Əhalinin böyük əksəriyyəti virusa yoluxub: – “Artıq biz kollektiv immunitetə doğru gedirik”

Bu ilin əvvələrindən etibarən ölkəmizdə COVİD-19 virusuna qarşı peyvəndlənmə başlayacaq.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində qeyd etmişdi.

Bəs vaksinləşmə başladıqdan sonra karantin rejimi hələ də davam edəcəkmi?

Bu barədə Cebhe.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, vaksinləşmə başlayandan sonra da karantin rejimi davam etməlidir:

“Vaksinləşmə başlayandan sonra da karantin rejimi davam edəcək. Çünki karantin rejimi yoluxma potensialını aşağı salmaq, yoluxma zəncirini qırmaq üçün həyata keçirilən tədbirlər sistemidir. Vaksinləşmə də bu istiqamətdə aparılan bir tədbir sistemidir. Ona görə də bunlar paralel gedirlər. Təbii ki, yoluxma sayı çox aşağı düşsə karantin rejimi nisbətən yumşaldılacaq. Vaksinasiyaya gəldikdə isə ilk olaraq risk qrupuna aid olan şəxslərə, 2-ci xəstəlik keçirməyən şəxslərə aparılacaq. Bununla da xəstəlik keçirən və vaksinasiya olunan insanlar, yəni əhalinin 70 faizi immunitet qazansa, bu, artıq kütləvi immunitetin yaranması deməkdir”.

Professor həmçinin onu da qeyd edir ki, vaksinasiyanın aparılması ilə pandemiya bitməyəcək. Ona görə də karantin davranışlarına əməl etmək, məsafə, maska, əllərin dezinfeksiya edilməsi hər zaman şərt olaraq qalmalıdır:

“Düşünürəm ki, peyvəndlənmə düzgün aparılsa və peyvənd əlavə paradoksal reaksiyalar verməsə, yəqin ki, biz bu pandemiyadan uğurla çıxacağıq. Artıq yoluxma saylarında enmə potensialı var, bu, o deməkdir ki, əhalinin böyük əksəriyyəti xəstəliyə yoluxub və artıq biz kollektiv immunitetə doğru gedirik. Yəqin ki, vaksinasiya da buna bir az kömək edəcək və bu məsələ yaxın aylarda həllini tapacaq”.

Alət çubuğuna keç