Qurban Qurbanov fasilədə futbolçulara nə dedi? – Kintanadan açıqlamalar

“Məncə, bəxtimiz gətirmədi. Epizodlara baxsaq, görərik ki, rəqibdən daha üstün idik. Təbii ki, bizim səhvlərimiz də oldu. Ümumi götürsək, yenə deyirəm, bəxt çatışmazlığı oldu”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

O, qol buraxdıqdan sonra əhvallarının korlandığını söyləyib: “Qol buraxandan sonra bu, istər-istəməz əhvalımıza təsir etdi. Düşünürəm ki, ilk hissəni də pis keçirmədik. Fasilədə baş məşqçi bizə eyni tərzdə oynamağa davam etməli olduğumuzu söylədi.Başqa qeyri-adi nəsə demədi. Sadəcə, oynadığımız oyun tərzinə sadiq olmağımızı istədi”.

Oyunda ilk qolu vuran 32 yaşlı yarımmüdafiəçi nəticədən razı qalmadıqlarını bildirib: “Təbii ki, nəticədən razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək”.