Əzəli rəqiblərin növbəti dueli: “Neftçi” “Qarabağ”ı qəbul edir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

“Report” xəbər verir ki, turun açılış oyununda bütün milli çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” komandaları qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Son 6 mövsümün qalibi olan ağdamlılar çempionluq estafetini məhz bakılılardan təhvil alıblar. “Ağ-qaralar” bunadək ardıcıl 3 dəfə qızıl medala sahib çıxmışdılar. “Neftçi” və “Qarabağ” indiyə qədər 77 dəfə qarşılaşıb. Bunlardan 20-də paytaxt, 29-da isə əyalət təmsilçisi qələbə qazanıb. Qalan 28 görüşdə heç-heçə qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv top fərqində də üstündür – 84:71.

Roberto Bordinin baş məşqçi olduğu komanda son 3 oyunda qalib gəlməyib. “Qarabağ” 5 matçdır meydanı qolsuz tərk etmir. Əzəli rəqiblərin I dövrədə IV tur qarşılaşmasında meydan sahibi olan Ağdam komandası qələbə qazanıb – 2:0. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçın 31-ci dəqiqəsində Mahir Emreli, 70-ci dəqiqəsində isə Abdullah Zubir fərqlənib.

Hesabında 17 xal olan “Neftçi” 2-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi 15 qol vurduğu halda, öz qapısında 8 top görüb. Cari çempionatda “Neftçi”nin heyətində ən məhsuldar futbolçu Stiven Monrozdur. Onun hesabında 4 top var. Kapitan Emin Mahmudovla Baqali Dabo hərəyə 3 dəfə fərqləniblər. Anton Krivotsyuk, Tural Axundov, Soni Mustivar, Dario Frederiko və Rauf Əliyev isə 1 qol vurub.

Ən yaxın izləyicisini 8 xal qabaqlayan “Qarabağ” cari çempionatda məğlub olmayan yeganə komandadır. Lider vurduğu 19 qolun qarşılığında cəmi 2 top buraxıb. “Köhlən atlar”ın heyətində ən çox qol vuran İsmayıl İbrahimlinin də hesabında 4 dəqiq zərbə var. Mahir Emreli ilə Maqaye Qeye hərəyə 3 dəfə rəqib qapısına yol tapıblar. Dani Kintana və Abdullah Zubir onlardan 1 top geri qalırlar. Qara Qarayev, Xayme Romero, Abbas Hüseynov və Riçard Almeyda isə hərəyə 1 dəfə fərqləniblər. Ağdamlıların 1 qolu isə avoqol kimi qeydə alınıb. “Qarabağ”ın səfərdə “Zirə”ni səfərdə 3:1 hesabı ilə məğlub etdiyi oyunda Anastasios Papazoqlu qapıların yerini səhv salıb.

“Qarabağ”da uzun müddətə sıradan çıxan Filip Ozobiçi nəzərə almasaq, komandaların heyətində cəzalı və zədəli futbolçu yoxdur.

Premyer Liqa

X tur

20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Bakı, “Bakcell Arena”