125 deputat deputat azdır? – “Əsas say deyil, keyfiyyət olmalıdır”

Politoloq Azər Rəşidoğlu ölkəmizdə deputatların sayı ilə bağlı maraqlı məqama toxunub. Siyasi şərhçi qeyd edib ki, Azərbaycanda deputatların sayı azdır: “Gürcüstanın əhalisi 4 milyondur, orada deputatların sayı 150-dən çoxdur. Ermənistanda heç 3 milyon sakin yoxdur, 132 deputatı var. 10 milyonluq Azərbaycan üçün 125 deputat olduqca azdır, düşünürəm ki, qanunvericilikdə islahat aparılmalı deputat sayı artırılmalı və yeni parlamentdə müstəqil insanlar daha çox təmsil edilməlidir”.

Politoloqun fikirləri ilə bağlı Sherg.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, deputatların sayının çox olması yox, parlamentin daha keyfiyyətli formalaşması vacibdir:

“Bu məsələdə müxtəlif fikirlər var. İnsanlar mülahizələrinə görə, deputat sayının artırılmasına ehtiyac olduğunu söyləyə bilərlər. Buna normal yanaşıram. Amma əsas deputat kontingentinin keyfiyyəti məsələsidir. 100 deputat da ola bilər, 70 deputat da. Amma daha keyfiyyətli fəaliyyət göstərən bir parlamentin formalaşması məsələsi aktualdır.

Ona görə də fikrimcə, bu kimi məsələlərdə daha çox keyfiyyət göstəricisinə baxmaq doğrudur. Məsələn, deputat sayının çox olmasından əvvəl professional bir sistemin olması vacibdir. Sayı az olsa da, professional deputatların olması ilə keyfiyyətli parlament formalaşa bilər. Bunların hamısı müzakirə oluna biləcək məsələlərdir. Əsasən parlamentin keyfiyyət üzərində qurulması daha faydalıdır”.