“Bizim əsgərlərdə həm qələbə ruhu, həm də kişilik, Polad Həşimovun əzmi var”

44 günlük zəfər tariximizin yazılmasında arxa cəbhədə vuruşanların da rolu az olmayıb. Onlar arasında ağ xalatlılar da olub.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti həkim-əsgər Aynurə Hidayətqızıdır. O, ailəlidir, 8 və 16 yaşlı iki oğul anası olan Aynurə xanım könüllü olaraq cəbhəyə yollananlardandır. Oktyabrın əvvəlindən əsgərlərə yardım üçün ailəsini, övladlarını Bakıda qoyaraq cəbhə xəttinə yollanıb, bir çox bölgələrimizdə ön cəbhədə xidmət edib və noyabrın 18-dək əsgərlərimizin yanında olub.

Həmsöhbətimiz cəbhə ilə bağlı təəssüratlarını bölüşərkən belə bir müharibənin olacağını gözlədiyini, bu səbəbdən də hələ 2010-cu ildə könüllü olaraq hərbi hissədə həkim-əsgər kimi qeydiyyata düşdüyünü deyib:

“Müharibənin başlandığını eşitdikdə çalışdığım özəl klinikanın rəhbərliyindən xahiş etdim ki, cəbhəyə getmək üçün mənə göndəriş versin. Rəhbərlik şücaətim, cəsarətimdən xəbərdar idi, dərhal razılıq verdi”.

Cəbhədə döyüşən əsgərlərə bacı olan Aynurə xanım atışmaların qızğın getdiyi vaxtlarda cəbhədəki ruh yüksəkliyindən danışarkən deyib:

“Atışma gedən vaxtda əsgərlərimiz milli mahnılarımızı oxuyur, sevinclə döyüşlərə qatılırdılar. Onlar ermənilərin hər atəşini lağa qoyub gülürdülər. Orada elə bir ruh yüksəkliyi var idi ki, sağlamlığımızda hər hansı problemin olub-olmadığını belə hiss etmirdik, gümrah idik. Yaralı əsgərlərimiz belə sağalaraq tez döyüş meydanına qayıtmağa can atırdılar. Hətta bir yaralı var idi, məndən xahiş edirdi ki, zədələri ilə bağlı hansısa məlumatı qeyd etməyim, o, tezliklə döyüş bölgəsinə geri dönə bilsin. O əsgərlə söhbətdən çox təsirlənmişdim, hətta bununla bağlı şeir də yazdım”.
Aynurə xanım deyir ki, bu müharibədə yaralı əsgərin zədəsi özündən daha yüngül olan iki yaralı qardaşını çiyinlərində daşıdığının şahidi olub.

“Bizim əsgərlərdə həm qələbə ruhu, həm də kişilik, Polad Həşimovun əzmi var. Polad Həşimovun tələbəsi olmayanlar belə deyirdilər ki, biz onun yolunu davam etdirəcəyik, Ali Baş Komandanın əmrindəyik. Bizim orada prezidentin çıxışını dinləmək imkanımız olmasa da, məlumatları əldə etdikcə, böyük ruh, zövq alırdıq. Uşaqlar sevinirdilər ki, dayan yox, irəli əmri verilir”, – həmsöhbətimiz deyir.

Həkim-əsgərin sözlərinə görə, orada lazım olan hər bir avadanlıqla təmin olunsalar da, sadə vətəndaşlar da əsgərlər üçün lazım olan hər şeyi göndərirdilər: “Əməliyyat olunduğum üçün oktyabrda Bakıya qayıdıb bir neçə gün sonra yenidən cəbhəyə geri döndüm. Geri dönməzdən öncə şəxsi vəsaitim hesabına iki maşına lazım olan hər şeyi doldurub cəbhəyə yolladım”.

Həkim yaralanaraq şəhid olan əsgərimizlə bağlı bir acı xatirəni də paylaşır:

“Xəstə yaralılarım arasında şəhid olanlar da oldu. Onlardan biri var idi, boynundan adı asılmışdı, çoxlu qan itirdiyindən əsirdi. Bərk-bərk boynundakını əli ilə tutub gözlərindən yaş axa-axa mənə işarə etdi. Danışa bilmirdi, sadəcə, başa salmaq istəyirdi ki, nəsə olsa, məni ünvanıma çatdırın. Həmin yaralı sonradan dünyasını dəyişdi”.
Həkim qələbə xəbərini alanda nə “ura” deyə qışqırıb, nə də qol qaldırıb oynayıb: “Çünki şəhid analarından utanıram. Mən onların anasını tapıb üzlərinə baxa bilməyəcək dərəcədə utanıram. “Əsir qadın” şeirini mən o qadınların dili ilə yazmışam, onları hiss edib yazmışam. Qarabağda doğulmamışam, amma mən ora Qarabağın qisası ilə getmişəm. Orada əsgərlər otu, gülü yerdən dərib mənə hədiyyə olaraq verirdilər, deyirdilər ki, bunu bizdən hədiyyə olaraq qəbul edin. Qarabağın hər daşı, torpağı mənə əzizdir”.

Aynurə xanım deyir ki, hər şey qaydasına düşdükdən sonra təkliyə çəkilib hönkürtü ilə ağlayıb ürəyini boşaldacaq:

“Bəlkə də atamın qəbrinə çəkilib ağlayacağam. Atam martda dünyasını dəyişib, o vaxtdan bəri içimi boşaldıb hönkürtü ilə ağlaya bilməmişəm. Atam Daxili İşlər Nazirliyinin işçisi olub, vəzifəli şəxs idi. Məni uşaqlıqdan sadə, gözütox böyüdüb. İki ay ağır xəstə oldu, mən onu saxlaya bilmədim. O, gözləri ilə belə məndən kömək istəyirdi, deyirdi ki, necə həkimsən, məni sağalda bilmirsən. Qarabağa gedəndə içimdəki hönkürtünü əsgərimə yardımla sakitləşdirdim. Adətən orada çox da uşaqlarımla əlaqə saxlamırdım, çalışırdım çox danışmayım. Xüsusən də kiçik oğlum danışanda tez kövrəlirdi. Son günlərdə onunla danışanda çox kövrəlmişdim, yanımdakı qız da deyirdi ki, sən əvvəlki adam deyilsən. Balacam çox həssasdır və tez özünə qapana bilir. Belə olanda başlayır tez-tez əllərini yumağa. Geri dönəndə gördüm ki, oğlumun əllərinin üzü qabıq bağlayıb. O, mənsiz həmişə yarımçıq olur. Bir də görürsən ki, gecələr də yanıma gəlib, mənə qısılıb yatır”.

Həkim deyir ki, yalnız müharibənin son günlərində sanki birdən ayılıb. Düşünüb ki, nələr edib, haradadır?

“Bilirsiniz, buna nə yuxu, nə də gerçək demək olmur. Hələ indiyəcən də çaşqınlıq içindəyəm ki, yəni mən bunları yaşamışam? Möhkəm olmaq yaxşı şeydir, amma insana əziyyət verir, mən hələ də arxaya baxmaq istəmirəm”, – deyə həmsöhbətimiz əlavə edib.

Alət çubuğuna keç