Bakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vuruldu

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Gəncə, Mingəçevir və Şəki şəhərində keçirilməsindən sonra Bakı şəhərində də belə tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində hazırlanmış “Hər qaranlığı işıq qovar” adlı sənədli film nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir iştirakçılarının məişət zorakılığının aradan qaldırılması üzrə təkliflər səsləndirilməsi və bu barədə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.