. Buna normal yanaşmaq lazımdır.

Bu başqa məsələdir ki, bizim səhiyyəmiz Türkiyə səhiyyəsinin səviyyəsində deyil və ona çatmasına hələ çox var. Türkiyə səhiyyəsi uzun illərdir formalaşmış, inkişaf etmiş bir sistemdir və orada peşəkarlıq olduqca yüksək səviyyədədir. Təbii ki, bu faktı da nəzərə almaq lazımdır”.

Konkret fakt üzərində danışan A.Qeybulla bildirib ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında Oqtay Gülalıyev üçün nə mümkündürsə, edirirdi:

“Ancaq indiki halda Oqtay Gülaləyevin Türkiyəyə göndərilməsi daha məqsədəuyğundur və bu addımı təqdir edirəm”.