TÜRK ƏSGƏRİNƏ SALAM

Vur, əsgərim, vur, igidim,
Meydan sənə halal olsun!
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Ana yurdun aşiqidir
Anasından ər doğanlar,
Burla Xatun, Nigar, Həcər –
Nər böyüdüb, nər doğanlar.
Nə yüz deyil, nə min deyil,
Səksən milyon Ərdoğan var,
Vur, əsgərim, vur, igidim,
Düşmən yurdu talan olsun,
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Uca Haqqın yolundasan
İlk bəxtinlə, ilk yazınla,
“İstiqlal”ı sən yazmısan
Hünərinlə, avazınla.
Türkəm” deyib dayanmışam
Bir oğlumla, bir qızımla,
Bir şəhid də, bir qazi də
Mənim özcə balam olsun,
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Atillalar, Temuçinlər,
Fateh Məhmət, Alp Arslanlar…
Düşmən bağrı çat-çat olar,
Nərildəsə ac aslanlar.
Ağ günlərin sahibidir7
Al sancağa sığınanlar,
Qəlbimdəki qürur, inam
Basılmayan qalam olsun,
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Sözün ötkəm, izin möhkəm
Balkanlardan Altaylara,
Şərəf adlı saray qurdun
Zamanları yara-yara.
Zülm əlindən nicat tapan
Alqış deyir xilaskara,
Xoş niyyətin, mərd xislətin
Qoy dünyaya elan olsun,
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Türk ulusu, türk torpağı –
Dağ-dərəsi, düzü – Vətən,
Qəlbin közü, gözün nuru,
Sevgilərin gözü – Vətən.
Şəhidlərin məzar daşı,
Qazilərin özü – Vətən,
Vətən ləfzi dilimizdə
Ən müqəddəs kəlam olsun,
Azərbaycan ellərindən
Məhmətciyə salam olsun!

Sultan Abbasov