Ərdoğandan Makrona şok sözlər – “Beynini yoxlatdır!”

“Cənab Makron, Türkiyədən deyirəm, NATO sammitində də deyəcəm: Sən əvvəlcə öz “beyin ölümü”nü yoxlatdır!” Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NATO-nun beyin ölümü baş verib” deyən Fransa Prezidenti Emmanuel Makrona cavabında deyib.

“Türkiyəni NATO-dan çıxarıb-çıxarmamaq… Sənin nə həddinə? Bununla bağlı sənin qərar vermək səlahiyyətin varmı? Makron çox təcrübəsizdir. Terrorizmlə qarşı mübarizə nədir, bilmir. Ona görə də “Sarı jiletlilər” Fransanı işğal etdi”, – deyə Ərdoğan bildirib.

Ərdoğan Mərmərə Universitetində təməlqoyma tədbirində bildirib:NATO üçün Fransanın nəyi ifadə etdiyini bilmirik, ancaq Türkiyə NATO-nun ən əhəmiyyətli ölkəsidir”.

“Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var? Koalisiya qüvvələrindən bəhs edirsənsə, biz artıq oradayıq. Bunları Fransa prezidenti Emmanuel Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər əvələyib-gəvələyin.

Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhlükəsizlik siyasətinə hörmət edəcəksiniz. Bunlar Türkiyə olmazsa, dünyanın dörd bir yanından terrorçuların Avropaya yığışacağından xəbərsizdirlərmi? Burada təkrarlamaq istəyirəm. Türkiyə Suriyadan torpaqlarımıza yönələn təhdidlər tamamilə bitənə, son terrorçu məhv edilənə qədər əməliyyatını davam etdirəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.