BİR GÜNDƏ 3 MƏKTƏBLİ MƏKTƏBİN HƏYƏTİNDƏ MİNAYA DÜŞDÜ…

(3 şagirdin tikələri ətrafa səpələndi… 3 ananın bağrı parçalandı)

Milli Qəhrəmanlar tanıtma ictimai birliyi Nərimanov rayon sədri Ədhəm Məmmədov,
Dünya ana və uşaqlar ictimai birliyinin sədri Dünyaxanım Əliyeva,Dünyaxəbər.com saytının birgə lahiyəsi!

Vəliyev Zaur Şəmsəddin oğlu 1984 – cü ilin 7 noyabrında Goranboy rayonunun Yenikənd kəndində anadan olmuşdu. Ömrünün bir neçə ilini xoşbəxt yaşayarkən, birdən birə zamanın çarxı dönmüş, qonşu Ermənistan işğalçı dövlət kimi böyük ermənistan yaratmaq xülyasına düşmüşdü. O gündən də, Qarabağda doğulan uşaqların qara günləri başlamışdl. Zaur, mərmi yağışı altında, 1991-ci il Yenikənd kənd orta məktəbinə qədəm qoymuşdu. Həyatının qorxulu, təlatümlü anları çox olmuşdu. Atılan mərminin vahiməsindən gah zirzəmilərdə, gah evin bir künçündə, gah da sinifdə partanın altında gizlənmişdi.
Üçüncü sinifdə oxuyarkən 1995-ci ilin 12-si yanvarda uşaqlar tənəffüs zamanı məktəbin həyətində oynayarkən düşmənin yeni bir terror aktı ilə rastlaşırlar. Beləki onlar məktəbin həyətində erməni terrorçularının basdırılmış olduğu minaya düşərək tikələri ətrafa səpələnmişdi. O dəhşətli gün yaddaşlarda acı xatirə olaraq qalmışdı.
Ana ciyərparəsi haqqında xatirələrini belə xatırlayır: – O gün Zaur çox həyəcanlı idi. İçində bir qorxu hissi vardı. Hətta həmin gün dərsə getmək istəmədi. Onu dərsə getməsi üçün dilə tutdum. Sözümü yerə salmadı. Çantasını əlinə alıb qapıdan bayıra çıxarkən dönüb diqqətlə üzümə baxdı. O baxış yandırdı məni. Sanki baxışında bir yalvarış vardı. Gözləri ilə, ana bəlkə fikrini dəyişəsən deyirdi. Amma onun gözlərindəki yalvarışı görsəm də, məhəl qoymadım. Balam üzünü bacısına tutaraq: – bacı, bu gecə qəribə bir yuxu gördüm. Balıq tutmağa getmişdim. Tutduğum balığın biri əlimdən sürüşüb suya düşdü…
Mən yenə də, uşağı tələsdirərək, tez ol çıx, dərsə gecikmə, deyərək onu yola saldım. Demə Zaurumu dərsə yox, ölümə göndərirmişəm. Bir saat çəkmədi balamın cəsədini gətirdilər. O gündən bala deyib fəryad edirəm. Onun istəyini nəzərə almadım. Düşündüm ki, balamı oxudub elmli bir insan kimi cəmiyyətə bəxş edərəm. Heç ağlıma gəlmədi ki, 11 yaşlı bir uşaqda altıncı hiss bu qədər güclü ola bilər.
Mən oğlumu itirdim. Zaurum 11 yaşında şəhidlik adı aldı. Dövlət mənə şəhid pulu verir. Lakin mənim imtiyazlarım yoxdu. Evim yox, şəraitim yox. Mənzil növbəm gecikir. Kirələrdə qalıram. Balam yaşasaydı mənə sahib çıxardı. Qanadı qırıq quş kimi çırpınıram. Əlim heç yerə çatmır. İki aydı kirə pulunu verə bilmirım. Bir tərəfdən də lənətə gəlmiş xəstəlik.
Üzümü Nərimanov rayon İcra başçısına tutub, ona müraciət edirəm. İcra başçısı xalqa xidmət etməlidir. Xahiş edirəm, məni kimi şəhid analarına diqqət yetirin.
Minnətdaram rayon deputatı olan Adil Əliyevə. O hərdən bizim ailəyə diqqət yetirir, amma bizim problem tək onun çiyninə yazılmayıb. Məni kimi dərdli insanlar çoxdur. Lütfən onlara qarşı diqqət və mərhəmət

göstəri.

.