Dağlıq Qarabağ: Problemin “doğuluşu” – Münaqişə necə başladı, necə dərinləşdi

1920-ci il 28 apel işğalı zamanı Azərbaycan Cümhuriyyət Ordusunun böyük hissəsi Zəngəzur və Qarabağda erməni qiyamlarını yatırmaqla məşğul idi. Bu zaman bolşeviklərlə ermənilər arasında anlaşma olmuşdu ki, Bakıda hakimiyyət təhvil alınandan sonra, qiyamçı ermənilərin bir hissəsi Qarabağı Cümhuriyyət Ordusundan qalan bölüklərdən təmizləmə həyata keçirsin. Bunun qarşılığında isə Azərbaycanda bolşevik hakimiyyəti qurulan kimi, Qarabağın dağlıq hissəsi, Zəngəzur və Naxçıvan Ermənistan Sovet hökumətinə birləşdiriləcək. Əgər müqavimət güclü olarsa, bu yerlərdə ermənilərə siyasi muxtariyyət hüququ veriləcək.

Bakıda hökumət təhvil alındıqdan sonra inqilab komitələri Leninin istəyi ilə Azərbaycanda Sovet hakimiyyətinin dayaqlarını möhkəmləndirmək üçün erməni və rus əhalinin dəstəyini almalı idi. 1920-ci il may ayının 3-də bolşeviklər Qarabağ Qubernatorluğunun mərkəzi olan Şuşaya yürüş etdilər. Xosrov bəy Sultanov vəzifəsindən uzaqlaşdırıldı. Yerində qəza inqilab komitəsi yaradıldı. Komitənin rəhbərləri B.Vəliyev, Q.İbarhimov, S.Ambarsunyan və Şahnazarov idi.

Bolşeviklərlə birləşən erməni qiyamçıları hər gün “kəndləri bəy və xanlardan təmizləmək” bəhanəsi ilə Dağlıq Qarabağın kəndlərinə basqınlar etdilər. Xeyli ailə başçısını əks-inqilabçı adı ilə güllələyib, evləri yandırıb, qadın və uşaqları sürgün etdilər.

Üsyanlar

Bütün bu haqsızlıqlara dözməyən milli qüvvələr bir sıra şəhərlərdə üsyanlara qalxdılar. 1920-ci il 25-26 may tarixində Gəncədə milli qüvvələrin bolşeviklərə qarşı üsyanı başlandı. Üsyan məğlub olsa da, Qarabağda başanılacaq üsyanın təməli rolunu oynadı.

Türk generalı Nuri Paşa may ayının sonunda Yevlaxdan öz dəstəsi ilə birlikdə Qarabağdakı milli qüvvələrə qoşulmaq və Qarabağı inqilabçılardan təmizləmək üçün yola düşdü. Bu zaman milli qüvvələr 6 min nəfərdən ibarət idi. Bolşevik və erməni qiyamçı dəstələri isə 2 diviziya ordu ilə Qarabağ ətrafında cəmləşmişdilər. Burada polkovnik Zeynalovun rəhbərlik etdiyi milli qüvvələrlə birlikdə, hücuma keçən bolşevikləri ağır məğlubiyyətə uğratdılar. Şuşa şəhəri və ətrafı bolşeviklərdən təmizləndi.

Lakin XI orduya əlavə qüvvələr dəstəyə gəldikdən sonra, iyun ayının 10-da həlledici döyüş baş verdi. Nuri Paşanın üsyançıları geri çəkildilər. Şuşa və Xankəndi yenidən “qırmızı ordu” tərəfindən ələ keçirildi. 13 iyunda Q.G.Orconikidze Leninə göndərdiyi teleqramda bildirirdi: “Qarabağda qiyam ləğv edilmişdir. Türk Nuri Paşa və ordusu geri çəkildi”.

Erməni məskunlaşmaları

Bundan sonra Dağlıq Qarabağda yenə də dayağı olmayan bolşevik hökuməti 1920-ci il iyul-avqust aylarında Xankəndi və Şuşaya qeyri-azərbaycanlılardan təşkil olunan 80, daha sonra isə 120 nəfər rus və erməni nümayəndə heyəti göndərdi. Dağlıq Qarabağda ermənilərin sayını artırmaq üçün Ermənistadan əvvəlcə 350, daha sonra isə 500 erməni ailəsi köçürüldü. Onlar evlərindən qovulmuş azərbaycanlıların mülklərində yerləşdirildilər. 1921-ci ilə aid rəsmi sənədlərdə göstərilir ki, Xankəndidə məskunlaşan erməni əhaliyə 7229, Xocavənddə yerləşən ermənilərə 6378, Hadrutda 5950, Şuşada yerləşənlərə isə 1114 desyatin əkinə yararlı torpaq sahəsi ayrılmışdı.

1921-ci il iyul ayının 3-də Respublika ərazisində, eləcə də Dağlıq Qarabağ bölgəsində “Azad ticarət haqqında” qərar verildi. Xankəndi, Şuşa və Ağdərə tədarük rayonları elan edildi. 1921-ci ildən tətbiq edilən ərzaq sapalağı (zorakı ərzaq toplanması) isə Dağlıq Qarabağda əhalinin səbrini daşırdı. Bu fərmana görə kəndli ancaq öz illik ehtiyacı və toxumluq üçün məhsul saxlaya bilərdi. Qalan məhsullara hökumət tərəfindən əl qoyulurdu.

Qərara etiraz edən əhali dəstələrə bölünərək yeni üsyanlara hazırlaşırdı. Hər dəstədə 400-800 nəfər vardı. Onlara rəhbərliyi isə Xosrov bəy, Sultan bəy, Bəhmən bəy və Bəhlul əfəndi edirdilər. Həmin il başlayan üsyanlar təəssüf ki, nizami ordu qarşısında tab gətirə bilmədi. Üsyanda iştirak edən şəxslərin, qaçaqların ailələri repressiyalara məruz qaldı. Ailələrin böyük əksəriyyəti sürgün edildi.

Və problem…

1920-ci il 30 noyabr tarixində Azərbaycandan sonra Ermənistanda da Sovet hakimiyyətinin qurulması haqqında APK Mərkəzi Komitəsi Nəriman Nərimanovun da iştirakı ilə siyasi təşkilat bürolarının iştirakı ilə iclas keçirdi. Burada deklarasiya qəbul edildi və Ermənistan İnqilab Komitəsinin ünvanına təbrik məktubu ünvanlandı. Təbrikdə deyilirdi: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil. Naxçıvan və Zəngəzur Ermənistana keçir. Qarabağın yalnız dağlıq hissəsinin zəhmətkeşlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir”.

Həmin ilin dekabr ayında Ermənistan bolşevik hökuməti rəhbərliyi V.İ.Leninə məktub yazır. Onlar Bakıda qəbul olunmuş deklarasiyanı təhrif edərək, Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın rəsmən Ermənistan hökumətinin tərkibinə keçməsini elan edirlər. Bu münasibətlə Lenin və Stalinə Ermənistan zəhmətkeşlərinin xüsusi təşəkkürləri olduğu da vurğulanır. Cavab məktubunda Stalin də “mübahisəli ərazilər” adlandırdığı Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Ermənistana verilməsini elan edir və bunu alqışlayır.

1921-ci ildə Azərbaycanla Ermənistan SSRİ arasında sərhədin müəyyən olunması məsələsi bəzi narazılıqlar yaradır. Bu zaman İnqilab Komitəsi Dağlıq Qarabağın daha çox Azərbaycanla iqtisadi bağlılığının olduğunu əsas gətirərək, Azərbaycanın tərkibində müqəddəratının təyin edilməsini müzakirə edir. Orconikidzenin ermənilərin xeyrinə güc yolu ilə məsələni həll etmək istəməsi müəyyən etirazlar yaradır və iclas baş tutmur. Məsələ ilə bağlı Nərimanov Stalinə teleqram vurur. 1921-ci il iyul ayının 4-də RKP Mərkəzi Komitəsinin üzvü İ.Stalinin iştirakı ilə Qafqaz bürosunun üzvləri N.Nərimanov, S.Kirov, A.Myasnikov, A.Nazaretyan, M.Oraxineşvili və digərləri Dağlıq Qarabağ məsələsinin həllinə dair birgə iclas keçirirlər. Bu iclasda da ciddi fikir ayrılıqları ortaya çıxır və qərar səsə qoyulur.

Bu zaman çıxan nəticəyə görə, Dağlıq Qarabağın iqtisadi və digər komunikasiya bağlılığına görə Azərbaycanın tərkibində qalmasına N.Nərimanov, A.Nazaretyan və F.Maxaradze səs verirlər. Digərləri isə Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsini təklif edirdilər. Stalin daha bir səsvermə keçirir ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi arasında səsverməyə görə müqəddərat həll edilsin. Buna razı olanlar isə yenə N.Nərimanov və F.Maxaradze olur. Orconikidze isə təkidlə yalnız erməni əhali arasında sorğu keçirilməsinin təklifini Stalinə diktə edirdi.

Əsəblərini cilovlaya bilməyən N.Nərimanov ayağa qalxaraq bildirir ki, Dağlıq Qarabağ Azərbaycan xalqı üçün həssas yerdir: “Əgər bu ərazi Ermənistanın tərkibinə verilərsə, biz Qafqazda davamlı olaraq qan tökülməsinin əsasını qoymuş olacağıq. RKP MK bu məsələni bir dəfəlik həll etməlidir”.

Lakin Stalin bu məsələnin həllinin RKP MK-nın gündəliyinə çıxmasına mane olur. Səhəri gün – 5 iyun tarixində Stalinin sədrliyi ilə Qafqaz Plenumu növbəti dəfə toplanır. Bu zaman Stalin Orconikidzeyə və Nazaretyana Qarabağla bağlı təkliflərinə bir də baxmalarına dair göstəriş verir. Uzun müzakirədən sonra aşağıdakı qərar qəbul olunur:

1. Yuxarı və Aşağı Qarabağın iqtisadi və nəqliyyat əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağı Azərbaycan SSRİ-nin tərkibində saxlamaqla, Şuşa şəhəri mərkəz seçilməklə, buraya vilayət kimi muxtariyyət hüququ verilsin;

2. Azərbaycan KP Muxtariyyətin sərhədlərini müəyyən etsin və bunu RKP-ya göndərsin. Əgər şərtlər uğun olarsa, sərhədlər təsdiq edilsin.

Bu qərarın lehinə 4 nəfər səs verdi, 3 nəfər isə bitərəf qaldı. 1921-ci il 20 iyul tarixində AKP MK-nın siyasi təşkilat bürosu Dağlıq Qarabağ Muxtar Vilayətinin konstitutsiyasını hazırlamaq üçün Xalq Daxili İşlər Komissarlığı (XDK), Xalq Ədliyyə Komissarlığı (XƏK) və Xalq Xarici İşlər Komissarlığı (XXK) nümayəndələrinin iştirakı ilə komissiya yaratdı. Lakin bu qərar Qarabağ əhalisi arasında narazılıq yaratmışdı.

1921-ci ilin oktyabr ayında Şuşa, Cavanşir, Qubadlı və Qaryagin qəzalarının mərkəzi komitələrinin keçirdiyi birgə iclasda çıxış edənlər bildirdilər ki, Dağlıq Qarabağın Qarabağdan ayrılaraq ayrıca vilayət olmasına imkan verilməsin. Bu çıxışlara cavab olaraq AKP xəbərlərində “Qarabağ məsələsi” başlıqlı yazı yayımlandı. Yazıda deyilirdi ki, “Azərbaycanda “Qarabağ məsələsi” adlı problem yoxdur. Bu, bəzi rəhbərlərin əsassız uydurmasıdır”.

Lakin daxildə rəhbərlər arasında narazılıqlar səngimirdi. Ona görə muxtariyyət məsələsi uzanırdı. 1922-ci ildə SSRİ-nin yaranmasına hazırlıq gedən bir vaxtda Moskvada erməni rəhbərlərlə birlikdə Orconikidze, SSRİ tam yaranıb təsdiq edilənə kimi Dağlıq Qarabağın muxtariyyət məsələsinin yarımçıq qalmasından narahat olduqlarını bildirdilər. Onlar AKP Mərkəzi Komitəsinə muxtar vilayətin sərhədlərinin rəsmiləşdirilməsi və təsdiqi ilə bağlı RKP tərəfindən göstəriş verilməsini tələb etdilər. Moskvadan gələn göstərişlə, 1922-ci il 15 dekabr tarixində AKP MK iclas keçirdi. İclasda Dağlıq Qarabağ məsələsi sonuncu dəfə müzakirə edildi və 11 maddədən ibarət qərar qəbul edildi. Qərarın icrası əsas olan maddələri aşağıdakılar idi:

1. RKP Zaqafqaziya Diyar Komitəsinin qərarı üçün qəbul edilsin;

2. Azərbaycan SSRİ XKS yanında S.Kirov, Mirzabekyants və Karakozovdan ibarət tərkibdə Dağlıq Qarabağ işləri üzrə komissiya təsdiq edilsin;

3. Dağlıq Qarabağ işləri üzrə əlavə olaraq 7 nəfərdən ibarət komitə yaradılsın;

4. M.Karakozov sədr, 3 qəza icariyyə komitəsinin sədrindən ibarət üzv qəbul edilsin;

5. Komitəyə tapşırılsın ki, Dağlıq Qarabağ məsələsinin həllini qısa müddətdə təsdiq etsin.

Lakin erməni xisləti yenə də öz sözünü deyirdi. Bundan sonra Dağlıq Qarabağda idarələrdə kadr çatışmazlığı “problemi” yaranır. Bunun üçün Mirzoyan və Karakozov Ermənistan SSRİ-yə müraciət edərək Dağlıq Qarabağda işləmək üçün kadrlar göndərilməsini xahiş edirlər.

(Ardı var)

Müəllif: Şəhla Cabbarlı //ayna.az//

Alət çubuğuna keç