Hadisə yerində dayanıb sığortanı və yol polisini gözləmək vacibdirmi? – VİDEO

Hər gün baş verən yol qəzalarında avtomobil sahibləri sığorta şirkətini və yol polisini gözləyirlər ki, hadisə yerinə gəlsinlər. Bu da təbii ki, yolda tıxac və başqa avtomobillərə təhlükə yaradır. Belə halların baş verməməsi üçün nə etmək lazımdır? Axı, qəza yerində saatlarla dayanıb sığorta və polis gözləmək bəzən daha ağır qəzalara səbəb olur.

Dəfələrlə yol qəzasından sonra yolun ortasında dayanan sürücüləri və ya qəzalı maşınları başqa nəqliyyat vasitələri vurub. Bu gün “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 5-ci bəndi sürücülərin qəza yerində saatlarla dayanıb tıxac yaradaraq sığorta və polis gözləməməsinə imkan verir. Qanunda deyilir:
– Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (yol polisinə) gəlməlidirlər.

Deməli, yüngül qəzalar baş verdikdə hadisə yerində dayanmaq vacib deyil. Amma sxem məsələsi sürücüləri çaş-baş salır. Axı hər bir sürücü sxem çəkməyi bacarmır. Lakin hər bir sürücünün mobil telefonla hadisənin və ya hadisə yerinin foto və videosunu çəkmək imkanı var.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, sxem sözünü qanundan çıxarmaq və ya qanuna “qəzanın foto və videosunu çəkərək yol polisi orqanına gəlmək” sözləri əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, yol polisi hadisə yerinə gəldikdə heç bir sxem tərtib etmir, o da ya foto-video çəkir, ya da sürücülərin hər ikisinin sənədlərini alaraq “filan otağa yaxınlaşarsınız” deyib gedir. Sığorta əməkdaşlarına gəldikdə isə elə onların da işi hadisə yerinə gələrək müəyyən qeydlər aparmaq və qəzaya düşən maşınların şəkillərini çəkməkdən ibarətdir. Elə isə foto və ya videonu elə sürücülər onlara təqdim edə bilər. Təbii ki, sürücülər arasında mübahisə olmamalıdır. Olarsa, yenə də hadisənin foto və videosunu çəkərək maşınları yolun hərəkət hissəsindən kənarlaşdırmaq lazımdır. Qanun da buna icazə verir.

3-cü bənddə deyilir:

– Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında xəstəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;

Odur ki, qanunları bir daha gözdən keçirib insanların rahatlığı, yol təhlükəsizliyi üçün vacib yeniliklər edilməlidir. (avtosfer)