BİR GÜN ERMƏNİ ƏSİRİ DİLƏ GƏLİB DEYİR: – AZƏRBAYCAN ANASI SƏN NECƏ BİR VARLIQSAN…

(O, dəhşətli gündə bir itgin anası, özü ilə əzizləyə-əzizləyə bir erməni gətirirdi.)

Zəngilanın işğal günü dünən Şəhidlər Xiyabanında anıldı. İcra başçısı Ramiz Həsənovdan tutmuş fəhləsinə qədər orada idi. Amma nədənsə, sinəsinə döyüb mənəm-mənəm deyən jurnalustləri orada görmədim. Dəfələrlə anım günlərində müşahidə etmişəm. Nəşriyyatla Xiyabanın arasında 4-5 dayanacaq var. Bu gün anım günlərinə jurnalustlər dırnağarası baxırsa, o zaman vay bizim halımıza.
Dəfələrlə anım günlərində Şəhidlər Xiyabanında olmuşam. Zəngilanlılar qədər şəhidinə dəyər verən görməmişəm. Hər il olduğu kimi yenə də Ramiz müəllim bir-bir məzarların qarşısında qərənfillər qoyaraq baş əydi. Təbii ki, bir başçı olaraq bu onun vəzifə borcudur. Bəs niyə digər vəzifə borcu olanlar vəzifəsini unudur?
1993-cü ilin 29 oktyabrı…
Azğınlaşmış ermənilər zəngilanlıların sinəsinə dağ çəkdi. İnsanlar ozünü Araz çayına atdı. Çoşub daşan Araz sakitləşib susdu, amma erməni alçaqlar nə susdu, nə də sakitləşdi.
O, dəhşətli gündə bir itgin anası, çiyərparəsini dəyişmək üçün özü ilə əzizləyə-əzizləyə bir erməni gətirirdi…
Can ana… Sənin analıq qeyrətinə qurban olaram. Nə qədər müqəddəssən. Ana adı sənə nə qədər yaraşır…
Bu ana eşidir ki, polislər bir cəsus tutub. Özünü bölməyə çatdırır. Diz çöküb yalvarır, verin mənə, o, cəsusu. Onun sayəsində balamı tapacağam. Bu əsiri balamla dəyişəcəyəm, bir telinə zərər vermərəm, deyir, ana…
İlahi, səbrə bax, dözümə bax, ana hissinə, ana qururuna, ana bötüklüyünə bax… Düşmənin bir telinə zərər verməyəcəm, balamı onunla dəyişəcəm deyib…
Ana erməni əsirini özü ilə düz Bakının Zabrat kəndinə qədər gətirir. Yemir, yedirdir. Özü döşəmədə yatır, əsiri çarpayıda. Ümidini üzmür. Hər yerə bəyan edir, erməninin onun yanında olduğunu bildirir. Şərt qoyur, balamı tapın bu əsirlə dəyişin. Əsir yeyib-içir, ana ac-susuz bala deyib ağlayırdı. Yazıq ana, bu nə bəxt idi, Allah sənə yazdı?.. Balasından xəbər çıxmadı…
Bir gün erməni dilə gəlib deyir: – Azərbaycan anası, sən necə bir varlıqsan?.. Səni hansı Yaradan yaradıb. Mənim anam, bizim analar belə deyil.
Ana erməni əsirinə baxır. Başını bulayaraq: – Çünki sizin xəmiriniz haramla yoğrulub… ana iki əli ilə başına qapazı vurub ağlayır. Daha dözə bilməyəcəm, səni geri göndərəcəyəm. Öldürmək, qan tökmək mənim işim deyil…
Ana çarəsiz qalıb əsiri geri göndərir. Balasından isə hələ də xəbər yoxdu.
Əziz oxucular, zəngilanlı ana hekayəsi. Təbii ki, başçı da, fəhlə də xiyabanda olacaqdı. Qürurlu, şərəfli zəngilanlılar, ümid sonda qırılır. Hələ bu son deyil. Mənə elə gəlir ki, bu başlanğıcdı. Artıq Qarabağa aparan yolun işiğı közərir. Biz Qarabağa dönəcəyik.
Ölkə prezidenti artıq bəyan etdi: – Qarabağ Azərbaycandı!!!
Böyük Türk dünyasının prezidenti elan etdi: – Altı devlet tək millət.
Artıq az da olsa ədalət bizim xeyrimizə işləyir.
Üzümü gənclərə tutub deyirəm, küçə hərəkatlarında özünüzü məhv etməyin. Ağıllı fikirlərinizi ağılla göstərin. Amerikada erməni jurnalistini susduran 20 yaşlı xanım kimi. Onun bu hərəkəti onlarla yersiz mitinqlərdən dəyərlidi…

GÜLSÜM Adilqızı
Moskva: – ” Vətən çağırır” qəzeti, baş redaktor