“Əli İnsanov özü müxalifətə inteqrasiyaya çalışır, nəinki kimsə onun ətrafında toplaşır” – Partiya sədri

Xəbər verildiyi kimi, Azərbaycan Xalq Hərəkatındakı qanadlardan biri buraxıldığını elan edib. Bu, sabiq daxili işlər naziri İsgəndər Həmidovun lideri olduğu qanad idi. Yerdə qalanlar artıq qərarlarını veriblər. Onlar KXCP-nin əsas söz sahibi olduğu əks qanadda fəaliyyətlərini davam etdirəcəklər.

Bundan sonra AXH-nin taleyinin necə olacağı sual altındadır. Çoxları qurumun tezliklə tamamilə siyasi səhnədən silinəcəyini düşünür. Onu hansı müxalif birliyin əvəzləyəcəyi, eyni zamanda yeni bir birliyin olub-olmayacağı da məlum deyil.

Gedən müzakirələrdə sabiq səhiyyə naziri Əli İnsanovun da adı çəkilir. Bu da təsadüfi deyil. Onun rəhbərliyi ilə müxalifətin böyük kəsiminin bir arada olacağı barədə söz-söhbətlər gəzir. Xüsusilə sabiq nazirin günlər öncə elan etdiyi Haqq Ədalət Partiyasının (HƏP) siyasi səhnəyə gəlişindən sonra bu tipli müzakirələr durmadan artır. Doğrudur, yeni partiyanın gəlişi gözlənilən kimi özünü doğrultmadı. Hər halda, digər müxalif qüvvələrin HƏP-ə münasibətləri bunu deməyə əsas verir. Bu baxımdan İnsanovun ətrafında birliyin olmayacağı ehtimalları daha real görünür.

AĞ Partiya başqanı Tural Abbaslı vaxtı ilə təmsil olunduğu AXH-nin indiki taleyindən öncəliklə danışdı: “Sözün düzü, mən AXH-nin heç bir qanadı və ya işi ilə maraqlanmıram. Yəni AĞ Partiya olaraq biz bu birlikdən ayrıldıqdan sonra onların fəaliyyəti bizə maraqsızdır. Düşünürəm ki, istər bu qanadın, istərsə də digər qanadın tərkibində baş verənlər, oradakı dedi-qodular, şayiələr, ittihamlar bu birliyi xalqın nəzdində daha da hörmətdən salıb. Ancaq istənilən halda biz kimlərinsə siyasi fəaliyyətini təftiş etmək, onlara qiymət vermək niyyətindən uzağıq. İndi əgər birləşirlərsə, xoş olar. Uğurlar diləyirəm. Ancaq bir daha qeyd edirəm ki, o birlik yaranandan bu yana birlik ətrafında gedən proseslərdən sonra oranın nəsə bir siyasi uğura imza ata biləcəyinə şübhə ilə yanaşıram”.

T.Abbaslı sabiq nazirdən də danışdı: “Əli İnsanova gəldikdə isə görünən odur ki, onun da içəridəki hesabları ilə çöldəki hesabları üst-üstə düşmədi. Ən son partiya qurmaq istiqamətində təşkilat komitəsi yaratdıqlarını elan etdilər. Ancaq bir gün sonra adı təşkilat komitəsində olan bir neçə insan oradan istefa verdi. Həmçinin İnsanov azadlığa çıxan gündən çox güclü və nüfuzlu insanların onun ətrafına toplaşacağı barədə söhbətlərin getməsinə baxmayaraq, hələ də onun siyasi vitrinində kimsə yoxdur. Bunun ən bariz nümunəsini biz partiya təşkilat komitəsinin tərkibində gördük. Bu baxımdan inanmıram ki, müxalifətdə kimlərsə Əli İnsanovun ətrafında toplaşmaq istəsin. Tam əksinə, Əli İnsanovun özü hazırda olan müxalifətə inteqrasiyaya çalışır. Bununsa nə qədər alınıb-alınmadığı göz qabağındadır. Fikrimcə, iqtidar və bəzi siyasilər yanlışlıqla İnsanova olduğundan böyük siyasi yük yükləmişdilər. Artıq belə illüziyalar da demək olar qalmayıb. Yəni bu məsələdə də nə xalqın, nə də AĞ Partiya olaraq bizim xüsusi gözləntilərimiz yoxdur”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “AXH parçalanan andan bəlli idi ki, artıq bu qurumun heç bir perspektivi qalmayıb. Təəssüf ki, qısa müddətdə böyük maraq qazanmış AXH dərhal dağıdıldı. Siz dediyiniz birləşmə baş verməyib. Müxalifətin tərkibi yekcins deyil və müxalifətin geniş koalisiyasını yarada biləcək qüvvə görünmür. Bu baxımdan yaxın zamanda geniş tərkibli müxalifət birliyi yaranacağı ehtimalı çox azdır. Bir qədər dar formada əməkdaşlıqlar mümkündür. Ümumilikdə isə nə Əli İnsanovun, nə də bir başqasının müxalifəti bir araya gətirəcəyəm bəyanatına rast gəlməmişəm. Olmayan bir şey barədə fikir bildirmək isə mənasızdır”.
“Yeni Müsavat”