Dövlət Bayrağımız – qürur mənbəyimiz…

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.

“Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist Faiq Əhmədov Dövlət Bayrağı Günü münasibətilə əməkdaşımızla söhbətində daha sonra deyib: Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. Hökumətin Bakıda fəaliyyətə başlamasından az sonra, 1918-ci ilin noyabrında Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olundu. Lakin təəssüflər olsun ki, sovet işğalından sonra milli bayrağımız da digər dövlət atributları kimi ləğv olundu və üçrəngli bayrağımızın yenidən başımız üzərində dalğalanması yalnız 75 ildən sonra mümkün oldu. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bir müddət sonra, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi öz əksini tapmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dövlət başçımızın həmin mərasimdə səslənən tarixi nitqində deyilir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir…”

Cənab Prezidentimiz İlham Əliyevin bayrağımıza qarşı sərgilədiyi bu münasibəti isə, sözsüz ki, bütün cəmiyyətdə də Dövlət Bayrağına qarşı yüksək ehtiram hissinin daha da güclənməsinə xidmət edir.

 

Səadət Rzayeva,
“Xalq qəzeti”