“Peyvəndlənmə prosesinin də bazara birbaşa təsiri var” – ekspert

“Neftin qiyməti düz 20 gün bundan öncə – dekabrda 50+ dəhlizində olub. Neftin qiymətinin 50-dən yuxarı qalxmasına səbəb iki faktor əsas rol oynayır. Birincisi, OPEC-in atdığı addım, ikincisi, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq peyvəndlərin tətbiqinin başlanmasıdır.

İstər Avropada, istərsə də Amerikada bu peyvəndlər dekabr ayında həddən artıq qızışdırıcı meylə malik idi. Və bazar iştirakçılarında optimizm əhval-ruhiyyəsi yaradırdı ki, onların təsiri ilə artıq dünya bu bəladan yaxa qurtara biləcək və bunun nəticəsində gediş-gəliş artacaq. Hər şey əvvəlki məcrasına düşəcək və neftə tələbat da artacaq”.

Bu fikirləri “Şərq”ə açıqlamasında Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban deyib. Ekspert əlavə edib ki, ancaq son günlər neftin qiyməti 52-dən gəlib, artıq 50-dən aşağı bir həddə düşdü:

“Sadəcə bazara daxil olan bəzi neqativ və pozitiv informasiyanın bir-birinin üstələməsi ilə neftin qiymətində dəyişmələr oldu. Hələ ki, təlaş üçün hansısa bir əsas yoxdur. Bayden prezident olduqdan sonra neftin qiymətinin artacağı ilə bağlı fikirlər var. Qeyd edim ki, bu da çox müəmmalı və ancaq təxəyyülün doğurduğu məsələlərdəndir.

Neftin dünyada stabil artımı üçün, tutaq ki, 55-ə çatması və onu qoruyub saxlaması üçün birinci növbədə tələb yaranmalıdır. Tələbə uyğun da təklif olmalıdır.

Ondan başqa hansısa hadisələr baş verirsə, bu, qısamüddətli və daha doğrusu, bir neçə saatın içərisində yenidən öz məcrasına qayıdan məsələdir. Hələki yanvarın ortasına qədər koronavirusun təsirləri ilə bağlı Milad bayramı, Yeni il şənlikləri ilə bağlı kütləvi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

Bu da istər gediş-gəlişi, istərsə də tələbatı azaldır. Başqa bir səbəb artıq burda klimatik faktor rolunu oynayacaq. Çünki bu həftədən başlamış Şimal yarımkürəsində normadan yüksək temperatur qeydə alınması baş verib.

Əgər əvvəl çox soyuq hava kütlələrini biz müşahidə edirdiksə, özü də Amerikada yarım metr qar yağırdı, Avropanın şimal hissəsi həddən artıq çox soyuq olurdu. Hətta gedib Yaponiya, Cənubi Koreya kimi ölkələri də öz ağuşuna almışdı.

Temperatur Cənubi Koreyada mənfi 20-yə düşmüşdü ki, bu da enerjiyə tələbatı artırırdı. Ancaq Bakıda havanın temperaturu 9 dərəcəyədək yüksəlib və heç bir külək yoxdur. Şimalda da vəziyyət bu cürdür. Neftə tələbatın azalması qısamüddətli olsa da bazarda əksini tapır”.

İ.Şaban hesab edir ki, neftin qiymətinin 60-a qədər yüksəlməsi və onu keçməsi məsələsini yəqin ki, yaxın 6 ayda müşahidə edilməyəcək:

“ Nəyə görə? Onu da deyim ki, peyvəndlərlə bağlı əvvəllər nə qədər pozitiv informasiya yayılırdısa, indi bir o qədər neqativ məlumatlar yayılır. Məsələn, filankəsə vurdular, bu, əks reaksiya verdi və s. Əlbəttə ki, bütün bunlar çəkindirici faktor rolunda çıxış edir.

Ancaq istənilən halda bundan artıq müsbətə doğru hərəkət olarsa, dünya üzrə də hərəkət artarsa, enerjiyə tələbat yaranarsa, nəyə görə neftin qiyməti 50-60 dəhlizinə çatmayacaq?

Çünki OPEC-in dekabr ayının əvvəlində keçirdiyi görüşdə əldə edilən 24 ölkənin razılaşması ondan ibarətdir ki, hər ay bazarı monitorinq edib və hasilatın 500 min barel artırılmasıyla bağlı qərar verəcək. Əgər gediş-gəliş çoxalacaqsa, bunlar da artır. Yəni bir tərəfdən tələb yaranır, o biri tərəfdən təklifi artırırlar.

Necə ki, 2015-2019-cu illərdə neftin orta qiyməti 54 dollar olub, artıq dünya son 5 illiyin orta qiyməti ətrafında köklənib. BP-nin özünün proqnozlarına baxsaq, onda 2023-cü ilədək neftin qiymətinin 50 dollar ətrafında satışı daha realdır”.

Alət çubuğuna keç