ƏƏSMN -in ac qoyduğu pensiyaçılar aclıq aksiyası keçirəcəklər – ÇƏKİŞMƏ…

 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) başlıca görəvi, adından göründüyü kimi, əhalinin məşğulluğunun və sosial müdafiəsinin həyata keçirilməsidir. Nazirliyin yanındakı Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə əsasən pensiyaların pensiyaçılara vaxtlı-vaxtında çatdırmaqla dövlətin sosial müdafiə siyasətində mühüm rol oynayır. Di gəl, son çağlar əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi yerinə, zəifləməsi üzə çıxır ki, bunun da başlıca səbəbi məmur özbaşınalığıdır”. Bu barədə DİA.AZ-a göndərilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra bildirilir: “Yəni, istənilən məmur qanun-qaydanı, Konstitusiyanı cibinə uyğun izah və tətbiq edərək, vətəndaşların üzərinə qanuna zidd öhdəliklər qoyur və istəyinə nail olmaq üçün hətta məhkəmə qərarını belə özünün daxili qərarı, şifahi göstərişi ilə “qüvvədən salırlar” (??) Tələbkar pensiyaçı borclu ƏƏSMN -in sıradan məmurunun özbaşınalığı ilə “borclu” çıxarılır. Dəhşət burasındadır ki, polis, prokurorluq, ədliyyə-məhkəmə orqanları , insan hüquqlarının qorunması sahəsində “ixtisaslaşan” hökumət və qeyri-hökumət təşkilatları da bu açıq-aşkar korrupsiya özbaşınalığına nəinki son qoyurlar, ümumiyyətlə, qarışmırlar. Axı, hamısının ƏƏSMN -ə işi düşür, sabah özünə, hansısa qohumuna yüksək pensiya hansısa güzəşt, mənzil və sairə istəməli olacaqlar? Bircə ölkənin birinci şəxsləri qalır ki, onlara edilən müraciətləri də elə vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri it-bata salır. Təbii ki, bu “it-batın” da öz “sosial haqqı” var!

Nə isə, mövzudan uzaqlaşmayaq. 3-cü ildir düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasının 50 faizini DSMF yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsi başqasına (dələduz “Rəvan” sığorta şirkətinə) ödəyir və 3-cü ildir nə məhkəmə -hüquq orqanları , nə də Hesablama Palatası pensiyanın təyinatı üzrə ödənməməsinə görə tədbir görür. 5-ci ildir dövlətin adından çıxarılan Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarını borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi ) icra etməkdən imtina edir ki, sosial məmurun qərarı məhkəmədən də, Konstitusiyadan da üstündür! (?) Polisi, prokurorluğu ənənəvi yoxlama ilə özbaşınalığa nəzarət edir, Hesablama Palatası da dövlətin mənzil alınmasına ayırdığı vəsaitin təyinatı üzrə xərclənməməsinə görə hesabat tələb etmir! (?) 3-cü aydır güzəştli şərtlərlə pensiyaçılara ( Yaşar Əliş oğlu Nəzərov, Tofiq Yolçu oğlu Sadıqov və başqaları ) 5-ci ildir məhkəmə qərarı ilə ödənilən pensiyalar borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin özü tərəfindən dayandırılıb ki, “şübhəli hallar” müəyyən edilib, “şübhələr təsdiqini tapmasa, pensiya bərpa ediləcək” . Vaqif Səmədoğlunun Moşusu demiş, dövlətin məhkəməsini, konstitusiyasını şübhə altına alan ƏƏSMN məmurlarının şübhəli yoxlamalarına polis, prokurorluq orqanları, Hesablama Palatası susur.

Yeni il COVİD -19 pandemiyasının qadağası ilə qapının ağzını kəsib. Qazi, şəhid, məcburi köçkün ailələrinin pensiyaları isə özbaşınalıqla dayandırılıb. 3 aydır ac qalan Cəbrayıldan məcburi köçkün neyləməlidir? “Qılınca çapmaqdan” başqa yol qalırmı? Elə bu səbəbdən pensiyalarından məhrum edilən pensiyaçılar PA -nın qarşısında aclıq aksiyası keçirmək üçün müraciət ediblər. Aclıq aclıqdır, ölümdür, ya çörəkdən, ya qılıncdan.

Qarabağ qaziləri

Xaliq Abbaszadə

Elçin İbrahimov

Güloğlan Süleymanov

Mehdi Kərimov və başqaları”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Alət çubuğuna keç