Yaradıcılığına və şəxsiyyətinə həsəd aparılacaq dühalarındadır İmadəddin Nəsimi

İdeyaları uğrunda gecə-gündüz yorulmadan-usanmadan, çəkinmədən-qorxmadan mübarizə aparan Nəsimi kimi bir şəxsiyyətə ancaq və ancaq həsəd aparılmalıdır. Fikrində canlandırdığı, xəyallarında qurduğu və nəhayətində yaşamaq üçün arzuladığı cəmiyyəti gerçəkləşdirmək üçün yola çıxan bu böyük şəxsiyyət xalqımızın qürurlu, qorxmaz, dərin və parlaq zəkaya malik dühalarındadır. İnsan düşündükcə ki, mənim torpağım, mənim məmləkətim necə böyük dühalar yetişdirib -istər-istəməz köksün fərəh hissi ilə dolur, mənsub olduğun xalq ilə qürur duyursan. Mən bu məqaləni yazmağa bir nüans vadar etdi. Əcaba, həqiqətən də İmadəddin Nəsimini –Allahsızlıqdamı günahlandırırdılar? Onun əsas günahı dini baxışlarındamı idi? Yoxsa gözdən qaçan yaxud qərəzli şəkildə xalqdan gizlədilən başqa bir səbəbmi vardı? Sadəcə bir az tarixi hadisələrə dərindən diqqət etməyə çalışdım. Və gəldiyim qənaəti də Sizinlə bölüşmək istədim əziz Oxucum! Dinlərin mövcud olduğu, dövrün hakim quruluşu tərəfindən hakimiyyətin nəfinə olaraq dini təbliğatların birtərəfli şəkildə aparıldığı, bütün dövrlərdə bu kimi hadisələrə rast gəlmək mümkündür. Yeri gəlmişkən qeyd edim ki, müasir dövrümüzdə də ateist düşüncə tərzinə malik olan insanlar var və yaxud yaşadığı ölkənin mənsub olduğu dini cərəyanları qəbul etməyən, dini düşüncələrində sərbəst fikirləri olan insanlar vardır. Ən yaxşı halda mövcud quruluş tərəfindən bu qəbildən olan insanlar tolerantlıqla qarşılanır, amma məsələyə hiddətlə yanaşan cəmiyyətin əksər hissəsi tərəfindən sadəcə olaraq “təcrid edilir”. Amma asılmır. Digər tərəfdən, cəmiyyət üçün təhlükə yaradan obyekt bir çox halda hakimiyyət üçün əlverişli sayılır. Mövcud hakimiyyət özünün qoruyucu obrazını xalqın gözündə böyütmək üçün bu vasitədən ustalıqla istifadə edir. Tabeçilikdə olan xalqın idarəedilməsində bu və ya digər üsulların tarixin bütün mərhələlərində dövlətlərin və xalqların təcrübəsində görmək mümkündür. Burada bir nüans da nəzərə alınmalıdır. Filosofların əksəri mənsub olduqları dinlərdən imtina ediblər, amma xalqın gözü önündə, xalqa görk olsun deyə ən amansız bir şəkildə Nəsimi kimi dar ağacından asılmayıblar. Nəsiminin nəinki bütün külliyyatı yandırılıb, məhv edilib, hətta onun tərəfdaşlarının da əlində olan yazılı nümunələri məhv edilib, təqib və təzyiqlərə məruz qalıblar. Çox maraqlı məqamdır-Nəsimi İsa kimi xalq üçün o qədərmi təhlükə obyekti idimi? Mənim üçün maraqlı olan məqam dar ağacından asılanların əməllərində “siyasi” təhlükə məqamı olduğu üçün dar ağacının dibindən xalqa doğru boylanmışlar. Mövcud quruluş dini faktordan həmişə yararlanmışdır-bu məlum faktdır. Mən Nəsiminin də dar ağacına qədər olan yoluna nəzər saldığım zaman bu faktorun mövcudluğu qənaətindəyəm. Məlum olduğu kimi 1370-1405-ci illərdə Azərbaycan Teymurilərin hakimiyyəti altında idi. Xalq Teymurilərin işğalı altında vergilərdən sıxılırdı-onlara rəhərlik edəcək bir adam axtarırdı-Ağıllı sözə, rəhbərə ehtiyacı vardı-belə bir zamanda Nəsimi kimi özünə güvənən, özü ilə, sözü ilə xalqın içindən çıxan bir siyasi ideoloqa ehtiyacı vardı. Bildiyimiz kimi, Seyid Məhəmməd kimi bir şəxsiyyətin ailəsində dünyaya gələn Seyid Əlinin-Nəsiminin maddi probləmləri yox idi. O dövrünün tanınmı, sayılıb-seçilən adamlarından olan atasının sayəsində dövrün bütün elmlərini öyrənmişdi, yaxşı təlim almışdı. Yunan və yaxın şərq fəlsəfəsini dərindən mənimsəmişdi. Seyid Əlini narazı salan yalnız və yalnız xalqının və özünün siyasi azadlığı idi. Azadlıq, hürriyyət Nəsiminin və onun kimi yüz minlərlərlə insanın ac ruhunun qidası idi. Nəsiminin çevrəsinə toplanan insanlar onda bu işığın olduğunun fərqində idilər. Burada bir məqamı da xatırlamaq yerinə düşər ki, Nəsiminin özünün müəllimi-ustadı olaraq qəbul etdiyi Fəzlullah Nəimini İbrahimxanın fitnəsi ilə Əmir Teymurun oğlu Miranşah siyasi və dini baxılarına görə edam etdirmişdi. Nəsimi ustadının başına gələn bu olaydan sonra təbii ki, Azərbaycanda qala bilməzdi. O Anadoluya, Osmanlıya pənah apardı, amma Nəsimidən əvvəl onun səsi-sorağı yayılırdı. Hara gedirdisə bu azadlıq fədaisinin ətrafına yüzlərlə, minlərlə insan kütləsi toplanırdı. Təbii ki, bu dövrün mövcud quruluşu tərəfindən təhlükə obykti olaraq qəbul edilirdi və bu obyektə qarşı mübarizə vasitələri anında işə düşürdü. Belə olmasaydı sığındığı Bursada sultan I Osman tərəfindən zindana atılmazdı. Nəsimi bilərək ölümün gözünün içinə dik baxan bir azman şəxsiyyət idi. O dövrdə ərəb və şərq dünyasının dini, mədəniyyət beşiyinin içinə doğru yollanması da irəli sürdüyümüz faktoru birbaşa sübut edir. O bilirdi ki, bu yolda onu nələr gözləyir. Demək istədiyim odur ki, Nəsiminin asılmasını sadəcə onun dini baxışları ilə, şeirləri ilə bağlamaq olmaz. Nəsimi siyasi baxışları olan və bu baxışları heç nə ilə dəyişməyən avəzsiz bir şəxsiyyət idi. O islam aləminin azadlıq mücahidi idi. O insanlar arasında dini, milli mənsubiyyətə fərq qoymurdu. O bütün islam aləminin azad, bərabər bir cəmiyyətdə yaşamasını arzulayırdı. Məhz ona görə o ayaq asdığı dövlətlərin torpaqlarında çevrəsinəyüzlərlə, minlərlə insanı toplya bilirdi və bu amil idi o dövlətlərin irticaçı hakimlərini qorxuya salan. Ona görə doğma elindən-obasından baş götürüb getdi Təbrizə. Təbrizdə də, Bursada da, Hələbdə də onu eyni aqibətlər qarşıladı. Nəsimi islam aləminin birliyini, diriliyini istəyirdi. Bu səbəbdəndir ki, bütün islam aləmi Onu sevirdi, xoş üzlə qarşılayırdı, onu özlərindən bilirdilər. Düşünürəm ki, hardasa, Nəsimi haqqında əsl həqiqətlər hələ də yatmaqdadır. Gün o gün ola ki, o həqiqətlər gün üzünə çıxarıla. Nəsimi sevərlər üçün yəqin ki, o gün bayram olar. Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “Nəsimi fəlsəfəsinin beynəlxalq təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində çap olunur. İlahə BAYANDUR Tədqiqatçı