Bakı metrosunda nə baş verir – rəsmi açıqlama

Bəxtiyar Məmmədov: “Hazırda təlimat tələblərinə  uyğun olaraq araşdırma aparılır”

Bakı metrosunda yenidən qəza baş verdi. Belə ki, noyabrın 24-də saat 05:41-də “Həzi Aslanov-Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “Qara Qarayev” stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal “Bakı Metropoliteni” QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq strukturların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərnişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” stansiyaları iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

“Ulduz- Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Rəsmi xəbərdə bildirilir ki, saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

“Yeni Müsavat”a metropolitendə çalışan əməkdaşlar bildiriblər ki, bu cür hadisələrin baş verməsinin səbəbi səhlənkarlıqdır. İddia edilir ki, depoda köhnə qatarların detalları yenilərə bağlanır. Bu kimi səbəblərə  görə, də belə qəzalar baş verir. Mənbənin sözlərinə görə təmas relsi ilə qatarı bağlayan detalın bu cür qopma hallarına tez-tez rast gəlinir.

Bəxtiyar Məmmədov: ile ilgili görsel sonucu

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə deyilənləri təsdiqləmədi. “Yeni Müsavat”a açıqlamasında B. Məmmədov bildirib ki, hazırda baş verən qəzanın səbəblərinin ciddi qaydada araşdırılması prosesi gedir:

“Öncə deyim ki, bu cür qəzalar çox nadir hallarda baş verir. Hadisənin təhlili araşdırması, müzakirəsi davam edir. Metronun təlimat qaydalarına uyğun olaraq işlər aparılır. Qəzanın səbəbləri bu prinsiplərlə tam müfəssəl öyrəniləcək. Artıq tapşırıqlar verilib, araşdırma aparılır. Bu qəzanın təkrarlanma ehtimalı mümkün deyil. Hadisə baş verən zaman metroda heç bir sərnişin olmayıb. Səhər gərginlik veriləndən sonra sınaq qatarı formasında ilk qatar içərisində sərnişin olmadan hərəkət edir. Bu qatar bütün mənzili keçir və yollar yoxlanılır. İlk qatar xətdə olan zaman nasazlığı aşkar edib. Məsələ ilə bağlı operativ işlərə başlanılıb. Ona görə də 4 saat ərzində problem aradan qaldırılıb”.

Məmmədov bildirib ki, köhnə qatardan detalların sökülməsi iddiası da yalandır:

“Bu məsələnin qatara aidiyyəti yoxdur. Söhbət təmas relsindən gedir. Qatar həmin təmas relsinə bir detalla toxunur.  Bunun təzə və ya köhnə qatara aidiyyəti yoxdur. Detal dəmir parçasında olan bir şeydir və təmas relsindən elektriki qatara ötürür. Problem də relsdə olub. Metropolitenin hər bir hadisə ilə bağlı təlimat tələbləri var. Hazırda da həmin tələblərə uyğun olaraq araşdırma aparılmalıdır. Təlimat tələb edir ki, məsələ tam müfəssəl formada, hərtərəfli qaydada öyrənilməlidir. Buna görə də bütün infrastrukturlar öyrənilir. Bu gün müzakirə gedib. Nəticəni qarşıdakı günlərdə ictimaiyyətə açıqlayacağıq”.

Əli RAİS,
“Yeni Müsavat”