Azərbaycan Ordusu xalqın güvənc yeridir!

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Buna səbəb, ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malik olmasıdır. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir.

Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Rəşadətli əsgərlərimiz yenilməz mətanətlə hər bir Azərbaycan ailəsinin, qadınının və uşağının əmin-amanlığının, sakit həyatının keşiyində dayanır.

Aprel döyüşləri ordumuzun hansı gücə malik olduğunu dünyaya nümayiş etdirdi. Torpaqlarımız işğal ediləndən sonra təkcə ermənilərdə yox, bir çoxlarında belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu ermənilərə qarşı döyüşmək iqtidarında deyil. Amma 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin uzun illər ərzində formalaşdırdığı bu mifi darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. Dörd il əvvəl işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərmizin, şəhidlərimizin fədakarlığı nəticəsində Ermənistan ordusuna ciddi hərbi və mənəvi zərbə vuruldu. Azərbaycan Aprel döyüşləri zamanı bütün dünya ictimaiyyətinə nümayiş etdirdi ki, diplomatik yolla torpaqlar azad olunmasa, güc tətbiq edib ərazilərini azad etməyə hüququ da, iradəsi də var.

Bir məqama diqqət yetirək: Ordumuzun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələni də diqqət mərkəzində saxlayır. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. Bu gün bizim hərbi kadrlar yalnız ölkəmizdə deyil, həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.

Təkcə 2016-cı ilin Aprel döyüşləri həm də Azərbaycan Ordusunun böyük zərbə qüvvəsinə malik olduğunu göstərdi. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan Ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir. Hazırda dünya Azərbaycan Ordusunun gücünü, onun qüdrətini görür. Azərbaycan istehsalı olan silahlar isə ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir. Bu gün Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu var. Odur ki, əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları azad etməyə hər an hazırdır.

Dünyaxanim Əliyeva Dünya ana və uşaqlar ic.birliyi

Alət çubuğuna keç