“İranlı Mühacirlər Cəmiyyəti” İB iqamətgahında layihəsini yekunlaşdırdı Hamı: “davamlı olsun” dedi

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi noyabrın 1-də Bakıdakı iqamətgahında layihəsinə yekun vurub. Bu münasibətlə qurumun şəhərin Əli bəy Hüseynzadə-66 ünvanında təmirdən yeni çıxan binasının akt zalında baş tutan sonuncu – dördüncü “dəyirmi masa”sında cəmiyyətin müxtəlif yönlü, peşəli üzvləri, qeyri-hökümət təşkilatlarının təmsilçiləri, tanınmış alimlər, tədqiqatçılar iştirak ediblər. Layihənin rəhbəri, əməkdar jurnalist Rəhim Hüseynzadə onları salamlayaraq bildirib ki, bu, İMC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutan dördüncü “dəyirmi masa”dır. “Respublikamıza olan mühacirətin mərhələlərinin, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənlməsini nəzərdə tutan bu qəbildən tədbirlərimiz öncə regionlarda – Qubada, Qazaxda və Şirvanda reallaşdırılıb. Müzakirələr, tədqiqatlar, təkliflər öz yerində, bu toplantılar vasitəsilə bölgə sakinlərini onlarla birgə yaşayan, çiyin-çiyinə işləyən cəmiyyətimizin üzvləri – Azərbaycana mühacirətin dördüncü, beşinci və altıncı mərhələlərinin iştirakçıları ilə əyani tanış olma imkanı qazanıblar”-deyib. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Firirdun İbrahimi rəhbəri olduğu qurumun yaranma tarixi, 72 ili əhatə edən fəaliyyətinin mərhələləri barədə ətraflı söhbət açıb: “Cəmiyyətimiz ölkənin qeyri-hökumət sektorunun ən yaşlı üzvlərindən biridir. Onun fəaliyyətinə nəzər salmaq elə 1947-ci ildən bəri respublikamıza olan mühacirətin mərhələləri barədə dolğun bilgilər əldə etməkdir. Həmin bilgilərə isə təkcə paytaxt Bakıda deyil, bütün bölgələrdə ehtiyac olduğundan ikinci dəfədir layihə çərçivəsindəki tədbirlərdə iranlı mühacirlərin daha kompakt yaşadıqları bölgələrdə onları bir araya gətiririk, keçmişimizə, indimizə nəzər salır, işimizin daha da canlandırılması ətrafında fikir mübadilələri aparırıq”. F. İbrahimi deyib ki, cəmiyyətin əhatə etdiyi insanlara on illər boyu qayğı ilə yanaşılıb. Lakin onun mühacirətin dünyəvi Azərbaycan modeli kimi formalaşmasında Ulu Öndərimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi hər iki dönəmdə əldə olunan nailiyyətlərimiz müqayisəyə gəlməzdir. Jurnalist Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə həmin konteksdə ekspert kimi araşdırmalar zamanı əldə etdiyi bilgilərin, konkret faktların onda məmnunluq yaratdığını dilə gətirərək İMC rəhbərinin qənaətinə şərik çıxdığını söyləyib. Digər ekspert, “20 Yanvar” İB-nın Nəzarət- Təftiş Komissiyasının sədri, ehtiyatda olan mayor Nizami Rzaşüvari: “Azərbaycanın hər şəhər və bölgəsində and yerimiz sayılan şəhidlər xiyabanı var və hər birində Arazın o tayından nicat gətirən insanların, övladlarının məzarları önünə tər çiçəklər düzülür. Mən Qarabağ döyüşlərinin iştirakçısıyam. Bədənimdə qəlpə gəzdirməyimə baxmayaraq hər an yeni döyüşlərə hazıram”, – deyib. Layihənin ictimai eksperti, AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarixçi-alim Səməd Bayramzadənin çıxışında bir neçə təklif yer alıb. O, qiymətləndirmə cədvəlinə yazdığı “tədbirin beynəlxalq səviyyəyə çıxarılmasını məsləhət görürəm” təklifini belə əsaslandırıb: “Müasir dünyamızın kəskin mühacirət problemini yaşadığı indiki məqamda burada sadalanan fikirlərin ölkə xaricində də təqdimatı faydalı olardı”. İMC-nin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Adilə Çernikbulənd 1940-cı ilin axırlarında valideynləri ilə mühacirətə gəldiyi müharibədən çıxmış ölkədə minlərlə insana göstərilən qayğı nümunələrindən danışıb. İH-nin digər üzvü Murtuza Nizamoğlu bu fikri ötən əsrin 80-cı illəri konteksində davam etdirib. Tarixçi-alim Əkrəm Bije (Rəhimi) iranlı mühacirlərin respublika elminə, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli və tanınmış jurnalist Ənvər Qafarlı onların milli ədəbiyyatımıza verdikləri töhfələrdən, İMC-nin qadınlar təşkilatının sədri Möminat Puhən isə zərif cinsin nümayəndələrinin cəmiyyətdəki fəal rolundan danışıblar. Tədbir İMC-nin ədəbi birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümidin mühacirətə aid şeiri ilə yekunlaşıb.