Tarzən Qurban Pirimovun davamçısını sizdə tanıyın

Çətin ki, dünyada musiqini dinləməyən və musiqini sevməyən insan olsun. Musiqi əyləncə vasitəsi olduğu kimi, insan psixologiyasına da ruhu qidalandıraraq çox xeyir verir. Tibbi baxımdan yanaşsaq, həkim ən ağır xəstəni musiqi sədaları altında müayinə və müalicə edir. Bir çox alimlər belə qənaətə gəlmişlər ki, doğrudan da musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Əsrarəngiz musiqi sədaları altında insan sanki, hisslərinin əsirinə çevrilir.

Azərbaycan simli musiqi alətləri arasında tarın xüsusi yeri var. “Şərqin min bir sirri” kitabında deyilir: “Tarda çalınan musiqi yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan Tarzən Qurban Pirimovun davamçısını sizdə tanıyıngötürür, insanda ruh yüksəkliyi qaldıraraq onu həyat barədə düşünməyə vadar edir”.

Müasir zamanda çox az adam tapılar ki, musiqini sevməsin. Musiqinin dili yoxdur. Hər bir səslənən musiqi ucu-bucağı görünməyən bir kainatdır. Bütün dünya mədəniyyətlərini bir-birinə yaxınlaşdıran bir vasitə var ki, o da əlbəttə musiqidir. Musiqi hər bir xalqın mədəniyyətinin inkişafına, estetik zövqünün formalaşmasına xidmət edir. Bu gün bizim ölkəmizdə də musiqi mədəniyyətimizin inkişafı üçün hər cür şərait yaradılıb.

Belə bir deyim var: “Uşaqlar bizim gələcəyimizdir”. Bəli, parlaq gələcəyimiz olan uşaqlardan biri unudulmaz tarzən, Azərbaycanın Xalq artisti Qurban Pirimovun nəticəsi Asim Pirimovdur.

Haqqında söhbət açdığım müsahibim gələcək uğurları üçün bu gün pillə-pillə qalxan, tarı sinəsinə bərk-bərk basaraq irəlidə böyük uğurları üçün can atan Asim Primovdur. Asimlə tanışlığım 2018-ci ildə Azərbaycan Nəşriyyatının nəzdində keçirilən ədəbi-bədii məclislərin birində oldu. İfası zamanı Milli musiqi alətimiz olan tarın səsi sanki məni ofsunlamşdı. Həmin tədbirdə “Qarabağ şikəstəsi”, “Pıçıldaşan ləpələr” və “Ala gözlüm” əsərlərini özünəməxsus tərzdə ifa edən Asim Pirimov biləndə ki, tarzən Qurban Pirimovun nəticəsidir marağım daha da artdı. Həmin ərəfədə ölkə başçımız İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamına uyğun olaraq, paytaxt Bakı daxil olmaqla respublikanın bütün bölgələrində Azərbaycan xalqının nakam və sevimli şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunurdu. Biz də “Cabir Novruz Mədəniyyət fondu”nun xətti ilə böyük mütəfəkkir, şair – dramaturq Hüseyn Cavidin məqbərəsi önündə növbəti silsilə yubiley tədbirini Naxçıvan MR-da keçirməyə hazırlaşırdıq.

Bildiyimiz kimi unudulmaz tarzən Q.Pirimovla, M.Müşfiq yaxın dost olublar. Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə şair “Oxu tar” şeirini cəsarətlə yazaraq cavab verdi. Bu gün şeiriyyətimiz də yaşayır, milli musiqi alətimiz olan tarımız da. Mikayıl Müşfiq yaşamadığı ömrünü bütün şeirlərində olduğu kimi “Oxu tar” şeirində də yaşatdı . Qədirbilən xalqımız tərəfindən milli sərvətimiz olan tara Xızı dağlarının əzəmətli zirvəsində əbədi olaraq “heykəl” ucaldılmışdır.

Hətta Asimlə söhbətim zamanı Q.Pirimovla, M.Müşfiqin dostluğu haqqında kitabda yazlan məlumatı ilk dəfə göstərəndə, sevincdən gözləri dolu və M.Müşfiq onun sevimli şairi olduğunu söylədi. Həmin vaxtdan etibarən Asim balamızla dostluğumuz daha da möhkəmləndi. Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertinə vaxtaşırı gedərək, ona mənəvi dəstək olmağ özümə borc bilirəm.

 

Bəli, dünyaya bir körpə gəlir və öz gəlişi ilə də valideynlərinin, qohum-əqrabanın üzünə sevinc bəxş edir.

Asim Pirimov 2004-cü il oktyabrın 24-də Bakı şəhərində anadan olub. Valideynləri – atası Pirimov Aqil Əhməd oğlu və anası Pirimova İlhamə Bayram qızı Qarabağımızın cənnət məkanı olan Ağdamın Gülablı kəndindən məcburi köçkündürlər.

– Asim Pirimov kimdir və musiqi ilə ilk tanışlığın?

– Mənim musiqiyə ilk gəlişim çox maraqlı olub. Anam mənə həmişə deyir: – “Sənin dörd yaşın olanda bir çox musiqi alətlərinə – qarmon, piano, gitara və s. həvəs göstərmisən”. Hətta mənə qaval belə aldılar ki, bəlkə xanəndəlik sənətini seçəm. Lakin beş yaşım olanda evimizdə babam Q.Pirimov haqqında xoş xatirələri dinlədim. Valideynlərimdən xahiş etdim ki, mənə tar alsınlar və mən babamın sənət yolunu layiqincə davam etdirim. Sonralar isə babamın tarınn harda oldğu haqqında maraq göstərdim. Tarın muzeyə verildiyini öyrəndim. Valideyinlərim qərara gəlib, istəyimi nəzərə alaraq mənə yeni tar aldılar. Beləcə mən 6 yaşımdan həm orta məktəbə, həm də 16 saylı K.Səfərəliyeva adına Uşaq Musiqi Məktəbinə getdim. 4 il orada təhsil aldıqdan sonra Bülbül adına Orta İxtisas Məktəbinə qəbul olundum. Hal-hazırda həmin təhsil ocağında həm musiqi, həm də 10-cu sinif orta təhsilimi davam etdirirəm. Oxuduğum illər ərzində uğurlarım çox olub. Bir çox xarici ölkələrdə Milli musiqi alətimiz olan tarda Azərbaycanımızı layiqincə təmsil etmişəm. Dəfələrlə qardaş Türkiyədə I yer “Laureat”, Gürcüstanda “Qızıl medal” I yer “Laureat” adlarını qazanmışam. Bu il 20.04.2019-cu il tarixdə Moskvanın Kuntsevo rayonunda “Veqas” Ticarət və Əyləncə Mərkəzində keçirilən latviyalı rəssam Dare Strausanın əsərlərindən ibarət “Qarabağ atları”nın sərgisi keçirildi. Moskvada yaşayan həmyerlimiz Xalidə xanım və onun oğlu İlqar Səmədovlar tərəfindən tədbirə dəvət aldım. Həmin sərginin açılışı mənim ifamda “Qarabağ şikəstəsi” sədaları altında oldu. O anlar mənim üçün unudulmayan anlar olaraq tarixə yazıldı.

 Öz sənətinlə bağlı ürəkdolusu danışırsan. Çoxmu sevirsən seçdiyin bu sənəti?

– Yaradıcı iş məhz sevgidən yaranır, hər bir sahədə birinci sevgi gəlir, sənətinə sevgin olmasa, kamil ola bilməzsən.

– Asim, əsirlərdən gələn qocaman tar musiqi alətimizin gənc ifaçısısan. Hazrda Azərbaycan musiqsinin vəziyyətini necə görürsən?

– Azərbaycan musiqisi bitib-tükənməz bir xəzinədir. Elə bir xəzinə ki, qərinələr ötsə də hər zaman bu xəzinədən bəhrələnəcəklər. Dünyanı belə heyran qoyur Azərbaycan muğamları, musiqisi və Milli musiqi alətləri. Hətta dünyanın ayrı-ayrı xalqları arasında muğamlarımızı öyrənib, Milli musiqi alətlərimizdə ifa etməyə çalışırlar. Bəli, bayağı musiqilər də var. Lakin bizim söhbətimiz əsil musiqidən gedir.

– Asim, ilk dəfə tarda hansı əsəri ifa etmisən, yadındadrmı?

– İlk musiqi ifamdan söhbət gedirsə deyə bilərəm ki, “Azad bir quşdum”, “Qarabağ şikəstəsi” və ölməz bəstəkarımız C.Cahangirovun “Ana” əsərini sevərək ifa etmişəm.

– Arzular… planlar varmı?

– Əlbəttə, yeni-yeni işlər hələ qarşıdadır. Uğurlar əldə etmək üçün ilk olaraq arzu-istəyin, ikinci növbədə planın və üçüncü o plan üzrə peşəkar olmağa çalışmaq lazım gəlir. Mənim əsas hədəfim isə böyük əsərləri mükəmməl ifa edərək, Azərbaycan musiqisini dünyada layiqincə təbliğ etməkdir.

Asim, bu gün sənin dünyaya göz açdığın gündür. Biz də sənə təhsil və sənət yollarında bol-bol uğurlar arzulayırıq. İnşallah növbəti yeni yaşını doğma Qarabağ torpağımızda “Qarabağ şikəstəsi”nin sədaları altında qələbəmizlə qeyd edək.

Rəsmiyyə HEYBƏTAĞAQIZI

 

Tarzən Qurban Pirimovun davamçısını sizdə tanıyın

 

Tarzən Qurban Pirimovun davamçısını sizdə tanıyın

 

Tarzən Qurban Pirimovun davamçısını sizdə tanıyın