İmadəddin Nəsimi -650 İmadəddin Nəsiminin fəlsəfi fikir tariximizdə yeri və rolu”na həsr olunmuş tədbir keçirildi

Oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə “Ziyalı Ocağı” İctimai Birliyinin təşkilatçılığı altında İsmayıllı Dövlət Humanitar vəTexnologiya kollecində Nəsimi ili çərçivəsində tələbələrlə görüş keçirildi. Görüşün mövzusu “İmadəddin Nəsiminin fəlsəfi fikir tariximizdə yeri və rolu”na həsr olundu. Kollecin müəllim kollektivi və tələbə heyəti tərəfindən rəğbətlə qarşılanan tədbir qarşılıqlı disskusiya formatında reallaşdırıldı.
Tədbiri giriş sözü ilə açan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, tədqiqatçı İlahə Əliyeva qeyd etdi ki, “Bu qəbildən olan tədbirlərimiz ölkə prezidenti, cənab İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı müvafiq sərəncamı ilə əlaqədar olaraq həyata keçirilir. İmadəddin Nəsimi yaradıcılığına olan intəhasız sevgi, dərin maraq cənab prezidentin sərəncamında öz əksini layiqincə tapmışdır. Cənab Prezidentimizin xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət və ehtiramı, eyni zamanda, qayğısı ilə reallaşan bu tədbirlər silsiləsi mədəni irsimizə diqqqətlə yanaşmağı, onu hörmətlə anmağı, yaşatmağı, gələcək nəsillərə ötürməyi qarşımıza bir məqsəd və vəzifə olaraq qoyur”.
İ.Əliyeva öz çıxışını “İmadəddin Nəsiminin fəlsəfi fikir tariximizdə yeri və rolu” mövzusu üzərində qurdu. O bildirdi ki, “Nəsimi yaradıcılığı fəlsəfi məqamların üstündə qərar tutub dayanan, öz gücünü və qüdrətini bu günümüzədək özündə saxlayan və cümlə aləmin böyük sevgi, rəğbəti ilə qarşılanan bir aləmdir. Hər misrası, hər beyti geniş, hərtərəfli araşdırma və diqqət tələb edən Nəsiminin söz aləmi dərin düşüncələrin, yüksək milli-mənəvi dəyərlərin, qiymətli fikirlərin cəmləndiyi bir dünyadır. Bu sirli-sehirli aləmin təsirinə düşən söz xiridarları Nəsimi şəxsiyyəti, Nəsimi fəlsəfəsi qarşısında heyrətə gəlirlər. Dövrünün bütün qabaqcıl elmlərinə, eləcə də yaxın Şərq və yunan fəlsəfəsinə dərindən vaqif olan Nəsimi ona ilahidən verilən söz qüdrəti ilə bu fəlsəfi məqamları birləşdirərək, zərgər ustalığı ilə misralara düzmüş və onu geniş xalq kütləsinə çatdırmışdır. Oxunaqlı tərzdə yazılan, əzbərlənərək dildən-dilə, ağızdan-ağıza düşən Nəsimi qəzəllərini dövrün cahilləri nə qədər silməyə, yox etməyə çalışsalar da, bacarmamışlar.
Fəlsəfi fikir tariximizdə özünəməxsus yeri və rolu olan İmadəddin Nəsimi yaradıcılığı bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fəlsəfəsindən bərhələnən söz adamları üçün Nəsimi yaradıcılığı daima çağlayan və eyni zamanda öz sirrini özündə saxlayan, dürr zərrələri kimi parıldayan, parıltısı ilə gözləri qamaşdıran, könlü, gözü oxşayan, ruhumuzu sakitləşdirən, ona həzin laylay çalan bir çeşmədir”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ağasəf İmran Nəsiminin hürufiliyə, sufuzmə dair baxışlarından bəhs etdi. A. İmran söylədi ki, Nəsimi cahilliyin, nadanlığın əleyhinə idi. O özü də məhz bu cahilliyin, nadanlığın qurbanı oldu. O nə istəyirdi? Nəsimi yaşadığı dövrdə bu günümüzü özündə əks etdirən bir cəmiyyətin qurulmasını arzulayırdı. Nəsimi inanırdı ki, bəşər övladı hürriyyətinə öz ağlı, ədəbi, idrakı ilə qovuşacaqdır. Ona görə insanları oxumağa, nadanlığa, yalana, hiyləyə qarşı mübarizəyə səsləyirdi.
Nəsimi öz poeziyasında fəlsəfəsi siyasi məqamlara toxunurdu. Məhz buna görə o dövrün irticaçı qüvvələri tərəfindən qorxuyla, təşvişlə qarşılanırdı. Nəsimi müasir dövrümüz ilə ayaqlaşan bir cəmiyyət, quruluş istəyirdi. Təəssüf ki, bu böyük söz ustadının arzuları dünən üçün həyata keçmədi, amma bu gün biz o cəmiyyətdə yaşayırıq və qəlbimizdə bu böyük söz və fikir ustadını hörmətlə anırıq.”
“Ziyalı Ocağı” İctimai Birliyinin İdarə heyətinin sədri İslam Mahmudov öz çıxışı zamanı söylədiyi nitqində “İmadəddin Nəsiminin bu gün də şair və yazıçılarımız üçün bir örnək, bir məktəb olduğunu xüsusilə vurğuladı.”
İ.Mahmudov Nəsimi dühasının böyüklüyündən, qüdrətindən danışdı. O qeyd etdi ki, Nəsimi qələmi, fikri qərbin, şərqin bir çox söz ustalarından daha güclüdür. Bir çox tədqiqtçılar bunu açıq şəkildə müqayisə edərək, etiraf edirlər. Əsasən şifahi şəkildə bizə gəlib çatan Nəsiminin sözü, özü, yaradıcılığı ilə bağlı yəqindir ki, hansısa arxivlərdə əsl həqiqətlər, gerçəklər yatmaqdadır. Gün o gün olsun ki, bu böyük şair, fikir ustadı haqqında əsl həqiqətlərə qovuşaq”.
İsmayıllı Dövlət Humanitar vəTexnologiya kollecinin tədris işləri üzrə direktor müavini İbrahim Əhmədov bu tədbirlərin keçirilməsinin vacibliyindən, əhəmiyyətindən danışdı. O qeyd etdi ki, “Xalqımızın qürur yeri olan olan bu dahi şəxsiyyətlərin xatırlanması ilə bağlı keçirilən tədbirlər gənclərimizin təlim-tərbiyəsində, eləcə də, onların formalaşmasında xüsisi rol oynayır. Gənclərimiz, tələbələrimiz öz klassiklərinə hörmət və ehtiramla yanaşır və onların şəxsiyyətinə doğan maraqdan irəli gələn təbliğatla klassiklərimizi yaşadaraq, gələcəyə daşıyırlar”.
Kollecin müəllimi Mövlud Ağayev çıxış edərək bildirdi ki, “İmadəddin Nəsimi bütün dövrlərin sevilən, şairlərindəndir. Onun xatirəsinin bu gün mənim çalışdığım təhsil müəssisəsində böyük sevgi ilə anılması tərəfimizdən minnətdarlıq hissi ilə qarşılanır. İmadəddin Nəsimi bizim Şirvan elinin yetirməsidir. Biz şərqdən qərbədək -bütün dünyanı tutan bu böyük şəxsiyyətlə qürur duyuruq, fəxr edirik”.
Tədbir digər natiqlərin çıxışları ilə davam etdirildi.

Xanoğlan ƏHMƏDOV
Jurnalist