AZƏRBAYCAN BAYRAĞI DAİM YÜKSƏKLƏRDƏ DALĞALANACAQ! Azərbaycan

Respublikasının tanıtım vəsiqələrindən, Dövlət atributlarından, rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağımızdır. Hər bir xalqın özünəməxsusluğunu təcəssüm etdirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi milli-maddi irsi, mədəniyyət nümunələri əsasında müəyyənləşir. Azərbaycan Respublikasının Dövlət bayrağı müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Qanunu, həmin qanunla təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Müstəqil Azərbaycan dövlətinin bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi dahi Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımıza hörmət və ehtiram hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlətimizin müstəqilliyinin simvolu olan üçrəngli bayrağımız bütün nəsillər üçün müqəddəs və yenilməzdir. Heç də təsadüfi deyildir ki, Respublikamızın prezidenti xarici ölkələrə səfəri zamanı milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Bu gün milli bayrağımız həmçinin müstəqil Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə qaldırılıb. Əzəmətli bayrağımız dünyanın 180-dan çox müstəqil dövlətinin bayraqları ilə eyni sırada dalğalanmaqdadır. Şübhəsiz ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq və eyni zamanda sancıldığı məkanların sayı daha da artacaqdır. Dünyanın hansı bucağında olmasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr və fəxarət mənbəyidir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyarlardan biridir. Müstəqillik bizim ən böyük sərvətimiz və ən böyük xoşbəxtliyimizdir. Bu gün Azərbaycan boyu dalğalanan üçrəngli bayrağımızın tarixi milli dövlətçiliyimizin keçdiyi çətin sınaqların tarixi kimi qiymətləndirilməlidir. Xalqımız müstəqilliyimizin əbədi və dönməzliyi, Azərbaycanın çiçəklənməsi istiqamətində ümumilli liderimiz Heydər Əliyevin böyük fəaliyyətlərini, əvəzsiz xidmətlərini sonsuz minnətdarlıq və ehtiramla yada salır. Biz inanırıq ki, Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarımızda da üçrəngli və əzəmətli bayrağımız tezliklə dalğalanacaqdır. Azərbaycan səmasında dalğalanan bayrağımız sabaha ümidimiz, gələcəyə işığımızdır. Müstəqilliyimizin, suverənliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Bu ünvan QARABAĞımızdır.
Müəllif: NƏRMİNƏ QULİYEVA. “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini, Qadınlar Şurasının sədri.