Xankəndiyə Rusiyadan gedən yardım… – Gəncədən aparılmasının səbəbləri

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarənin Gəncə aeroportuna eniş etməsi və oradan maşınlarla humanitar yardımların Xankəndinə aparılması ciddi mübahisələrə yol açıb.

“Yeni Müsavat” yazır ki, Qarabağda yaşayan ermənilərə aparılan yardım Azərbaycan əleyhinə yeni proses kimi qiymətləndirilir.

Bu addımı Moskvanın yeni manipulyasiyası və Dağlıq Qarabağdakı ermənilərə qahmar çıxmaq kimi dəyərləndirən bəzi siyasi fəalların fikrincə, Azərbaycan gərək Gəncə aerodromunu onlar üçün açıq qoymayaydı.

Belə mülahizələrlə çıxış edən adamların siyasi səbatsızlığı və səriştəsizliyi göz deşməkdədir. Biz həm təminat veririk ki, Qarabağda qalan dinc ermənilər vətəndaşımızdır, Azərbaycan qanunları ilə yaşaya bilərlər, həm də onları izolyasiya etməyə, ac-yalavac qoymağa çağırırıq.

Buna görə dünya bizə nə deyər?! Deməz ki, siz ermənilərin də bərabərhüquqlu olmasından danışırsınız, adi humanitar yardımın getməsinin qarşısını kəsirsiniz.

Məsələnin mühüm tərəfi isə marşruta diqqət yetirilməsidir. Rusiya təyyarəsi yardımları Azərbaycan üzərindən edib. Əvvəlcə Gəncəyə, sonra Xankəndinə yüklər daşınır. Biz razılıq verməsəydik, o zaman Rusiya Ermənistandan Xankəndinə yardımları aparmalıydı.

Amma Kreml Gəncə-Xankəndi istiqaməti ilə demək istəyib ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanla heç bir əlaqəsi yoxdur, ikincisi, bu nəqliyyat prosesə rəsmi Bakının nəzarət etmək imkanını yaradır.

Əfsus ki, uzağagedən nəticələr çıxara bilməyən insanlar emosiyalara qapılaraq ermənilərə nə üçün yardım göndərilməsinə şərait yaratdığımızı sual edirlər.

Bəs necə olmalıdır? Bu yardımların yenidən Ermənistan üzərindən Dağlıq Qarabağa çatdırılmasına şərait yaratmalıydıq?

Ölkənin ərazi bütövlüyünün bərpası, ərazilərimizdə qalan dinc ermənilərin təhlükəsizliyinin – istər qida, istərsə digər istiqamətlərdə təmin olunması üçün hansı addımları atmalıydıq?

Təbii ki, bu cür yanaşmalar bizi beynəlxalq təpkilər qarşısında qoya bilər. Habelə, Ermənistandan bu yardımlar Xankəndinə getsəydi, hər kəs Rusiyanın hansısa planlarının olduğunu söyləyəcəkdi, qondarma “dqr”ə dəstək verdiyini iddia edəcəkdi.

Amma Rusiya tərəfindən beynəlxalq hüquq normalarına əməl edilərək Azərbaycan ərazilərindəki ermənilərə humanitar yardımlar elə Azərbaycan ərazisindən keçməklə daşınır.

Bu mövzuda danışan parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, bu məsələdə bir neçə vacib siyasi faktor var.

Deputatın sözlərinə görə, ilk növbədə humanitar yardımın Azərbaycanın öz ərazisindən daşınması böyük zəfərin nəticəsidir: “Əvvəla, Dağlıq Qarabağdakı erməni icması, yəni Xankəndi, Xocavənd və onlara yaxın ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar, onların problemi bizim dövlətin məsələsidir.

Nəzərə alsaq ki, hər hansı status yoxdur və onlar bizim vətəndaşlar sayılırlar, bu halda bizim vətəndaşlar qədər onların da problemləri əhəmiyyətlidir.

Digər tərəfdən, humanitar yardımın çatdırılması Azərbaycan dövləti ilə razılaşdırılıb.

Halbuki, 10 noyabra qədər həmin ərazilərə gediş-gəliş, humanitar yardımlar qanuna zidd olaraq Ermənistan tərəfindən həyata keçirilirdi”.

A.Mirzəzadənin fikrincə, bu onu göstərir ki, həmin zona ilə bağlı bütün təsərrüfat fəaliyyəti, kommunikasiya məsələləri, oradakı erməni əsilli vətəndaşlarımızın humanitar yardımları ancaq Azərbaycan ərazisindən keçməklə reallaşdırılacaq:

“Orada yaşayan erməni əhalisinin də bundan narazılığı yoxdur, ola da bilməz. Bu məsələlərin həyata keçirilməsi regionda stabilliyin bərpa olunmasında vacib məsələlərdən biridir”.

Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya təyyarəsinin Gəncəyə enməsi Putinin Azərbaycanın ərazi bütövlüyünə hörmətini bir daha nümayiş etdirir.

Ekspertin fikrincə, bu günə kimi Moskva tərəfindən Bakını qıcıqlandıracaq, yaxud narahat edəcək hər hansı addım atılmayıb:

“Dağlıq Qarabağda qalan ermənilərin aqibəti ilə bağlı çoxlu suallar verirlər. Amma nə status, nə muxtariyyat nəzərdə tutulub.

Onlara verilən yardımlar humanitar xarakter daşıyır və Azərbaycan tərəfi ilə razılaşdırılaraq həyata keçirilib. Əgər biz razılıq verməsəydik, Ermənistana və Qarabağdakı erməni əhalisinə böyük arqumentlər qazandırmış olardıq.

Eyni zamanda Qərb mediası erməniləri sıxışdırmaqda ittiham edəcəkdi, onları blokadaya saldığımızı deyəcəkdilər. Biz heç bir əsas vermirik və bundan sonra da bütün işlər Azərbaycan üzərindən həyata keçirilməlidir.

Eyni münasibəti Xudavəng monastrına erməni keşişlərin rus sülhməramlılarının müşayiəti ilə gəlməsində göstərdik. Baxmayaraq ki, onlar təxribat, gərginlik yaratmaq istəyirdilər.

Amma biz dünyaya göstərdik ki, insanların etiqadına necə tolerant yanaşırıq. O baxımdan Azərbaycan tərəfi Qarabağda qalan ermənilərə təminat verir və bizim qanunlarla yaşamağa hazır olmalıdırlar”.
“Yeni Müsavat”

Alət çubuğuna keç