44 günlük savaş… – 4 günlük Aprel döyüşlərinin rolu danılmazdır…

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu. Dünən Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfrans formatında keçən kapitulyasiya şərtləri əsasında razılaşma sənədinin imzalanması Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Bütün dünya azərbaycanlıları qürur və qələbə gününü qeyd edir. 10 noyabr yeni Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri olaraq yaddaşlara həkk olundu. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Əsgər və zabitlərimiz qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlara imza atdı.

Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan qurtardı. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra – noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan tərəfi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Dövlət başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunacaq. Rusiya sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdiriləcək. Sülhməramlıların yerləşmə müddəti 3 il müəyyən olunur. Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Dövlət başçısı hər zaman bəyan edib ki, Azərbaycan mülki insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, ancaq buna nail ola bilmədi. Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bəyan etmişdi.

Ölkə rəhbəri dəfələrlə vurğulamışdı ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə dəstəkləmişdi. Mühüm amillərdən biri budur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür.
Məlum olduğu kimi Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Lakin Prezident, Ali Baş Komandan qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Bununla da regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezidentimiz nəyi, necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq.

Dövlət başçısı xalqa müraciətində vurğuladı ki, əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın. Ölkə rəhbəri üç tərəf arasında imzalanmış bəyanatı Ermənistanın kapitulyasiyası adlandırdı: “Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!”.
Tarixi bəyanatla bağlı fikirlərini bölüşən millət vəkili Azər Badamov deyib ki, xalqımızın 30 illik intizarına şanlı ordumuzun apardığı 45 günlük müharibə son qoydu. Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında müqavilə tarixi qələbəmizdir. Onun sözlərinə görə, müharibənin dayandırılması və işğalçının hərbi birləşmələrinin təqdim olunmuş qrafik üzrə torpaqlarımızı tərk etməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması deməkdir: “Cənab prezident demişdi ki, əgər müharibə başlanana qədər biz Ermənistana müəyyən şərtlər daxilində danışıqlar masası arxasında oturmağına hazır idiksə, indi biz bizim şərtlərimizlə düşməni masa arxasına oturmağına məcbur etdik. Müqavilədə Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı hər hansı bir bənd yoxdur. Bu o deməkdir ki, ermənilər Azərbaycanda bütün xalq kimi eyni və bərabərhüquqlu vətəndaşlar olaraq yaşaya biləcəklər. Dağlıq Qarabağda hazırda erməni mülki vətəndaşlarımız yaşayır. Ora azərbaycanlılar da qayıtmalıdırlar və bir yerdə birgə yaşamasına başlayacaqlar. Xalqların birgə yaşayışını və təhlükəsizliyinin təmin olunması üçün regiona sülhməramlıların gətirilməsi nəzərdə tutulur. Sülhməramlıların işinə nəzarət mexanizmində Türkiyənin də olması müqavilə şərtlərinin nəzərdə tutulmuş qrafik üzrə icrasına məsuliyyəti artıracaq. İmzalanmış sülh müqaviləsi Azərbaycanın maraqlarına tam uyğundur və ərazi bütövlüyümüzün bərpası deməkdir”.

Parlament üzvü qeyd edib ki, Ermənistanın acı məğlubiyyəti bu ölkədə etiraz dalğasını genişləndirib. Müqavilə qüvvəyə minəndən sonra İrəvanda ermənilər hökumət binasına hücum edib, “rədd olsun Paşinyan” şüarları sələndiriblər:

“Hətta sosial şəbəkələrinin erməni seqmentinin məlumatına görə, xalqın narazı kütləsi regionlardan paytaxta üz tutaraq kütləvi narazılıqlara başlayıblar. Ermənistanı bu acınacaqlı günə salan şizofren Paşinyandır. Düşünürəm ki, ermənilər Paşinyan və onun ağılsız hökumətinin ömrünə son qoyacaq. Ümid edirik, ermənilər özlərinə ağıllı, qonşuluq münasibətlərini və birgəyaşayışını dəyərləndirən, öz xalqının gələcəyini düşünən bir rəhbər seçəcək”.
Millət vəkili Kamal Cəfərov da Ermənistanın həm hərbi, həm də siyasi meydanda tamamilə məğlub olduğunu bildirib. Deputat qeyd edib ki, imzalanmış üçtərəfli bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini beynəlxalq səviyyədə rəsmiləşdirdi: “Bu, Azərbaycan xalqının, Müzəffər Azərbaycan Ordusunun və Ali Baş Komandanın zəfəridir, tarixi qələbədir. Fəxr edirəm və çox şadam ki, 200 ildən çox davam edən bu münaqişənin həm hərbi, həm də siyasi həllinə şahid oldum. Tarixi bəyanata əsasən, Azərbaycan işğaldan azad etdiyi mövqelərdə, o cümlədən Şuşada qalır. Ermənistan 15 noyabr tarixinə kimi Kəlbəcər rayonunu, 20 noyabr tarixinə kimi Ağdamı, 1 dekabr tarixinə kimi Laçın rayonunu qeyd-şərtsiz Azərbaycan Respublikasına qaytarır. Məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlarına geri qayıdır. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Həmin ərazidə Dağlıq Qarabağ adlı hər hansı qurum da yoxdur. Dağlıq Qarabağ, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və Xocavənd Azərbaycanın inzibati ərazi vahididir”.

Parlament üzvünün fikrincə, bəyanatdakı sülhməramlılarla bağlı müddəa ən çox bizim lehimizədir: “Bu münaqişə İsrail-Fələstin problemi kimi uzun illər davam edə bilməz. İstisna deyil ki, torpaqlar işğaldan azad ediləndən sonra ermənilər yenidən hücuma cəhd etsin və mülki əhaliyə atəş açsın. Tərəflərin, daha doğrusu, Ermənistanın bu bəyanata əməl etməsi üçün sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Ermənistan silahlı qüvvələri heç vaxt risk edib rus-türk əsgərlərinə atəş aça bilməz! Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq”.

Politoloq Araz Aslanlı da bildirib ki, elan edilən razılaşmanı təkbaşına dəyərləndirmək əskik yanaşma olar. Bu, uzun prosesin bir parçasıdır. Ən az 1991-ci ildən bu yana davam edən prosesin:

“Bu çərçivədə baxanda Azərbaycan son 30 illik tarixi dönəmin ən ciddi uğurunu qazanıb. Ağdam, Kəlbəcər və Laçından Ermənistan ordusunun çıxması uğurdur. Məcburi köçkünlər və qaçqınların bütün ərazilərə qayıtması Azərbaycan üçün nailiyyətdir. 1991-ci ildən bu günə qədər ilk dəfə “Dağlıq Qarabağ” adlı bir qurum və ona veriləcək hansısa bir status barədə mətndə heç bir ifadənin olmaması ciddi uğurdur. Keçmiş DQVM ətrafındakı bütün rayonların Azərbaycana qayıtması, təmas xəttinin isə indiki cəbhə xətti olaraq qəbul edilməsi qismən uğurdur”.

Alət çubuğuna keç