Güney ayaqlandı: Tehran ermənilərə açıq dəstəkdən çəkindi – GƏLİŞMƏ

Güney Azərbaycanda Dağlıq Qarabağda Ermənistan işğalına qarşı keçirilən hərbi əməliyyatlara dəstək aksiyaları keçirilir.

Təbriz, Urmiyə, Zəncan, Meşkinşəhr, Ərdəbil şəhərlərində keçirilən nümayişlərdə “Qarabağ bizimdir, bizim olacaq!” şüarı səsləndirilib. Təbrizdə etirazçılar Ermənistanın bayrağını yandırıb. Polis onlarla fəalı saxlayıb. Azərbaycanın işğal olunmuş əraziləri azad etmək üçün “Əks-həmlə” əməliyyatı keçirdiyi bir vaxtda Rusiya İran ərazisindən keçməklə Ermənistana çoxlu sayda tank, zirehli texnika və artilleriya sistemləri göndərib. Bununla da rəsmi Tehran baş verən döyüşlərdə faktiki olaraq, Ermənistanın yanında yer aldığını nümayiş etdirib. Hətta İsveçrə Geopolitika Mərkəzinin hesabatında İranın Azərbaycanla sərhəddə xeyli sayda qoşun və 60 ədəd “T-72” yığdığı bildirilir.

Adıçəkilən mənbə qeyd edir ki, Azərbaycan müharibədə qalib gələcəyi təqdirdə, İranın hərbi müdaxiləsi ilə qarşılaşa bilər. Lakin Güney Azərbaycan türklərinin kütləvi ayağa qalxması İranı ermənipərəst mövqeyindən çəkindirmək üçün ciddi amil ola bilər. Artıq İran rejiminin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü sözdə də olsa dəstəkləmək məcburiyyətində qalıb. İranın ali lideri Ayətullah Seyid Əli Xamneyinin köməkçisi Seyid Həsən Amili Qarabağın işğaldan azad edilməli olduğunu deyib. Oxşar bəyanatla Höcətülislam Ocaqnejad da çıxış edib.

“Orta Doğu” Strateji və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirdi ki, İran hakimiyyəti Azərbaycanın hərbi əməliyyatına ikiüzlü yanaşır.

“İran Dağlıq Qarabağdakı hərbi əməliyyatına münasibətini təhlil etməzdən öncə rəsmi Tehranın bir qədər əvvəl tutduğu mövqeyə nəzər salmaq lazımdır. Bu hadisələrdən əvvəl Rusiyanın İranın vasitəsilə Ermənistana hərbi texnika və silah ötürdüyünə dair məlumat yayıldı. İran isə bunu təkzib etdi. Xudafərin su anbarından və oradakı elektrik stansiyasından Dağlıq Qarabağdakı separatçıların istifadə etməsinə dair məlumat yayıldı və rəsmi Tehran bunu da təkzib etdi. Sonra Ermənistan vasitəsilə Dağlıq Qarabağa yanacaq daşınması barədə xəbərlər meydana çıxdı, İran onu da danmağa çalışdı. Son hadisələr zamanı İrandan Rusiya silahlarının və tanklarının Ermənistana daşınmasına dair faktlar ortaya çıxdı. İran yenə də təkzib etməyə çalışdı. İran hakimiyyətinə bağlı kütləvi informasiya vasitələri Qarabağa suriyalı muzdluların gətirilməsi, Qarabağda dörd min nəfər türk hərbçinin döyüşməsi, Qarabağa on minlərlə vəhabinin yerləşdirilməsi ilə bağlı dezinformasiyalar yayıb. Yəni sentyabrın 27-ə qədər İran təbliğat maşını mümkün qədər Azərbaycanın əleyhinə çıxış edib. Sonrakı mərhələdə artıq Güney Azərbaycan türkləri baş verən hadisələrə öz münasibətini bildirməyə başladı. Həmin aksiyaların da iki məqsədi var. Birincisi, İran işğalçını müdafiə etməsin. İkincisi, Güney Azərbaycan türkləri Azərbaycan ordusunun Qarabağdakı hərbi əməliyyatlarını dəstəkləyir və “Qarabağ Azərbaycandır!” şüarını alqışlayır. İran hakimiyyətinin Ermənistana olan münasibəti ilə Güney Azərbaycan türklərinin Qarabağdakı proseslərə münasibəti 180 dərəcə fərqlidir. Halbuki, İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının bütün qətnamələrində Azərbaycan ərazilərinin işğal edilməsinə dair bütün sənədlərə imza atıb. Eləcə də İran Dağlıq Qarabağı və işğal olunmuş əraziləri Azərbaycanın müstəqil dövlət kimi sərhədləri daxilində tanıyıb. Ona görə də İranın Güney Azərbaycan türklərini həbs etməsi və onlara qarşı edilən təzyiqlər rejimin xofundan irəli gəlir. Tehran həmişə ölkədə baş verən aksiyalardan, çıxışlardan narahat olur. Çünki İran azad ölkə deyil. Bu tip çıxışların hakim rejimin dağılmasına səbəb ola biləcəyindən ehtiyatlanır. Halbuki, həmin aksiyalarda İran əleyhinə heç bir şüar səsləndirilməyib. “Qarabağ Azərbaycandır!” “Qarabağ bizimdir, bizim olacaq!” şüarları irəli sürülüb. Əgər kimsə “Fələstin ərəblərindir” şüarını səsləndirsə idi, İran onu həbs edərdimi? Təbii ki, yox. Sərhəddə ordu cəmləşməsi məsələsinə gəlincə, bu məsələ İran hakimiyyətinin Ermənistana hərbi texnika göndərməsini ört-basdır etmək məqsədi daşıyır. Guya “Əks-həmlə” əməliyyatı nəticəsində İrana qarşı hansısa bir təhlükə yarana bilər. Bunlar hamısı cəfəngiyyatdır. Amma Ermənistan guya Azərbaycana məxsus helikopteri vurduğunu və onun İran ərazisinə düşdüyü barədə xəbər yayanda rəsmi Tehran nə üçün təkzib etmir? Yəni İran istənilən məqamda Ermənistanı bütün vasitələrlə dəstəkləyir. İran Azərbaycanın “Əks-həmlə” əməliyyatına xoş niyyətlə deyil, ikiüzlü yanaşır”.

Ekspert qeyd etdi ki, həm Amilinin, həm də Ocaqnejadın açıqlaması Güney Azərbaycan türklərinin ayağa qalxmasının nəticəsidir. Xamneyi başda olmaqla İran rəhbərliyi reallıqdan çıxış etməyə başladı:

“Onlar gerçəkliyi etiraf etməyə başladılar. Pakistan, Türkiyə, Macarıstan qəti mövqe ortaya qoyduğu halda, İran bunu etmir. Amma Güney Azərbaycandakı hərəkətlənmə Xamneyini və onun dəstəsini bir qədər yumşaldıb”.

Alət çubuğuna keç