Azərbaycançılıq ideologiyası haqqında film çəkildi.

Oktyabr ayının 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai birliyinin hazırladığı “Azərbaycan və Azərbaycançılıq” sənədli filminin təqdimatı keçirilib.
Tədbirdə QHT nümayəndələri, şairə və yazıçılar , jurnalistlər və digərləri iştirak edirdilər.
Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi nin rəhbəri Firuzə Əsədullayeva layihə haqqında məlumat verdi. O bildirdi ki, cəmiyyətin işçi qrupu “Azərbaycançılıq və hərbi vətənpərvərlik hisslərinin təbliğinə həsr olunan sənədli filmin hazırlanması” layihəsi çərçivəsində “Azərbaycan və Azərbaycançılıq” sənədli filmini hazırlayıb. Onun sözlərinə görə, sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.
Firuzə xanımın bildirdiyinə görə may ayının 1-dən başlayan layihə sentyabr ayının 1-də başa çatmalı və sənədli film avqust ayının sonlarında cəmiyyətə təqdim olunmalı idi. Ancaq müəyyən səbəblər üzündən filmi ictimaiyyətə bu gün nümayiş etdirildu.
Sonra filmin müəllifi və rejissoru Elxan Xanalızadə film haqqında məlumat verdi :
Yarandığı ildən cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı QHT Şurasının dəstəyi ilə layihələr icra edən JEŞ İB 2019-cu il üçün həyata keçirdiyi layihə çərçivəsində hazırladığı filmdə maraqlı addım atıb. Belə ki, sənədli filmdə müxtəlif yaşlarda və fərqli işlərlə məşğul olan sadə vətəndaşlar öz fikirlərini bildiriblər. Azərbaycançılıq ideologiyası haqqında indiyə qədər hazırlanan bütün sənədli filmlərdən fərqli olaraq, yalnız bu filmdə qeyri-rəsmi şəxslər və Aprel şəhidlərinin valideyinləri, həmçinin hərbçilər çəkiliblər. Filmdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycançılıq məfkurəsi haqqında düşüncələri xüsusi sitatlar şəklində çatdırılıb. Görkəmli alim, filosof Nizaməddin Şəmsizadə Azərbaycançılıq ideologiyası haqqında olduqca əhəmiyyətli fikirlər bildirib.
Onun sözlərinə görə “Azərbaycan və Azərbaycançılıq” sənədli filminin mahiyyəti dövlət və xalq birliyinin sarsılmazlığını ifadə etmək olduğu üçün çıxışların ümumi məğzi kütləvi çağırış xarakterlidir. Müxtəlif peşə sahiblərinin və fərqli yaşlarda olan insanların düşüncələri auditoriya üçün olduqca çox maraqlı olacaq. Çünki xalq və dövlət birliyinin qorunması, hərbi-vətənpərvərlik hisslərinin təbliği, milli-mənəvi dəyərlərin mühafizəsi, gələcək nəsillərə yaxşı ənənələrin ötürülməsi bu gün hər birimizin ümdə vəzifəsi və borcudur.
Sonda “Azərbaycan və Azərbaycançılıq” filmi nümayiş etdirildi və film haqqında müzakirələr başladı. Tədbirin bütün iştirakçıları film haqqında öz fikirlərini bildirdilər. Onlar filmin çox maraqlı alındığını və aktual olduğunu qeyd etdilər. Və belə filmlərin sayının artmasının lazım olduğunu qeyd etdilər.