Milli dəyərlərimizin qorunması bu gün ən mühüm məsələlərdən biridir.

1. Salam Qorxmaz bəy, məlumatımıza görə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi yeni bir layihə üzərində işləyir c. İstərdik ki, ilk öncə layihənin özü və bu günədək layihə çərçivəsində hansı işlər həyata keçirilib onlar haqqında məlumat verəsiniz.
Əvvəlcə məndə sizi salamlayıram və öz təşəkkürümü bildirirəm. Qeyd edim ki, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi təsis edildiyi gündən qarşısına məqsəd kimi həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin qorunması, təbliğ edilməsi və inkişafı istiqamətində elm, təhsil, din, mədəniyyət, mənəviyyat, vətənpərvərlik sahəsində fəaliyyətin qurulması və maarifləndirmə işinin aparılmasını qoymuşdur. Bu istiqamətdə çoxlu sayda dəyirmi masa, seminar şəklində diskussiyalarımız baş tutmuş, həmçinin təşkilatımız tərəfindən hazırlanan müxtəlif maarifləndirici filmlər ictimaiyyətə nümayiş etdirilmişdir. Bir sözlə, sədrimiz siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin şəxsən nəzarəti və rəhbərliyi, həmçinin kollektivlə yüksək işləmə bacarığı sayəsində qısa müddət ərzində milli dəyərlərimizin təbliği sahəsində xeyli işlər görülmüşdür. Hazırda da bir neçə vaxtdır ki, bütün respublikanı əhatə edəcək, milli maddi və mənəvi dəyərlərimizi təbliğ edən “Doğma Azərbaycanım” başlığı altında yeni layihə üzərində işləyirik . İlk öncə vurğulamaq istəyirəm ki, bu layihənin həyata keçirilməsi ictimai birliyimizə çoxsaylı gənclərin müraciəti əsasında baş tutmuşdur. Adı çəkilən layihə çərçivəsində Azərbaycan Respublikası ərazisində tarixi-dini abidələrin hər birini bir gənc vasitəsilə çəkərək videoveriliş şəkilində ictimaiyyətə təqdim etməkdir. Bu günə qədər 23 tarixi-dini abidə tərəfimizdən işıqlandırılıb və bu çəkilişlərdə gənclərimiz fəal iştirak etmişlər. Layihədə iştirak edənlər arasında ictimai birliyimizin üzvləri ilə yanaşı digər ali təhsil müəssisələrindən, ayrı-ayrı dövlət və özəl qurumlarda çalışan gənclər də yer almışlar. Hal-hazırda lentə alınan 23 tarixi-dini abidə Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərlərində və Masallı rayonunda baş tutmuşdur.
2. Layihənin əsas məqsədi nədən ibarətdir?
Layihənin əsas məqsədi bundan ibarətdir ki, cəmiyyətə, xüsusilə də gənclərə Azərbaycan xalqının daim öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini, əxlaqi keyfiyyətlərini, dinini və tarixini qorumasını, eyni zamanda onlara sahib çıxmasını çatdırmaq və bu istiqamətdə gənclərimizi düzgün maarifləndirməkdir. Bundan əlavə olaraq bu layihədə ən ümdə vəzifə isə illər, əsrlər keçdikdən sonra Erməni təcavüzkarları və qəsbkarları tərəfindən Azərbaycan xalqının tarixi-dini abidələrini mənimsəmələrinin qarşısını almaqdır. Elə məhz bu istiqamət üzrə hal-hazırkı bu, bundan əvvəlki və sonrakı layihələrdə də ictimai birliyimiz, eləcə də gənclər qeyd etdiyim xüsusda öz işini davam etdirəcəkdir. Biz hər zaman cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması və təbliğini ön plana çəkirik.
3. Gələcəkdəki planlarınız barədə məlumat verərdiniz.
Bununla yanaşı bizim gələcək fəaliyyətimizlə bağlı daha böyük layihələrimiz və düşüncələrimiz çoxdur. İctimai birliyimizə müraciət edən üzvlərin sayı günü-gündən artmaqdadır. Çox sevindirici haldır ki müraciət edənlər arasında gənclər daha çox üstünlük təşkil edir. Elə sosial şəbəkələrdə sonuncu layihəmizə göstərilən maraq buna sübutdur. Yüksək potensiallı Azərbaycan gəncinin milli düşüncələrə malik ideyaları vardır. Biz bu düşüncələri gənclərlə birlikdə zaman-zaman oturub müzakirə edirik. Həmçinin gələcəkdə Elvin müəllimin rəhbərliyi ilə həmin fikirləri həyata keçirməyə çalışacağıq.
Qorxmaz Paşayev
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini.