“Hər qaranlığı işıq qovar” adlı sənədli film Mingəçevir Gənclər Evində nümayiş etdirildi

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə 100-ə yaxın müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində ərsəyə gətirilmiş “Hər qaranlığı işıq qovar” adlı sənədli film Mingəçevir Gənclər Evində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.