Ali təhsil müəssisələrində ölü ixtisaslar və keyfiyyətsiz kadrlar – Probelmin həlli var?

“Bəzi ixtisaslar var ki, onlar artıq müasir və qloballaşan dünyada ölü ixtisaslar hesab olunur. Amma bizdə bu işlərə nəzarət edən müvafiq qurumlar nədənsə həmin ixtisasların ləğv olunmasına səy göstərmirlər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Prezident İlham Əliyevin təhsilin problemləri ilə bağlı BDU-da səsləndirdiyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev BDU-da çıxışı zamanı tələbələrə səslənərək bildirib ki: “Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələrin”.

Eyni zamanda Prezident təhsilin problemlərindən danışıb. Prezident qeyd edib ki, hazırlanan kadrlar keyfiyətli deyil və ali təhsil müəssisələrimizdə ölü ixtisaslar var. Yəni əmək bazarında ehtiyac olmayan lazımsız ixtisaslar var.

Məlumdur ki, bu iki problem neçə illərdir təhsildə əsas problem olaraq qalır. Bəs bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil ekspert Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Bəzi ixtisaslar var ki, onlar artıq müasir və qloballaşan dünyada ölü ixtisaslar hesab olunur. Amma bizdə bu işlərə nəzarət edən müvafiq qurumlar nədənsə həmin ixtisasların ləğv olunmasına səy göstərmirlər”.

Müasir insanın tələbatlarını ödəyəcək ixtisaslar və o ixtisaslar üzrə təhsil almış peşəkar kadrlar ölkəyə lazım olduğunu düşünən təhsil eksperti PİA.az-a açqlamasında bildirib ki, bizim ali təhsil müəssisələri də məhz belə ixtisaslar üzrə kadrları yetişdirməlidirlər ki, indiki kimi əmək bazarında problem yaşanmasın:

“Prezident İlham Əliyevin həmin çıxış zamanı qeyd etdiyi fikirlər birmənalı qarşılanmamalıdır.
Bəli bizim ölkədə bir çox sahələr üzrə kadr çatışmazlığı var. Kadrların hazırlanması da məhz ali təhsil müəssisələrinin üzərinə düşür. Amma ali təhsil müəssisələrindən bir neçəsini çıxmaqla yerdə qalanında sanki kadr hazırlığı deyil, kapital yığını maraqlıdır. Bu isə yolverilməz haldır. İxtisaslı kadr hazırlamaq üçün bütün ali təhsil müəssisələri rəqabətə qoşulmalıdır. Lazım gələrsə, xarici ölkələrdən ixtisaslı kadrlar cəlb edib tələbələrə onların bilik və bacarıqlarını qazandırmaq lazımdır.

Bilirsiniz ki, bəzi ixtisaslar var ki, onlar artıq müasir və qloballaşan dünyada ölü ixtisaslar hesab olunur. Amma bizdə bu işlərə nəzarət edən müvafiq qurumlar nədənsə həmin ixtisasların ləğv olunmasına səy göstərmirlər. Fikrimcə, aşağıdakı ixtisasları bağlamaq və əvəzinə dünya təcrübəsi əsasında yeni ixtisaslar açmaq lazımdır:

I ixtisas qrupu üzrə:

– Dağ-mədən mühəndisliyi
– Materialşünaslıq mühəndisliyi
– Maşın mühəndisliyi
II ixtisas qrupu üzrə:

– Kommersiya

III ixtisas qrupu üzrə:

– Kitabşünaslıq
– Sənətşünaslıq
– Dinşünaslıq

IV ixtisas qrupu üzrə:

– Bitki mühafizəsi və s.

Düzdür mən tam tərkibdə bütün ixtisasları yaza bilmədim. Amma düşünürəm ki, bu ixtisaslara əmək bazarında elə də ciddi tələbat yoxdur.

Elçin Əfəndi: “İxtisaslı kadr hazırlamaq üçün bütün ali təhsil müəssisələri rəqabətə qoşulmalıdır”.

Son dövlər informasiya texnologiyaları yönümlü ixtisaslar açılır. Məsələn informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi və s. Bu təqdirəlayiq addımdır. Biz bunları təkcə I ixtisas qrupuna daxil olan ixtisaslar kimi görürük. Amma yaxşı olardı ki, II, III, IV ixtisas qrupları üzrə də tələbat çox olan müasir ixtisasları da ölkəyə gətirək və o ixtisaslar üzrə kadrlar hazırlayaq.

Yəni müasir insanın tələbatlarını ödəyəcək ixtisaslar və o ixtisaslar üzrə təhsil almış peşəkar kadrlar ölkəyə lazımdır. Və bizim ali təhsil müəssisələri də məhz belə ixtisaslar üzrə kadrları yetişdirməlidirlər ki, indiki kimi əmək bazarında ciddi problemlər yaşanmasın”.