15 oktyabr 1988-ci ildə XUDU MƏMMƏDOV əbədi olaraq gözlərini yumdu. Ruhu şad olsun!

TAMAH və SƏBİR
(poema)

Görkəmli alim, böyük mütəfəkkir,
həyatda idealım, dahi insan,
Azərbaycan dövlətinin müstəqilliyi
ideyasının daşıyıcısı
“Ömür məhz yadda qalan günlərin
sayı ilə ölçülür
Özüm dərdli ikən dərman gəzirəm…
Dərdi mənimkindən az olanlara…
-sözlərinin müəllifi
Xudu Məmmədova
(mənə söylədiklərinə rəğmən)

Proloq
Gecə sakit Ay da var,
Rəbbimin diqqəti var.
Səma təmiz buludlar,
Hərdən kölgə salırlar.
Çox uzaqdır ulduzlar,
Söz boyda kainat var.
Haqqın öz isməti var,
Bəxtin nə qüdrəti var?

Nur işıqlı bəndəyəm,
Ulduzlarla birgəyəm.
Gül, bülbül dühasına
Ən incə həvəsdəyəm.
Gülə könül verəndən
Qalmışam indi naçar.
Hər adın hörməti var,
Bəxtin nə qüdrəti var?

Dözüm -səbr ha deyil,
Sezmək -hələ iş deyil.
Çözmək -nəticə deyil,
Bacarıqdır qazançım,
Haqq yoludu inancım.
Keçəcəyim körpü dar,
Dünyanın cənnəti var,
Bəxtin nə qüdrəti var?

Qarət -tamah ha deyil,
Qənimət -dövlət deyil.
İman, əzəl -dost deyil,
Doğru sual: -cavabım,
Qismətimdir savabım.
Dörd səmavi kitab da,
Rəbbimin hikməti var,
Bəxtin nə qüdrəti var?

l hissə
HÖKMDARIN YUXUSU

Rəvayətə görə bir şah var imiş,
Vəzir, vəkilləri çox eşidərmiş.
Ancaq qocalsa da, dolsa da yaşa,
Düşünüb iş görər, uymaz fərraşa.
Deyirlər şah bir gün göstəriş verir,
Sözünü hamıya bəyan eyləyir.
Əyanlar yığışır, vəzir də gəlir,
Şah taxta əyləşib, belə söyləyir:
“Bu gecə yuxuya getmişdim şirin,
Mənə sual oldu mənalı, dərin.
Sordu bir ağsaqqal, nurani kişi,
Ayırd edirsənmi yaxşını, pisi!?
Cavabın bilmədim, möhlət istədim,
Tam gözdən itincə onu izlədim.
Ayılıb oturdum, baxdım doyunca,
Göz qırpa bilmədim səhər olunca”.
***
Deyirlər, şahların çətin anında,
Ağıllı vəzirlər məsləhət verir.
İndi hökmdarın dar məqamında,
Görək qoca vəzir nələr söyləyir:

ll hissə
BAŞ VƏZİRİN TAMAHI

“Dünyada insana ən yaxşı istək,
Böyük bir ölkədə şahlıq eyləmək.
Bir deyil, istərəm min ola varın,
Dirəyi qızıldan olan sarayın.
Zalım sərkərdələr yığasan elə,
Ölkələr əlindən zinhara gələ.
Kef üçün xanımlar, bir də ziyafət,
Bir güllü baxçada xoş istirahət;
Çərhovuz mayesi ceyran südündən,
Kölgəlik ağappaq quş lələyindən;
Gündüzlər səninlə olsa da hamı,
Gecələr gözəllər yandıra şamı.
Bütün əyalətdə işi əzəldən,
Tapşır, cavabını soruş vəzirdən.
Düzü, çox çətindir pisi söyləmək,
Şahın qarşısında hər gün əyilmək”.
***
Şah bunu eşitcək durdu, az qala
İstədi vəziri zindana sala.
Əyanlar baş əyib, söz istədilər,
Saraya yığışan, vəzir, vəkillər:
“Səbr edin, ey böyük şahların şahı,
Ölüm son məqamdır, acıdır ahı.
Qırx gün möhlət verin, əgər tapmasa,
Vəzir öz qanıyla yusun günahı.”

lll hissə
ŞAHIN MƏRHƏMƏTİ

Şah səbrini basdı, şərtini kəsdi,
Söylədi: “Bilməsən, zindan əbəsdi.
Onda dar ağacı qurduracağam,
Ya da ki, boynunu vurduracağam”.
Vəzir tərk eylədi sarayı həmən,
Saydı günlərini həmin o gündən.
Libasın dəyişdi, geydi çuxasın,
Bircə gün istədi artıq yaşasın.
Gəzdi əyaləti, bir neçə diyar,
Gördü, zəhmətini bölənlər də var.
Öyrəndi ki, hamı şahdan razıdır,
Ancaq, vəzirlərdən xalq narazıdır.
Otuz doqquz günü, aylı gecəni,
Vəzir dincəlmədi, gəzdi ölkəni.
Ayrıla bilmirdi o, qəm-qüssədən,
Get-gedə taqətdən düşürdü bədən.
Bütün əyalətin dərdi-sərinin,
Danışa bilmirdi bir kəlməsini.
Fəqət qəlbindəki o, öz dərdinin,
Bölüşə bilmirdi bir cümləsini.
Ürək çırpınırdı, göz qaralırdı,
Toran qarışırdı, axşam düşürdü.
Elə bil həyatla vidalaşırdı,
Hava soyuyurdu, o, üşüyürdü.
Bir isti komaya istədi getsin,
Kiməsə qəlbində olanı desin.
Ehtiyac duyurdu söhbət eyləsin,
Bütün olanları açıb söyləsin.
Vəzir düşünürdü harda qalmağı,
Axır qərar verdi yolda durmağı.
Səssiz titrəyirdi onun dodağı,
Bəlkə biri edər Allah qonağı?
Sanki, təbiətdə bütün qanunlar,
Biri o birinə uyğun olurlar.
Gör necə demişlər ulu babalar:
“Qaçan da, qovan da, Allahı anar”.

lV hissə
MÜDRİK QOCANIN QONAĞI

Bu anda bir cütcü gəlirdi çöldən,
Bütün gün işləyib düşmüşdü əldən.
Səxavətli olan bu müdrik qoca,
Çox yollar keçmişdi kamil olunca.
Cütcü qaraltıya çatıb dayandı,
Gördü bu dayanan yad bir adamdı.
Soruşdu: “Ay oğul, yoxsa çobansan,
Bəs sürü hardadır, nə axtarırsan?”
Vəzir cavab verdi: “Bəndəyəm ki, mən,
Kaş, çoban olaydım elə əzəldən.
Yuxarıda Allah, aşağıda sən.
Bəlkə bir gecəlik, qonaq edəsən?”
Vəzirin qolundan tutub astaca,
“Mən səni anladım”,- söylədi qoca.
“Sən ki, Allah adın çəkdin, ay oğul,
Qonaq Allahındır, hörməti uca”…
Qoca,”gedək”,-deyib, köksün ötürdü,
Söhbət edə – edə evə çatdılar.
Çırağı yandırdı, odun gətirdi,
Buxarı yerində ocaq çatdılar.
Qoca tezcə alıb dəsdamazını,
Qıldı bir kənarda şam namazını.
Ocağın üstünə çaydanı qoyub,
Bir çaylı- çörəkli süfrə açdılar.
Allahın verdiyi nazı- nemətdən,
Yedilər, içdilər, söhbət açdılar.
Qoca danışsa da olub-keçəndən,
Sözün arasında soruşdu birdən:
“Halın pərişandır, çox kədərlisən,
Danış ki, kədəri bölə biləsən.
Nə varsa aç, danış, gizlətmə məndən,
Sən Allah qonağı, bəs özün kimsən?”
Edam həyəcanın yaşayan başla,
Vəzir bu sualla tamam barışdı.
Qəmli gözlərində sel dolu yaşla,
Olub keçənlərləri bir-bir danışdı:
“Mən şahlar şahının baş vəziriyəm,
Divan fərman verib, mən ölməliyəm.
Şahın yuxusunda gördüklərinin,
Cavabın tapmaqda tamam acizəm”.
Vəzir olanları danışdı başdan,
Qoca da dinlədi, lap axıracan.
Şahın baş vəzirə tapşırığından,
Bir hikmət yarandı bu əhvalatdan.

V hissə
YUXUNUN HİKMƏTİ

Qoca söylədi ki, narahat olma,
Dinlə, dediyimi yaddan çıxartma.
Hər an etimadı çalış qazan ki,
Divanda başda ol, ayaqda qalma.
Səbrin hikmətini hesab et uca,
Bir Allahın səbri çoxdur, bolluca.
Bu kəlmə Allahın adıdır, oğul!
Hər işi əvvəlcə düşün doyunca.
Tamah-pis əməldir, çəkilən ahdır,
Tamah-insanlara bil ki, günahdır.
Tamah-canlıların qanını soran,
Şeytan xislətinin amalındadır.
***
Vəzir barmağını dişlədi birdən,
Əyilib qocanın öpdü əlindən.
Çox məna anladı etdiyi səhvdən,
Yaşardı gözləri onun sevincdən.
Söhbəti qısaldıb, sonra yatdılar,
Səhər sübhə yaxın tez oyandılar.
Atlanıb gəldilər şah sarayına,
Şahın məclisinə mehman oldular.

Vl hissə
SUAL-CAVAB MƏQAMI

Şəhərdə hər yerə elan vuruldu,
Toplandı əyanlar, divan quruldu.
Şah taxta əyləşdi, vəzir ayaqda,
Suallar yenidən bir- bir soruldu.
Vəzir təzim edib, söylədi: “Həmən,
Günahım böyükdür, ey hökmü verən.
Şeytan xislətidir, tamahdır ki, mən,
İstədim şah olum, siz sağ olarkən.
***
Allahın buyruğu hər an gözəldir,
Səbrin hikməti var, yol gələcəkdir.
Mənə verdiyiniz hökmü- qərarın,
Bəlkə də icrası dəyişəcəkdir”…

Epiloq
Düşünüb – daşındı, söylədi ki, şah:
“Sənin günahından qoy keçsin Allah!
Qüdrət sahibidir böyük Yaradan,
Çalış nəfsə uyma bir də heç zaman!
Bəllidir, ölkədə bu gün mən şaham,
Mən də sənin kimi bir yaranmışam.
Can verib, can alan yalnız Allahdır,
Mən bircə qarışqa yaratmamışam!”…

Son…
22.12.1988
Ədalət Bədirxanlı